Çayxanalarda ölən Azərbaycan kişisi

Çayxanalarda ölən Azərbaycan kişisi
5 avqust 2024
# 12:00

Kulis.az İlham Əzizin "Çayxana" adlı yeni yazısını təqdim edir.


Azərbaycan kişisinin bəlasının kökünü tapmışam.

Dünən axşamüstü yeni açılan Nərimanov parkında xeyli var-gəl etdim. Millətin kişiləri hamısı çayxanadadı; çay içən, pivə içən, domino çırpan…

Birinci özümdən soruşdum: görən, başqa hansı ölkədə bu mədəniyyət var?

Sonra Almaniyada yaşayan dostumdan soruşdum, qardaş, oralardakı kişilər səhərə kimi harda otururlar? Dedi ki, saat 21:00-dan sonra burda həyat dayanır, hamı ev-eşiyinə çəkilir. Cümə və şənbə günləri kluba gedirlər, amma ta səhərəcən, burunları yerə dəyənə kimi içmirlər.

Bizimkilər dəhşətdi! On minlərlə kişi həftənin bütün günləri, yay-qış çayxanalardadı. Məncə, çayxana həm də ailə münasibətlərinin düşmənidi. Kişi işdən gəlir, bir tikə olandan-olmazdan yeyib, qaçır çayxanaya.

Bəs ər-arvad nə vaxt söhbət edirlər? Nə vaxt plan qururlar? Nə vaxt sevirlər, romantik akt-zad nə vaxt baş tutur?

Çayçıdan gecə saat birdə gələn kişi arvadla nə danışacaq? Nə həll edəcək?
Qadın da əgər ərini görsə, görə bilsə, neynəsin... bütün problemləri sadalayır, danışır, sual verir və olur çoxdanışan.
Qadın ki çox danışır... bu səfər də yarımçıq birgəlik, natamam birgəyaşayış kor döngəyə dirənir. Kişi əvvəl saat birdə gəlirdisə, "çoxdanışan" arvadın "dırdırına" görə vaxtı uzadır. Saat olur üç, dörd... Sonra qadın lap çox danışır, deyinir, suallar verir... Sonrası da bəllidi də...

Çayxana həm də pis tərbiyə edir.
Nə imiş? Çayxanaya gəlməyən kişi arvaddan qorxurmuş.
Beləcə, çayxanaya gəlməyən kişilərə lağ edirlər, adlarına vedrə bağlayırlar.
“Arvad qələt edir, mən istəsəm, heç evə getmərəm, gör mənə söz deyə bilər? Başın əzərəm”, “Nə danışırsan, o mənə zəng eləyə bilər?"

Ev-eşik yansın, dağılsın, buna zəng eləmək olmazmış! Bəs nə? Kişi döyüşdədi... 8 saatdı çayxanada oturub.

Mən çayxanalarda vaxt öldürən adamların uğur qazanacağına qəti inanmıram. Ömrünün ən gözəl çağlarını çay içməklə ötürən məxluq nə fayda verə bilər? Heç nə!

Xatırlayırsınız da, bir zamanlar siyasi məsələlər çayxanalarda müzakirə edilirdi. O müzakirələr əsnasında siyasi lider-zad "düzəltmişdilər". Nəticə? Həmin düzəltmə liderlər elə çayxanalara da gömüldülər.
Üstəlik, çayxana stollarında təkcə altıqoşalar ölmür... Həm də uşaqlar ölür... gələcəyimiz ölür... Ata-övlad münasibətləri ölür... Bəs nə?
Övladına vaxt ayırmayan, onunla danışmayan, dərdləşməyən, onun suallarına cavab verməyən ata potensial dominoçırpan yetişdirir...

...qeybət, çeynənmiş lətifələr, ölü əhvalatlar... Ucuz çaydan içib ağzını açır... məsuliyyət yox, ədəb yox, ərkan yox! Siqaret-çay, siqaret-çay... Təfəkkürən küllənən bu qövm, həm də külqabı iylənir! Zahiri-daxili mənalar eyniləşir.

Çayxana qripdən betərdi, tutdu səni, buraxmaz. Getdinsə, gedəcəksən!
Arada fikirləşirəm ki, yəqin, bu mərəzi bizə yoluxdurublar.
Zamanla çayxana yaşı da cavanlaşır.
O vaxt çayxanalara yaşlı, təqaüdçü, funksionallığını itirmiş kişilər gedirdilərsə, indi yaş senzi 16-17-yə enib. Bu, fəlakətdi.

Çayxanada o qədər qara çay içir ki, içi-içalatı qaralır, işığı sönür.

Hələ ordakı dava-şavalar, “yaxşı oğlan-pis oğlan” söhbətləri, çaydanın lüləsinin istiqaməti barədə müzakirələr...
Elit kafelərdə kriminal söhbətlər getmir, belə söhbətlərin məskəni cındırından cin hürkən çayxanalardı.

Heç görümüsüz, çayxanada şahmat oynasınlar? Görməzsiz, çünki ora düşünmək yeri deyil.
Tutalım, gəlmisən çayxanaya, xoş gəlmisən, iç çayını, çıx get də.
Yoxsa nə məcburdu axı 50 stəkan çay içəsən... Harana içirsən bu zəhəri, ay zalım, bu nə zülümdü, bu nə sarsaqlıqdı?

Harda bir qırıq yaşıllıq var, tez-bazar çayxanaya çevrilir. Domino daşlarının şaqqaşaraqı, boş-boş söhbətlərin qoxusu... qadınlar da ar-abır eləyirlər, o həndəvərdən keçə bilmirlər, beləcə, yollarını uzadırlar.

Milyard yarımlıq Çində çayxana yoxdu e... Ölürlər? 160 milyonluq Rusiyada yoxdu, 330 milyonluq ABŞ-də yoxdu, bir bizdə var, bir orta Asiyada, bir də İranda, bərəkallah!

Çayxana kişilərin qəbiristanlığıdır!

Çayxana azərbaycanlı kişinin virusu, pandemiyasıdır!

Süni intellekt dil açıb danışır, biz çayxanada küllənirik...

Kütləvi "oturmaq", çoxlu dost qazanmaq təlabatı necə formalaşıb? Mənim qənaətimcə, bu məsələnin ciddi səbəbləri var.

Birinci, İslamdı.
Allah “Quran”da insanı faili-muxtar yaratdığını deyir. Bizsə faili-muxtar olmağı anlaya bilmədik. Daha doğrusu, bunu bizə doğru-düzgün anlatmadılar. İnandıq ki, hər şeyi Allah edəcək... və bizə qarşı edilən haqsızlıqları “Qiyamət”ə həvalə elədik. Ona görə fərd ola bilmədik. Təklik ağır gəldi.

İkincisi, sovetdən qanımıza keçən “kollektivləşmə” prosesi.
Sovet də bizə fərd olmağı öyrətmədi. Öyrətdi ki, “bir nəfər hamı üçün, hamı bir nəfər üçün”.

Üçüncü rişə də... Dövlət vətəndaşı təmin etməlidir... Ki, o adam-adam, masa-masa gəzməsin...
Bizə ona görə çoxlu dost lazımdır ki, işimizi aşıra bilək, borc almağa yerimiz olsun, qanunla həll edə bilmədiyimiz məsələləri dostluqla həll edək...

Nəhayət, çayxanalara yığışırıq və bədbəxt oluruq, bədbəxt edirik... həm maddi, həm də mənəvi müstəvidə qısırlaşırıq... İstər siyasi-iqtisadi, sosial-ictimai məsələlər olsun, istər, elmi-texniki, istər yaradıcı müstəvidə...

Məncə, bizi dünyadan min ağac geri salan illətin bir adı da “Çayxana”dı!

# 2792 dəfə oxunub

Oxşar xəbərlər

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
Məşhur aktyor biznes qurur

Məşhur aktyor biznes qurur

10:00 11 dekabr 2024
"Kuruluş Osman"da daha yeni aktyor

"Kuruluş Osman"da daha yeni aktyor

09:30 11 dekabr 2024
"Səni qəbul etməmişik belə edirsən, etsək, necə olacaq? - Bir ildə üç övladını itirən atanın oğlu

"Səni qəbul etməmişik belə edirsən, etsək, necə olacaq? - Bir ildə üç övladını itirən atanın oğlu

21:00 10 dekabr 2024
# # #