Bütün yollar kəndə aparır - Reportaj

Bütün yollar kəndə aparır - Reportaj
1 dekabr 2023
# 10:41

Kulis.az Ülvi Bahadırın "Kəndimizə gedən yol" mobil film müsabiqəsinin mükafatlandırma mərasimindən hazırladığı reportajı təqdim edir.

Küləyin ağacları kökündən çıxartdığı günlərdən biri...

Elmlərdə - Libraffın qabağındayıq.

Əcəl bizi girləyir.

Ulucay, "APA Sport"un baş redaktoru Rasim Sultanzadə, "APA"nın hüquqşünası Şamil Paşayev və bəndəniz - içəri keçirik.

Tək-tük adam gözə dəyir. İlk rastıma çıxan şair Tural Turan olur. Görüşürük. Həmişəki kimi çiynində çanta var.

Kinoşünas Aygün Aslanlı rejissor Fehruz Şamıyevlə müzakirə eləyir.

Alıcılar əllərindən gələni eləyirlər ki, kameraya düşməsinlər. Biri kitab ilə üzünü tutur. Tez-tez də kitabın yuxarısından gözucu baxır ki, çəkib qurtardılar ya yox.

Uzaqlardan Ömər Xəyyam ağ köynəkdə zühur eləyir. Saqqalını sığallaya-sığallaya bizə yaxınlaşır. Xeyli yorğun və yuxuludur:

- İnanırsan, bir az əvvəl durmuşam? - bığaltı gülür.

İrəlidə nərmə-nazik bir qız lap yuxarı rəfdəki kitabı götürərkən zəncirvarı qəza baş verir – rəfdəki kitablar dağılır. Ürkək-ürkək ətrafına baxıb asta-asta kitabları yığmağa başlayır. Sağ olsun yurdumun mərd oğulları, xanım əfəndini tək buraxmır.

Elə fikrimin yüyənini təzəcə ələ alırdım, baxdım ki, budu haa, Aygün Aslanlı Ömərin ssenari müəllifi olduğu filmlərdən birini yıxıb-sürüyür. Təxminən deyir ki, bunu hansı ağılla festivala göndərmisiniz? Ömər də and-aman eləyir ki, bəs rejissor kəsib-doğrayıb filmi.

Adamlar yavaş-yavaş yığışmağa başlayır.

Cəlil Cavanşirlə Fuad Cəfərov asta-asta yaxınlaşırlar. Görüşüb bir kənara çəkilirlər.

Hər zamankı kimi bütün yerlər tutulub. Ayaqüstdəkilər də oturanların ətrafında xonçalanır.

Rejissor Ruslan Mollayev qəflətən rəflərin arasından çıxır. Ayaq üstə dayandığımı görüb müxtəlif variantlar təklif eləyir. Reportaja gəldiyimi deyib hal-əhval tuturam.

Hə, reportaja gələndə oturmaq olmur. Daha doğrusu, mən otura bilmirəm. Elə bilirəm ki, nəyisə qaçırmışam. Ona görə daima ayaq üstə, hərəkətdə oluram.

Arabir kitabları vərəqləyirəm. Vallah, xeyli kitab var. Çeşid-çeşid. Bahalısı da var, ucuzu da. Ən azından, ayda 1-2 kitab alsaq, müflis olmarıq. Ancaq görürəm ki, mağazalarda adamlar təkəmseyrək olur. Sevirik öz səhvlərimizi başqalarının boynuna qoymağı. Ancaq hara qədər? Nə vaxtacan?

Elə bu sərgərdan xəyallarda ikən, nəhayət, mərasimimiz başlayır.

Aparıcımızın təqdimatı ilə APA TV-nin baş direktoru Orxan Məmmədli səhnəyə çıxır:

“Belə bir deyim var; bütün yollar Romaya aparır. Mən də deyirəm ki, bütün yollar kəndimizə aparır; həm doğma kəndimizə, həm də özümüzə”.

O, həmçinin layihəyə necə başlamasından da danışır:

“Mobil telefonla çəkilən materiallarda onsuz da müəyyən mənada film adına nəsə olur. Sadəcə, onu doğru yönləndirmək və doğru şəkildə görmək lazımdır. Biz də düşündük ki, belə bir müsabiqəni ərsəyə gətirmək lazımdır”.

Daha sonra APA-nın baş redaktoru Nurşən Quliyev çıxış elədi. O, insanları müasir dövrdə mobilləşmə ilə bağlı məlumatlandırdı və layihənin bu istiqamətdə verdiyi töhfədən söz açdı:

"Ölkəmizin görülməmiş, gəzilməmiş yerlərinin üzə çıxarılması, özünəməxsusluğunun göstərilməsi üçün bu müsabiqə lazımlı bir layihədir. Onun əsas faydalı tərəflərindən biri turizm sahəsinin media ilə əməkdaşlığının artırılması, yeni layihələrə yol açılmasıdır. Arzu edək ki, bu cür müsabiqələr tendensiya halını alsın, davamlı olsun".

Tez-tez Sərxan Rüstəmov gözə dəyir, sonra yox olur.

Sonra münsiflər heyətinin üzvü, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, kinorejissor Əli İsa Cabbarova söz verildi:

"Vətənə nə zamansa mobil telefonun gözü ilə baxmaq lazımdır. Buna ehtiyac var. Bəzəkli görüntüləri onsuz da televizorda görürük. Dediyim kimi, davamlı olsun və gələn dəfələrdə AKİ olaraq layihəyə hər cür dəstək verməyə hazırıq".

İlk 20-liyə düşən filmlərdən hissələr nümayiş olunmağa başlayır.

Mağazanın tən ortasında dar bənövşəyi şalvar, dəxlisizcə qırmızı kofta geyinmiş sarışın bir qadın narazı nəzərlərlə filmlərdən hissələrə baxır. Video bitəndən sonra satıcını saldı çənəsinin altına:

"Alıblar əllərinə kameranı, sağa-sola sallayıblar. Nə var burda? Mənim oğlum bunlardan yaxşısını çəkir telefonuynan..."

Söhbətə qulaq kəsilən arıq, rəngi-ruhu ağarmış bir oğlan əlindəki kitabın qiymətini soruşmadan kitabı astaca yerinə qoyub mağazadan çıxır.

Nəhayət, qaliblərin adları açıqlanmağa başlayır.

Sosial mediada onlayn səsvermənin qalibi "Kəndimizə gedən yol" filmi ilə Sərvər Abdullayev, üçüncü yeri “Tut yolu” filmi ilə Elvin Məcidli və Dilavər Manafov, ikinci yeri "Kəndimizə gedən yol - Qələbin" filmi ilə Xəyal İsgəndərov və "Bal yolu" filmi ilə Orxan Sadıqov, birinci yeri isə "Bir dəfə Nicdə" filmi ilə Ömər Xəyyam qazanır.

Qaliblər elan olunduqdan sonra bir-bir TV-lərə müsahibələr verməyə başlayırlar.

Röyal Musa oxumağa başlayır.

Qıraqdan bir nəfərin cümləsini göydə tuturam:

- Yaxşı fit çalmağı var.

Hərə əlində bir kofe stəkanı ilə mağazanı dolaşır.

Yenə Turalla qarşılaşıram:

- O, acı olur haa, Tural.

- İçinə şəkər qatmışam.

Kofedən bir qurtum alıb üzünü turşudur:

- Ə bu zəhərdı ki...

Qəflətən qulağımıza piano səsi gəlir. Akif İslamzadənin ölümsüzləşdirdiyi “Neyləyim?” mahnısı.

Birdən ifa yarıda kəsilir.

Orxan Məmmədli piano arxasına keçərək təzədən ifa eləməyə başlayır. Dinləyicilərin əhvalından hiss olunur ki, ifa onları çox pis “tutub”.

İnsanlar musiqi sədaları altında öpüşüb-görüşüb dağılışmağa başlayırlar.

Mən də yan rəfdəki Dostoyevskiyə göz vurub mağazadan çıxıb küləyə qarışıram.

# 3847 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #