Buna başqa kimin haqqı və gücü çatıb?! - Rəşad Məcid

Buna başqa kimin haqqı və gücü çatıb?! - Rəşad Məcid
23 oktyabr 2023
# 12:50

Kulis.az Rəşad Məcidin yazısını təqdim edir.

Əsgəran qalası üzərində belə qürurla dayanmaq, belə şəstlə gəzmək başqa kimə müyəssər olub ki?!

Buna başqa kimin haqqı və gücü çatıb?!

Yuxuları beləcə gerçəyə çevirməyi başqa kim bacarıb?!

Həmişə təmkini ilə seçilən Müzəffər Ali Baş Komandanın kövrəlməyinə iki dəfə şahid olmuşuq: 2021-ci ilin mayında Şuşada - Xarıbülbül festivalında və bu il oktyabrın 17-də Füzuliyə qayıdan sakinlərlə söhbətində. Bu, həm də qalibiyyət sevincindən doğan göz yaşlarıydı.

Əsgəran qalası üzərindəki məğrur duruş isə dünyaya, erməni faşizminə, 200 illik işğalçı siyasətə meydan oxumaq, xalqın tam bərpa olunan özgüvənini, ləyaqət hissini parlaq təcəssümlə nümayiş etdirmək idi...

Qarabağa erməni köçü başlayandan onlar ölçüb-biçib Əsgəranda məskunlaşmaqla bu qalanı sipərə çeviriblər. Aran Qarabağın əhalisi önündə möhkəm sədd yaradıblar. Xocalını, Şuşanı mühasirədə, girov kimi saxlamaq üçün bu qalanın ətrafında yuva salıblar. Əsgəran qalası çətin sədd olub.

Cümhuriyyət dövründə Azərbaycan Ordusunun asi ermənilərə qarşı Əsgəran döyüşü barədə tarixi və bədii əsərlərimizdə bilgilər var. 1920-ci ilin aprelində Cümhuriyyət Ordusu general-mayor Həbib bəy Səlimovun komandanlığı altında Əsgəranı və Xocalını erməni quldurlardan çətinliklə azad edərək Şuşaya yol aça bilmişdi.

1988-ci ilin fevralında Qarabağ münaqişəsinin ilk şəhidləri Əli və Bəxtiyar da Əsgəran yaxınlığında qətlə yetirildilər. 90-cı illərin əvvəllərində də "Əsgəranın azad edilməsi Xocalının xilası olacaq" düşüncəsi və arzusu geniş yayılmışdı. Amma o zaman bu, mümkün olmadı və sonrakı ağır faciələrimizə gətirib çıxardı.

Britaniyalı rejissor Karan Sinqhin "Oğul" filminin qəhrəmanı, Birinci Qarabağ müharibəsinin əfsanəvi döyüşçülərindən olan Natiq Qasımov Əsgəran yaxınlığındakı məbəddə düşmənlə 5 gün təkbaşına mübarizə aparıb. Pirlər kəndi yaxınlığındakı o Alban məbədinə "kilsə" demək də, əslində, düzgün deyil. Qarabağın azərbaycanlı əhalisi, yəqin ki, qədim və dərin inanca görə, Alban məbədlərinə pir kimi baxıb. Laçındakı Ağoğlan məbədinə azərbaycanlıların qurban aparmalarının, məbəddə qurban kəsmələrinin şahidiyəm. Ermənilərin Alban məbədlərini öz kilsələrinə çevirmək istəyi, bu yöndəki çirkin və fəndgir əməlləri kimsəyə sirr deyil. Pirlər adı da, sözsüz ki, həmin kəndə məhz o məbədə görə verilib. Düşünürəm ki, azad Qarabağda tezliklə həyata keçirilməli işlərdən biri də yenilməz ruhlu Natiq Qasımovun 1992-ci ilin qışında günlərlə mühasirədə qalıb düşmənlə vuruşduğu o məbədi təmir edib muzeyə çevirmək olacaq. Ziyarətə gələnlər məbəd-muzeyin içərisində "Oğul" filminə baxa və divarlarda o məşum hadisəni əks etdirən şəkilləri görə biləcəklər.

Qarabağ hökmdarı İbrahim xanın məhz erməni fitvası və hiyləsi nəticəsində ailəsi ilə birgə qətlə yetirildiyi məkan da müəyyənləşdirilib oraya yaddaş lövhəsi qoyulacaq. Bir vaxt Əsgəran döyüşündə həlak olmuş Cümhuriyyət əsgərlərinin də uyğun yerdə xatirə lövhəsi olacaq. Bu ağrılı tarixçələri, təsirli hekayələri unutmaq olmaz.

Əsgəran qalasının divarlarını isə Müzəffər Ali Baş Komandanın məğrur duruşunu əks etdirən fotolar bəzəməlidir.

Bir müddət əvvəl bu dediklərim xəyal kimi görünə bilərdi. Amma oktyabrın 15-də Ali Baş Komandanın Xankəndidə bayrağımızı ucaltmasından, Əsgəran qalasından qürurla Şuşaya, Ağdama baxmasından sonra bu qəbildən olan hansı xəyal reallaşmaya bilər ki?!

Şuşanın işğaldan azad olunmasından, hətta Şuşadakı tədbirlərdə iştirakdan sonra da uzun müddət bu reallıq adama yuxu kimi gəlirdi. İndi də Xankəndidə bayrağımızın ucalmasını, Müzəffər Ali Baş Komandanın Əsgəran qalasındakı qürurlu duruşunu, bəlkə, tam dərk edə bilmirik: belə böyük xoşbəxtliyə bu tezliklə inanmaq çətindir.

Amma inanacağıq. Və yeni insanlar, qalib ölkənin vətəndaşları, qalib xalqın nümayəndələri olduğumuzu getdikcə daha aydın dərk edəcəyik. Azad Qarabağı xəyallarımızdakından da ucada görəcəyik.

lll

Hər gün yuxu kimi hadisələr baş verir. Xankəndi küçələrinin səssiz hüzurunu əks etdirən videoçarxları seyr etmək, ardınca Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Nazirlər Şurasının 27-ci iclasının keçirilməsi barədə xəbərləri oxumaq yuxu kimi, inanılmaz gerçəkliklərdir.

lll

"14 oktyabr. 49 yaşım...

Görüşdük onunla xəstəxanada.

Əyləşib dərmanım, dərdim yanaşı

Təklikdən qorxanda təklənir adam!"

- deyən Xalq şairi Məmməd Arazı 90 illik yubileyində yada saldıq, şeirlərini dedik, xatirələrimizi bölüşdük. 14 oktyabrda vaxt edib baxın, şeirin gücünə inamınız artsın, şairin ruhu sevinsin.

lll

Hər birinizi Xankəndi, Xocavənd, Xocalı, Əsgəran və Ağdərədə bayrağımızın qaldırılması münasibətilə ürəkdən təbrik edirəm!

Tanrı Vətənimizi və Prezidentimizi qorusun!

lll

Libraff şəhərin mərkəzində, keçmiş "Kitab passajı"nın yaxınlığında, Rəsul Rza küçəsində yeni mağazasının açılışını etdi. Bizim nəsil üçün, onilliklər öncə tez-tez "Kitab passajı"nı ziyarət edən, yeni kitablar alan insanlar üçün bu, həm də bir nostalji oldu; keçmişin yaxşı ənənələrini diriltmək, yenidən yaratmaq gözəl duyğudur.

lll

Süni pafos olan yerdə... tıncıxıram.

lll

Yazıb-oxumaq sıradan çıxır.

Danışmaq, dinləmək, baxmaq dövranıdır.

lll

Tərbiyə məhdudluğu...

Nəsihətin xeyri yoxdur.

lll

Həqiqət çoxüzlüdür...

lll

Düşüklük hər şəraitdə imkan tapıb boy göstərir...

lll

XXI əsrdə, bol informasiya axınında unudulmağa 24 saat bəs edər...

lll

Qəddarlıq, zorakılıq aşılayan başlıqlardan çəkinin.

Yalanı bəzəyib həqiqət kimi sırımayın. Oxucularınıza hörmət və rəhm edin. Ötəri reytinqlərə uymayın.

Etibar və nüfuz qazanmağın daha təkmil yollarına yiyələnin.

lll

"Eşqin izi ilə" səfərnaməsi İradə Qədirovanın oxuduğum ikinci kitabıdır. Bundan əvvəl müəllifin "Əfşan: İran boyunca uzanan tək səyahətim" kitabını oxuyub münasibətimi bildirəndə hələ onu şəxsən tanımırdım. Sonra bir tədbirdə tanış olduq və sosial şəbəkədə onu izləməyə başladım: İradə xanım maraqlı səyyah həyatı yaşayır, ekzotik ölkələrə səfərlər edir, təəssüratlarını yazıya köçürür.

"Kainatın qanunları mənim düşüncələrimə bağlıdır" deyən müəllif səyyah həmkarlarını çılğın macəraçılar, keçmişin sirli dünyasına meyl göstərənlər adlandırır.

Hava limanlarını meditasiya edən aşramlara, uçuş müddətini "Ana bətnindən Sevgiliyə qovuşmağa qədərki həyat yoluna" bənzədən, təyyarə salonuna daxil olarkən 100 cüt gözün baxışını dəqiqliklə təsvir edən müəllifin obrazları, bədii detalları həm də onun peşəkar yazıçılıq istedadından xəbər verir.

Bu günlərdə Libraff-ın yeni mağazasının açılışında müəllifin imzasıyla əldə etdiyim "Eşqin izi ilə" kitabında Türkiyə, İran, Pakistan, Özbəkistan, Malayziya, İordaniya və Səudiyyə Ərəbistanına səfərlərdən bəhs olunur.

Əsası eramızdan əvvəl IV əsrdə qoyulan, gəlmiş-keçmiş bütün dövlətlərin, var olan bütün dinlərin izlərini qoruyub saxlayan Antakyanın tarixini, mədəniyyətini, eklektik üslubda tikilən, indi əksəriyyəti otel, kafe-restoran kimi fəaliyyət göstərən qədim daş evlərini, kanalizasiya rolunu oynayan, küçələr boyu davam edib Asi nehrinə kimi uzanan arxların izlərini, şirniyyatlarını - künəfə və haytalını, zeytun yağı və dəfnə yarpağından hazırlanmış sabununu... elə dəqiqliklə, şövq və coşquyla anladır ki, kitabı oxuyanda sanki bütün bunları öz gözünlə görürsən. Səfərnamə bütövlükdə belə təsvirlərlə, maraqlı təəssüratlarla, tarixi məkanların, sadə insanların tanıtımıyla zəngindir. "Antepdə sizi heç kim aldatmaz, bura övliyalar yurdudur" deyən taksi sürücüsü kimi səfər müddətində rastlaşdığı onlarla adi insanın portretini, xarakterini bir-iki cümləylə açan müəllif insan talelərinin yaşadığı məkanlarla vəhdətinin, bənzərliyinin sirrini çözməyə çalışır.

Təsadüfi deyil ki, kitabı nəşr edən MİMTA YAYIMLARI müəllifin zəngin dünyagörüşünü önə çəkir. Mən buraya müəllifin dopdolu, aşıb-daşan, işıq saçan ruhunu, çağlayan sevgisini, tükənməz şövqünü, əzmini də əlavə edərdim: "Bir yerdə dayanmadan, kəşflər uğrunda şəhərdən şəhərə keçib birində səhər, digərində günorta, o birində isə axşam yeməyi yemək, sonunda tarixi bir evin həyətində oturub ayağını uzatmaq, ulduzlu səmaya baxaraq həyatın nə qədər valehedici və maraqlı olduğunu düşünmək - ömrüm boyu mənə qəlb rahatlığı gətirən bu hiss duyğuların ən möhtəşəmi idi".

Fikrimcə, İradə xanım öz səyahətləri və yaradıcılığıyla müdrik və məqsədyönlü insan azadlığının, sərbəstliyinin mücəssiməsidir. Bir qadının belə keyfiyyətə malik olması həm də cəsarət və cəsurluq tələb edir. "Yol tapmadıqda gərginləşməyən, əksinə, yeni adrenalin qazanıb özünü səfərbər edən, sonunda yüksək enerji ilə mənzilə çatan" macəraçı - səyyahların həyat tərzi qibtə doğurur. Bu duyğuların təsirindən idi yəqin, kitabı imzalayarkən müəllifin özünə elə beləcə də dedim: "Sizə paxıllığım tutur!"

lll

Cek London düz deyir, dünyada yaradıcılıq ləzzətindən üstün zövq yoxdur.

# 1037 dəfə oxunub

Oxşar xəbərlər

Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

11:15 12 dekabr 2024
Xalq artisti:  "İnsan mənəvi, əxlaqi dünyasını sənətə qurban verə bilməz"

Xalq artisti: "İnsan mənəvi, əxlaqi dünyasını sənətə qurban verə bilməz"

10:21 12 dekabr 2024
"Təcili yardım"ın aktyoru vəfat etdi

"Təcili yardım"ın aktyoru vəfat etdi

09:50 12 dekabr 2024
"Bahar"ın aktrisası yeni serialda

"Bahar"ın aktrisası yeni serialda

09:36 12 dekabr 2024
Məşhur aktyorun nəvəsi:  "Hara getsə də, xalq düşməninin oğlu sayılırdı" - Müsahibə

Məşhur aktyorun nəvəsi: "Hara getsə də, xalq düşməninin oğlu sayılırdı" - Müsahibə

09:00 12 dekabr 2024
İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
# # #