Bumer-zumer davası

Bumer-zumer davası
27 oktyabr 2023
# 09:00

Kulis.az Simran Qədimin "Bumer-zumer davası" adlı yeni yazısını təqdim edir.

Yeni nəsil yeni gələcək yaradır. Dəyişən nəsillər həmişə dəyişik olub, hələ lap qədim dövrlərdən – şumerlərin zamanından yaşlılar cavanlardan şikayət edib, gəncliyin hara getdiyindən gileyləniblər. Ancaq minillərdir ki, heç kəs heç yerə getməyib. Hər şey öz yerindədir.

Sənaye inqilabları ilə sürətli transformasiyalara qədəm qoyan cəmiyyətlər bircə əsrin içində İki Dünya müharibəsinə, faşizm, kommunizm, liberalizm kimi ideologiyaların toqquşmasına şahidlik etdi. Ardınca dünyanı kompüterlərin bürüməsi, rəqəmsallaşma, internet, süni zəka... Belə bir şəraitdə dəyişən nəsillər – təbiətən nə qədər əcdadlarımıza bənzəsələr də – təfəkkürlərinə, dünyagörüşlərinə, həyat tərzlərinə görə bir-birindən kəskin fərqləndilər. Əgər əvvəlki yüzilliklərdə bu fərq daha çox yaşa, gəncliyə xas xüsusiyyətlərə görə nəzərə çarpırdısa, müasir dövrdə yenilənən sosial mühitin də böyük təsiri oldu.

Amerikan alimləri Neyl Houv və Vilyam Ştrausun təsnifatlandırdığı bir neçə nəslin adını sadalayaq: 1946-1964-cü illərdə anadan olan “Baby Boomers” nəsli, 1965-1980-ci illərdə doğulan X nəsli, 1981-1996-cı illərdə dünyaya gələn Y nəsli və 1997-2012-ci illərə aid edilən Z nəsli...
Həmin zaman aralıqlarında dünyada bir çox təlatümlər – kosmosa uçuş, silahlanma yarışı, soyuq müharibə, iqtisadi böhranlar, inqilablar, SSRİ-də yenidənqurma dövrü, ideoloji dəyişikliklər, ictimai-siyasi çaxnaşmalar yaşandı. Dəyərlər yenidən dəyərləndirildi, tərbiyədə, təhsildə yeni yanaşmalar ortaya çıxdı. Mühafizəkarlıqdan imtina, yeniliklərə can atma, demokratiya, plüralizm... Bütün bunları nəzərə alanda artıq cavabı hər kəsə bəlli olan belə bir sual yaranır: hər 15-20 ildə yenilənən nəsillərin eyni təfəkkürə, dünyagörüşünə, həyat tərzinə sahib olmaları mümkündürmü?!

Tamam başqa bir dünya ilə qarşımıza çıxan yeni millenniumun (minilliyin) hər iki tərəfinə – 15-20 il əvvəlinə və sonrasına nəzər yetirək: küçədə “mən Peleyəm, mən Maradonayam!” deyib futbol oynamaq hara, “PlayStation”da Messinin, Ronaldunun “özünü” top dalınca qaçırtmaq hara? Hansı verilişi versələr, ona baxmaq, hansı kitabı tapsaq, onu oxumaq, hansı musiqini eşitsək, onu dinləmək hara, internet sayəsində ürəyimiz istəyən hər şeyə əlimizin dərhal çatması hara? Səhərdən axşamacan ciddi nəzarət altında iş yerində olmaq hara, sərbəst qrafiklə “home office” – evdə işləmək rejimi hara?..
Z hərfi ilə əlifba axıra çatsa da, nəsillər dayanmadan dəyişməyə, yenilənməyə davam edir. 2010-cu ildən sonra dünyaya gələn Alfa nəsli isə tamam başqa dünyadır. Onlar rəqəmsal aləmə, virtual ekosistemə tədricən, yavaş-yavaş daxil olmurlar, sözün az qala həqiqi mənasında birbaşa rəqəmsallığın içində doğulurlar, orada həyata göz açırlar. Alfa nəslinə görə, Yer üzündəki bütün texnologiyalar, internet, sosial şəbəkələr, süni zəka alqoritmləri təbiətin bir hissəsidir. Cürbəcür qacetləri, irili-xırdalı ekranları kimsə yaratmayıb, belə oyuncaqlar həmişədən bizimlə olub.

Bu gün hər kəsin asanlıqla müşahidə etdiyi, ancaq çox da fikir vermədiyi, fərqində olmadığı bir reallıq var: şəbəkə nəslini ucsuz-bucaqsız internet resursları, daim sayrışan trendlər formalaşdırır. Yeni nəsil valideynlərindən, nənə-babalarından, müəllimlərindən yox, heç televiziyadan da yox, yalnızca influenserlərdən – yutuberlərdən, blogerlərdən nümunə götürür. Onların rol modelləri – örnək aldığı adamlar ekran arxasındakı virtual avtoritetlərdir.
Alfa nəslinin yaxın gələcəkdə tamam fərqli, futuristik bir dünya quracağı artıq heç kəsdə şübhə doğurmur. 50-60 yaşlı insana Daş dövründəki “mağara adamı”na bizim baxdığımız kimi baxan, belə deyək, köhnə nəsli dinozavrlardan fərqləndirməyən bir nəsillə üz-üzə dayanmışıq. İndi söhbət tək insan psixologiyasının dərinliklərində kök salmış “atalar və oğullar” problemindən getmir. Məsələ həm də keçmişlə gələcəkdə, zaman uçurumunun get-gedə böyüməsindədir.

Orta ömrün uzanması nəticəsində bu gün bir çox nəslin nümayəndələri eyni dövrdə yaşayır, bir-birləri ilə “ünsiyyət” qururlar. Təsəvvür edək ki, yuxarıda sadalanan bütün nəsillərin nümayəndələri – bumerlərdən zumerlərə, hətta alfalara qədər hamısı ailəlikcə bir stol ətrafında yığışıb. Tək özünün deyil, hətta ata-babasının da müharibə xatirələrindən, qəhrəmanlıq dastanlarından ağır-ağır danışan babayla hansısa vloqdan, datadan, NFT-dən, posthumanizmdən ağızucu, fastfud tempində dəm vuran “ultracool” gəncin, uşağın sözü necə düz gələ bilər? Eyni dildə fərqli dil ilə danışıb dil tapmaq olarmı?

Digər tərəfdən, belə bir məqam da var. Axı əlində “iPhone” tutan, qulağına “AirPods” taxan uşağın bədəni indiki zamanda olsa da, beyni gələcəyə yönəlib. Əlbəttə, qocanın da bədəni indiki zamandadır, amma onun bütün düşüncələri keçmişə istiqamətlənib. Bir-birinin dilini anlamayan, üzünü fərqli zamanlara tutan nəsillər arasında konfliktin baş verməsi qədər təbii heç nə yoxdur.

Biz həmişə cinsə, yaşa, inanca, etnik mənsubiyyətə, siyasi baxışa görə insanların qruplara bölündüyünü, siniflərə ayrıldığını görmüşük. Çünki bölünən, parçalanıb çeşidlənən adamları daha asan tanımaq olur. Adətən, müəyyən bir inanca, dinə, ideologiyaya mənsub olanlar xeyli dərəcədə ortaq xüsusiyyətlərə, istəklərə, arzulara malikdirlər, həyata eyni pəncərədən baxırlar. Beləliklə, bizi qruplaşdıran, zövqümüzü, istəklərimizi müəyyənləşdirən şirkətlər sərvət qazanırlar, kapitalizmin çarxları sürətlə fırlanmağa davam edir.

Bu baxımdan yeni nəsillər də ayrı bir qrupdur. Onları birləşdirən bir çox ortaq xüsusiyyətləri, hissləri, düşüncələri anlamaq onların davranışlarını, prioritetlərini, istək və arzularını daha yaxşı proqnozlaşdırmaq, dolayısı ilə, daha rahat yönləndirmək deməkdir.

Bununla belə, nəsillər nəzəriyyəsinin tənqidi tərəfləri də var. İnsanlar çox müxtəlif cəmiyyətlərdə, çox müxtəlif şərtlər altında formalaşırlar, barmaq izi kimi hər kəsin öz kimliyi olur. Bu səbəbdən də insanları, xüsusən gəncləri kobud şəkildə ümumiləşdirmək, stereotiplərə ayırmaq bir sıra yanlışlıqlara gətirib çıxarar. Bütün sosial nəzəriyyələrdə olduğu kimi, burada da konkretlik, mütləqlik yoxdur.

# 1719 dəfə oxunub

Oxşar xəbərlər

Avropa milli geyimləri nümayiş olunub

Avropa milli geyimləri nümayiş olunub

12:24 27 noyabr 2024
Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib - Sərəncam

Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib - Sərəncam

12:20 27 noyabr 2024
Amerikalı rejissor vəfat etdi

Amerikalı rejissor vəfat etdi

11:47 27 noyabr 2024
“Həyatı sevirsənsə, vaxt itirmə” - Brüs Linin qeydləri

“Həyatı sevirsənsə, vaxt itirmə” - Brüs Linin qeydləri

10:30 27 noyabr 2024
Gələcəkdə dövlətin yerini çoxmillətli şirkətlər tutacaq - Aqşin Yenisey

Gələcəkdə dövlətin yerini çoxmillətli şirkətlər tutacaq - Aqşin Yenisey

10:15 27 noyabr 2024
Moskvada Beynəlxalq Ədəbiyyat Forumu

Moskvada Beynəlxalq Ədəbiyyat Forumu

09:38 27 noyabr 2024
#
#
# # #