Bu, sosial müdafiə yox, sosial hücumdur - Gənc yazıçıdan etiraz

Bu, sosial müdafiə yox, sosial hücumdur - Gənc yazıçıdan etiraz
6 iyun 2023
# 15:20

Kulis. az Təvəkkül Boysunarın "Vergilər Nazirliyi, Bakı Kitab Mərkəzi və s..." adlı yazısını təqdim edir.

Deməli, kitabımın satışı üçün mağazalardan biri mənə bildirdi ki, bəs sizə VÖEN lazımdır.

Bu VÖEN isə o VÖEN-dir ki, bir müddət əvvəl dondurub canımı qurtaranda Allaha xüsusi təşəkkür etmişdim ki, məni o erməni dilinə bənzəyən qarmaqarışıq qanunlardan, gündə bir "vid"ə salınan anlaşılmaz qaydalardan, nəhayət, xilas elədi.

İndi təzədən həmin VÖEN-i aktivləşdirməliydim.

Əvvəlcə öz-özümə dedim ki, ay Təvəkkül, bir qələtdir eləmisən, kitab çıxarmısan, məgər bundan yana VÖEN aktivləşdirərlər?

Məgər sən əsəblərinin qanınamı susamısan?

Məgər sən axmaqsanmı?

Sən demə, axmaq imişəm.

Getdim Vergilər Nazirliyinə ki, VÖEN-imi aktivləşdirim.

Qız mənə nə desə, yaxşıdır?

Dedi ki, hər ay gəlirinizdən 5 % vergi ödəməlisiniz.

Dedim, okey, burda nə var ki, ödəyərik.

Sonra mənə başqa bir qanundan xəbər verdi. Özü də nə qanun.

Sən demə, aylıq gəlirimin nə qədər olmağından asılı olmayaraq Sosial Müdafiə Fonduna 86 AZN ödəniş etməliyəmmiş.

Yəni, məsələn, mənim gəlirim 50 AZN olsa, yenə də 86 AZN sosial müdafiəyə ödəyib mənfi 36-ya düşməliyəmmiş.

Dünyanın bütün tərəziləri, bütün ədalət keşikçiləri, bütün vergişünasları, bütün qanunverənləri gəlsə və onlara bu haqq-hesabdan xəbər verilsə, onlar, yəqin, elə zənn edəcəklər ki, bu qanunu hansı nazir, hansı məmur, hansı vəzifəli hazırlayıbsa, həmin adamın başında gəzdirdiyi şey beyin yox, "beyin" sözü ilə ən ekzotik şəkildə qafiyələnən başqa bir nəsnədir.

İndi təsəvvür edin ki, misal üçün bir Azərbaycan yazıçısının ay ərzində 10 kitabı satılıb. Kitabın biri 10 azn olsa, 100 azn qazanc var, bunun 30 % - i mağazanın olsa...

Üzr istəyirəm, bu faiz rəqəmi hələ misalçün yırtıcı və acgöz kapitalizmin görkəmli nümayəndələrindən biri olan Günel Anarqızının "Bakı Kitab Mərkəzi"ndə 30 yox, hətta 40 faizdir. Bu haqda daha sonra, daha ətraflı və daha ləzzətlə başqa bir yazıda danışacağıq ki, bütün məqamlara aydınlıq gətirilsin və kiməsə haqsızlıq edilməsin.

...Hə, 100 AZN-dən 30 AZN mağazanın olur, yerdə 70 AZN qalır, onun da 86-sı Sosial Müdafiənin olanda, yerdə mənfi 16 AZN pul qalır.

Adama elə gəlir ki, nazirliklər bu sistemi mağazalarla əlbir olaraq məqsədli şəkildə hazırlayıb ki, bu cür işlərlə, yəni kitab-mitab məsələləriylə əlləşən adamları cəzalandırıb ağıllarını başlarına gətirsinlər.

Yəni ölkədəki bütün şərtlər, insanları kitabdan uzaqlaşdırmağa və yazan qələmlərin mürəkkəbini qurutmağa hesablanıb.

Və hər şey elə gözəl, elə incə sənətkarlıqla hesablanıb ki, bu sənətkarlıq, içimizə sızaraq ibtidai sinif dərsliklərinə erməni bayrağı rəngində diaqramlar salan erməni casuslarının üslubuna şiddətli və şübhəli şəkildə bənzəməkdədir.

P.S. Vergilər Nazirliyindəki əməkdaş mənə nəzakətlə bildirəndə ki, bu qanunun Vergilər Nazirliyinə aidiyyatı yoxdur, bu qanunu Sosial Müdafiə Fondu hazırlayıb, öz-özümə düşünəsi oldum: Bu ki Sosial Müdafiə yox, Sosial Hücumdur, özü də ən xalisindən, ən bicəngəsindən, ən nadürüstündən.

P.S.S. Sonda, əlbəttə ki, VÖEN-imi aktivləşdirmədim. Yəni, çox da axmaq deyilmişəm.

# 2776 dəfə oxunub

Oxşar xəbərlər

Erməni hakim hansı bəstəkarımıza 8 il iş kəsmişdi?

Erməni hakim hansı bəstəkarımıza 8 il iş kəsmişdi?

18:30 30 dekabr 2025
Stalinlə görüşən, Qorki ilə dostluq edən Nobel mükafatçısı

Stalinlə görüşən, Qorki ilə dostluq edən Nobel mükafatçısı

18:00 30 dekabr 2025
Hər kəs tarixi öz marağına uyğun yazır... - Məşhur Filippin yazıçısından aforizmlər

Hər kəs tarixi öz marağına uyğun yazır... - Məşhur Filippin yazıçısından aforizmlər

17:30 30 dekabr 2025
Milli Kitabxanada Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə  həsr olunmuş sərgi açılıb

Milli Kitabxanada Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş sərgi açılıb

16:50 30 dekabr 2025
Məşhur amerikalı aktyor Fransa vətəndaşlığı aldı

Məşhur amerikalı aktyor Fransa vətəndaşlığı aldı

16:10 30 dekabr 2025
Unikal tapıntı:  Antik oyun lövhəsi aşkarlandı

Unikal tapıntı: Antik oyun lövhəsi aşkarlandı

16:00 30 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər