Böcəyə çevrildiyi üçün müdirindən üzr istəyən qəhrəman - Təhlil

Frans Kafka

Frans Kafka

13 yanvar 2023
# 12:00

Kulis.az Jasmin Əliyevanın "Çevrilmə" romanı haqqında yazısını təqdim edir.

Kafka “Çevrilmə” (və yaxud Metamarfoz) romanına Qreqor Zamzanın səbəbi bəlli olmayan bir şəkildə böcəyə çevrilməsi ilə başlayır: zireh kimi sərt kürəyi üstə yatmış, başını azca yuxarı qaldırdıqda qübbə kimi, qəhvəyi rəngli, spiral şəklində sərtliklərlə bölünmüş və nəhayətində tamamilə bir böcəyə çevrilmiş Zamza.

Lakin özünü böcəyə çevrilmiş bir şəkildə qarşılayan Zamzanın olanlara təəccüblənməməsi, bunun əksinə, ailəsi üçün narahat olması, onları incitməkdən qorxması və işə gecikdiyi üçün müdirindən üzr istəməyi planlaşdırması, işin psixoloji yönləri ilə Kafkanın bizə demək istədiklərini sətiraltı şəkildə gözlər önünə qoyur.

Bəlkə də, bizlər insan doğulub, zamanla hər biri dəyərsiz həşərata çevrilən insancıqlar idik...

Həyat, ailə, cəmiyyət və əlinin altında işlədiyimiz insanların qoyduğu məhdudiyyətlər, qaydalar, tələblər ilə uyğunlaşmağa, bəlkə də, bəzən baş əyməyə məcbur qalaraq, nə zaman başlandığını bilmədiyimiz, bir zamanlar var olan fərdiliyimizi itirərək, ruhən çirkin bir böcəyə çevrildik.

Ay sonunda alacağımız əmək haqqı üçün çalışmaq bir yana qalsın, həm də kollektivdə sevilmək, bəyənilmək, ya da ən azından qəbul edilmək üçün sevmədiyimiz insanların belə üzünə gülümsəyir, hər əclaflığına şahid olub, mənəvi cəhətdən özümüzdən belə dəfələrlə əskik olan müdirimizin önündə baş əyir, işdən çıxarılmamaq, gözünə batmamaq üçün, sahibindən bir tikə yemək almaq üçün onun gözlərinin içinə ümidlə baxan, sahibinin könlü xoş olsun deyə bir-iki sevimli hərəkət edən itlər kimi bugünümüzü sabaha kimi yola veririk.

Cəmiyyətin standartlarından kənara çıxan kimi edilən qınaqlardan, atılan əzici baxışlardan, əyilən ağızlardan ehtiyatlanaraq olmadığımız biri olmağa davam edir, sanki, hər gün davam edən səmimiyyətsiz və heç bir maraq doğurmayan tamaşada rol alırıq.

İnsanlar, standartlara uyğun qablaşdırılmış məhsullar kimi hər biri bir digərindən fərqlənməyən cəhalətin davamçısı kimi formalaşır. Artıq sənin fərqli düşünməyə, bir digəri həsəd aparacaq deyə gülümsəməyə, bir başqasının xoşu gəlməyəcək deyə kədərini yaşamağa, içində xoşbəxt hiss etdiyin komfort zonaya sahib olmağa, sevdiyin kitabı paylaşmağa, sevdiyin insanlara dəstək vermək üçün ağzını açmağa haqqın yoxdur. Çünki hər zaman kimsə səninlə bağlı nədənsə narazıdır və sən o kimsələrə uyğunlaşmaq məcburiyyətindəsən.

Kölələşdirilmiş cəmiyyətin başının üstündə durmağa ehtiyac yoxdur, çünki o, artıq əlavə nə isə düşünə bilməyən və öz koloniyası içində özü kimi olmayanı məhv etməyə proqramlaşdırılmış orqanizmdir.

İnsanı uçurumun kənarına itələyən ən böyük amil isə ailəsidir: Valideynlərin öz həyatlarında reallaşdıra bilmədiklərini, həyata keçirmək bacarığına sahib ola bilməyib yarıda qoyduqları arzularını, başqa bir fərd olaraq başqa istəklərə sahib ola biləcəklərini qəbullana bilmədikləri övladlarına yükləmələridir.

Hansı yaşda olduğunun bir fərqi yoxdur, hər zaman valideynlərinin qəbuluna düşməli, arzu etdiklərini sənəd şəklində onların masası üstünə qoymalı və icazə əmri çıxana qədər qapısı önündə gözləməlisən.

Eqoizmin bu qədər hökm sürdüyü ailə və diktator rolundan əl çəkə bilməyən valideynlərin övladlarını nə dərəcədə şikəst etdiklərindən xəbərləri belə yoxdur.

Ömür boyu valideynlərinin idarə etdiyi bir uşaq cəmiyyət içinə qarışmalı olanda bacarıqsız hesab olunacaq bir gerilik nümayiş etdirəndə, bunun səbəbinin özləri olduğunu anlamayan, illərlə övladını oyuncaq kimi əllərində oynatdıqlarını dərk etməyən valideynlər, yenə ən böyük günahı övladında görürlər. Ona görə də intihar hallarının ilbəil artan sürətlə inkişaf etməsi təəccüblü deyil. Çünki valideynlər övladlarına övlad gözündə yox, mülkiyyət gözündə baxırlar. Dünyaya gətirmək, evində böyütmək, yemək vermək keçmişinə sahib olduqları üçün o övladın insan olaraq bütün hüquqlarına və azadlıqlarına sahib olduqları xülyasına qapılırlar.

Qreqor Zamza da böyük bir böcəyə çevrilməsi ilə ailə üzvlərinin xəyanəti ilə rastlaşır. Çünki onların istədiyi kimi olmayan, ailəyə maddi cəhətdən yardım edə bilməyən, illər ötdükcə yükə çevrilən bir övlad onlara lazım deyildi.

Böcəyə çevrilənin öz övladı olduğunu bildiyi halda ondan iyrənməkləri, otağına həbs edilib, daha da ürək bulandırmasın deyə gözlərdən uzaq saxlanması, bacısı tərəfindən evdən qovulması üçün ailəsinə şikayət edilməsi, o vəziyyətdə belə ailəsini düşünən Zamzanın atası tərəfindən ölümcül zərbələrə məruz qalması və nəhayətində can verməsi ilə ailənin köməkçisi tərəfindən süpürülüb bir qutuya yığılaraq atılması, insanın ailəsinin belə cəmiyyət qədər təhlükəli olduğundan bəhs edirdi.

Lakin hər şeyə rəğmən Zamza böcəyə çevrilmiş olmasından əsla narahatlıq duymadı. Çünki həyatı boyunca o ailənin içində özünü böcək kimi hiss etmişdi. Fiziki olaraq dəyişilmiş olmasının bir o qədər önəmi yox idi, o, hər zaman bir böcək idi.

Söylədiklərim bizə bir o qədər də yad olmayan və elə Kafkanın özünə də toxunan bir gerçəkdir.

Kafka hər zaman atası tərəfindən mənəvi şiddətə məruz qalmış, arıq və cılız uşaq olmasına görə aşağılanmış, atası ilə göz-gözə gəldiyi hər bir anda özünü böcək kimi hiss etmişdi.

Atasının yaşatdığı travmaların ona necə hiss etdirdiyindən bəhs edərək, atasına məktublar yazdı, lakin anasının mane olması ilə o məktublar da heç vaxt ünvanına çatmadı.

“Çevrilmə” romanı 1915-ci ildə nəşr edilən və hələ də öz aktuallığını qoruyan, Kafkanın qələmindən ən sevilən işlərdən biridir. Oxumağı və bu kimi ağır məsələləri işıqlandırmağı sevənlər üçün əvəzolunmaz kitabdır.

# 1910 dəfə oxunub

Oxşar xəbərlər

Daha bir serial yekunlaşır

Daha bir serial yekunlaşır

18:00 19 aprel 2024
Spilberqin yeni filminin mövzusu açıqlandı

Spilberqin yeni filminin mövzusu açıqlandı

17:40 19 aprel 2024
“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar”  mövzusunda ictimai müzakirə təşkil edildi

“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edildi

16:30 19 aprel 2024
Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

16:00 19 aprel 2024
“Sazlı, sözlü kəlağayı günləri”  silsilə tədbirlərlə davam edir

“Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edir

15:30 19 aprel 2024
Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

15:00 19 aprel 2024
#
#
# # #