Bizi zibilə salanlar - Sevda Sultanova yazır...

Bizi zibilə salanlar - Sevda Sultanova yazır...
21 sentyabr 2021
# 15:50

Paytaxtda zibil qutuları, zibil konteynerləri quraşdırılsa da faydası yoxdur. Bütün hallarda mütləq və mütləq getdiyimiz yerdə ayağımıza zibil dolaşmalıdır: tibbi maskalar, meyvə tullantıları, dondurma və konfet kağızları, polietilen torbalar, siqaret qutuları və kötükləri...

Düzdür, Bakıda məişət tullantılarının toplanması və emalı sahəsində müəyyən səliqə sahmana yaradılıb. Zibillərin böyük bir hissəsi “Təmiz Şəhər” ASC-nin Balaxanıda yerləşən Məişət Tullantılarının Çeşidlənməsi və Yandırılması zavodlarına daşınaraq emal olunur. Amma bu, paytaxt bir yana, ümumən ölkənin məişət tullantısı problemini həll eləmir.

Əsas məsələlərdən biri odur ki, cəmiyyətin zibil mədəniyyəti problemi var və bu problem təkcə fərdi yox, ən müxtəlif səviyyələrdə təzahür eləyir. Məsələn, şəhərin bir çox yerində zibil yeşikləri olduğu halda, tullantılar qutuların yan-yörəsinə səpələnir, məsul qurumların isə bu ərazilərdə dezinfeksiya işlərini apardığını görməmişəm.

Cəmiyyətin tullantılarla davranışının formalaşmasında dövlətin rolu bir tərəfə, ailələlərimizdə uşaqlara zibil mədəniyyətini öyrətməyi lazım bilmirlər. Ailələr, fərdlər bəzən özlərinin daşımalı olduğu məsuliyyəti dövlətin boynuna yıxmağa çalışırlar.

Yadıma gəlir, sovet vaxtı əsasən azərbaycanlı qonşularımız zibil qutuları ola-ola, onu niyəsə məhz balkondan atırdılar.

Bununla belə, Bakıda yaşadığım müddətdə dərin zibil böhranı hiss eləmirəm. Çünki pis-yaxşı tullantılar üçün konteynerlər var. Lakin Lerikin ucqar dağ kəndlərindən birində şəxsi evim olandan “zibillə nə etməli” problemi ilə üz-üzəyəm.

Kəndlərdə zibildaşınma sistemi mövcud deyil. Əhali tullantıları çeşidləmədən evlərinin yaxınlıqdakı ərazilərə atmağa məcburdur. Dəmir və plastik qablar, polietilen torbalar, uşaq bezləri qalaqlanaraq meşənin içində yerləşən, yaşıllığa bürünən kəndin ümumi görüntüsündə pinti, ziyanlı dekor rolunu oynayır.

Kəndimizin yaxınlığında yerləşən Ləkər çayı isə zibil mənbəyinə çevrilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına girərək bölgələrdə tullantılarla bağlı hansı tədbirləri gördükləri haqda məlumat almaq istədim. Başa düşdüyüm bu oldu ki, nazirlik kompleks tədbirlər görmür, əvəzində epizodik mübarizə aparır. Yəni tullantılara görə fiziki və hüquqi şəxslərə aktlar tərtib olunur.

Bu cəzalandırma metodu görünür ki, effektiv deyil, daha praktik addımlar atılmalıdır.

Hər kənddə zibil konteynerləri qoymaq çətindirsə, heç olmasa, müəyyən kəndlərin yaxın olduğu ümumi bir əraziyə beş-altı zibil yeşiyi yerləşdirmək nə çətin məsələdir ki?! Bu, nə çox büdcə tələb edir ki?! Misalçün, Lerikin müəyyən kəndlərinin yolunu keçdiyi 20-ci km kimi məşhur olan Piran ərazisində zibil konteynerləri yerləşdirmək mümkündür. Ki, kənd əhalisi zibilləri çeşidləyərək bura gətirsin.

Ayrıca bağça, məktəb, quş fermasının yerləşdiyi Piranda bir zibil yeşiyinə rast gəlməmişəm.

Zibillərin çeşidlənməsindən söz düşmüşkən, həm şəhər, həm kənd əhalisinin bununla bağlı maariflənməyə ehtiyacı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə adlı şöbəsi var. Maraqlıdır ki, bu şöbə ucqar kəndlərdə hansı ekoloji maariflənməni, tərbiyələnməni və necə həyata keçirir?

...Kənddə yaşadığım müddətdə üzləşdiyim reallıq tullantılarla necə davranacağımı diktə eldir. Birinci növbədə kartof, badımcan, soğan, xiyar və s. tərəvəzlərin qabıqlarını ayrıca yığıram. Onları evdən o qədər də aralı olmayan əraziyə səpirəm. Çünki təbii qidalar rahat şəkildə torpağa qarışaraq asan parçalanır.

Təəssüf ki, mənim kompost hazırlamaq kimi bir təcrübəm yoxdur. Müxtəlif növ üzvi tullantılardan (heyvan və quş peyini, ərzaq, meyvə və tərəvəz qalıqları, paxlalı bitkilərin güləşi, biçilmiş ot və digər yaşıl bitkilər) alınan bu gübrənin tətbiqi torpağa faydalıdır. Kompostun tərkibindəki qida maddələrini bitkilər asan mənimsəyir, torpaqdakı mikroorqanizmlərin həyat fəaliyyətini gücləndirir, bitkilərin xəstəlik və ziyanvericilərə qarşı davamlılığını artırır, meyvə və tərəvəzlərin dad keyfiyyətinə təsir edir və s. Kompostun tətbiqi ilə alınmış məhsul ekoloji təmiz hesab olunur. Kəndlərimizdə bu gübrənin hazırlanması nə qədər geniş yayılıb, bilmirəm.

Hər halda yaşadım ərazidə buna rastlamamışam.

Kağız və kartonları, salfetləri isə odun sobasında yandırıram.

Təbiəti qorumaq üçün yemək istehlakında da ciddi islahatlar etməliyik. Çünki yemək istehlakı zibil istehsalı ilə bağlıdır. Plastik butulkalardakı, dəmir qablardakı içəcək və qidalardan demək olar ki, istifadə eləmirəm. Ona görə plastik, dəmir qab problemim adətən olmur. Yemək qalıqlarını meşə quşlarına, qonşunun toyuqlarına və itlərinə verirəm. Meyvə qalıqlarını, xüsusən dənələri mütləq bağçaya atıram.

Əsas problem polietilen torbaları, bəzi köhnəlmiş əşyalar və parçalardır ki, onları qablaşdıraraq hər dəfə Bakıya iri zibil torbası ilə qayıdıram. Mən zibil torbası ilə qayıtmağa ərinmirəm, amma məsul qurumlar lazımı yerlərə zibil yeşikləri yerləşdirməyə ərinirlər.

Məişət tullantılarının toplanması və utilizasiyası bütün ölkə üzrə mütəşəkkil şəkildə həyata keçirlməlidir ki, biz Livandakı kimi zibil böhranı yaşamayaq.

2015-ci ildə Beyrutda köhnə tullantı saxlama sahəsinin bağlanması nəticəsində şəhərdə zibillərin yığılıb qalmış və bu, geniş etirazlara səbəb olmuşdu.

Təbiəti xilas etmək üçün istehlak mədəniyyətimizə xüsusi diqqət yetirməliyik. Daha sadə yaşamaq, izafi istehlakdan qaçmaqla...

Qodar demiş: “İnsanlar o qədər əşya düşünüb ki, indi onlara nəzarəti itiriblər. Məsələn, bu külqabıya baxın, o yaxşı qalıb. Amma onun minlərlə modelini düzəltmək niyə lazımdır?”

# 5358 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Gizli-gizli sevişdiyim dostumun bacısı – Oğuz Ayvaz

Gizli-gizli sevişdiyim dostumun bacısı – Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
# # #