Bizi bu günə din salıb?

Bizi bu günə din salıb?
8 avqust 2024
# 12:46

Kulis.az Rəna Nevzatın "(İm)potensial tənqid" yazısını təqdim edir.

Ölkədə yaşamaq hər keçən gün daha da dözülməz olur. Maddi problemlər, dolanışıq və s. Bunlar bəllidir. İşin, bir də, mənəvi tərəfi var.

Deməli, ölkədə əsas problemləri dilə gətirə bilməyənlərin iki sevimli mövzusu var; din və meyxana. Əslində, bu iki mövzü bir-biri ilə yaxın, demək olar ki, iç-içədir. Çünki din meyxananın əsas mövzularındandır.

Ancaq indi danışmaq istədiyim məsələ başqadır.

10-15 il əvvəl bu mövzular daha aktual idi. Belə mövzulardan danışırdın, qısa müddət sonra adın olurdu dillər əzbəri. Söyüb-batırırdılar. Sən də olurdun dövrümüzün Mirzə Cəlili.

İndi bu mövzular əvvəlki qədər aktual deyil. Nə qədər danışsan da, havaya gedir.

Ancaq mövzular dəyişmir. Çünki problemlər o qədər çoxalıb, bu adamlar da o qədər ona-buna boyun əyib ki, başqa mövzu tapa bilmirlər.

Məsələn, hansısa özünü din adamı kimi təqdim eləyən adamın bir videosu yayılan kimi o dəqiqə başlayır Şərq-Qərb söhbətləri. Şərq insanı elə, Qərb insanı belə.

Ya da bir meyxana yayılır. Deyək ki, içində söyüş var. Yenə başlayır fəlsəfi söhbətlər. Sən demə, bizi meyxana bu günə qoyubmuş. Oyununuz olsun. Guya meyxana olmasa, biz olacağıq Arzular ölkəsi. Ağlı başında adam üçün, əlbət, bunlar cəfəngiyyatdır.

Bəs niyə belədir?

Çünki bizdə hər şey “üz üzdən utanır” prinsipi ilə baş verir. Məsələn, adam hansısa problemi görür, amma yazmır, danışmır. Ki, bəs mənim o adamla aram yaxşıdır. Gəlib düşür meyxanaçıların üstünə.


***


Meyxanada söyüş təbiidir. Atmosfer tələb eləyir. Məsələ söyüşü harada və necə istifadə eləyə bilməkdir.

Meyxanada həbsxana həyatından danışılması və öyülməsi də təbiidir. Çünki meyxana alt təbəqədən çıxır. Sənin dilə gətirə bilmədiyin problemlərə görə artıq insanların əli yuxarıdan üzülüb. Ona görə də əli çatan, ünü yetən adamların ətəyindən yapışıb. Onları ideallaşdırıb. Çünki onların problemlərini deyənlər, həll edənlər onlardır.

Sən hansısa qanunsuzluq görəndə susursan. Düşünürsən ki, guya desəm, nə olacaq? Filankəslə aramı pozmayım.

Meyxanada narkomaniya ilə bağlı məqamların olması da təbiidir. Çünki narkomaniya bütün ölkəyə yayılıb. Hamı danışır. Hamı yazır. Harada yayılır narkomaniya? Əsasən, arxa küçələrdə, məhəllələrdə.

Açığı, “narkomaniya ilə mübarizə” adı ilə görülən işlərin çoxunu mənasız hesab eləyirəm. Ayın, ilin axırında quş qoymaq üçün görülən işlərdir. O tədbirlərə gedəndən sonra adam tüstülədib bir qıraqda uymaq istəyir.

Meyxana, bir növ, güzgüdür. Ölkədə nə varsa, onu göstərir. Özünə xas formada.

Hər dəfə bu adamlar meyxana haqqında danışanda bilirəm ki, nəsə olub, bunlar söhbəti başqa yerə yönəltmək funksiyasını icra eləyirlər. İt ilində olan bir meyxananı paylaşıb yazırlar ki, hara gedürüy belə? Ya da bol terminli cümlələr...

Özü də, çoxu ya istedadsız olur, ya da istedadını xərcləyib qurtarmış adamlar olurlar.

Elə meyxanaçılar var ki, üz-üzə gəlsələr, onların qabağında mıqqırları çıxmaz. Ancaq dilləri şah arşınıdır.

Sizə deyim ki, artıq insanlar da saf-çürük eləyə bilirlər. Bu geydirmə intellektuallar ölkənin gülüş mənbəyidir.

Əvvəllər baxıb, oxuyub söyürdülərsə, artıq eləcə gülürlər.

Bəlkə, plan bu idi?

Düşüncə adamlarını gülüş obyektinə çevirmək, etibarsızlaşdırmaq.

Söz yox ki onlar da canla-başla qulluq elədilər. Onların razılığı ilə baş tutdu bu vakxanaliya. Artıq onlar mübarizə yox, həzz mərhələsindədir.

Arada görürəm, yenə də hansısa mövzuda “ziyalı” mövqelərini stola çırpmaq istəyirlər, çırpırlar da, ancaq səsi çıxmır.

15-20 əvvəl “gülməli” TV proqramları var idi. Uşaq vaxtı qəşş eləyib gülürdük. İndi bayağı, mənasız görünür.

Bu (im)potenasialların söhbətlərini də haman tale gözləyir.

# 2899 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
#
#
# # #