Biz Qarabağı yuxuda görürdük - Sərdar Amin

Biz Qarabağı yuxuda görürdük - Sərdar Amin
19 oktyabr 2023
# 11:04

Kulis.az Sərdar Aminin "Qızıl saatlarınızı taxın, hörmətli azərbaycanlılar!" adlı yeni yazısını təqdim edir.

Bir qafqazlı kimi əminəm, bizim qürurumuz zədələnsə, heç bir işi tam görə bilmirik, yediyimizin dadı, baxdığımızın mənası olmur. Qürur qafqazlının Tanrısıdır.

Qafqazda insan da, heykəl də taraş etməklə yox, sevgiylə düzəlir. Qafqazlıya sevgi göstər, dağ çapsın.

Biz isə bu silsilə dağların arasında düz 28 il zədəli halda oturmuşduq. Qafqazlı olaraq etiraf eləməsək də, özümüzdən xoşumuz gəlmirdi.

İnsanın ki, özündən xoşu gəlmədi, işini də bəyənməyəcək. Öz işini bəyənməyən başqasının işinə necə isinsin?

Bu əzilmişliyi hər səhər öz adı ilə hiss eləməsək də, ruhumuzda gəzdirirdik. Adına min söz deyə bilərdik: stress, yorğunluq, fəsli depressiya... Ancaq bu, özümüzü aldatmaqdan savayı bir əməl deyildi, bizimki mövsümi deyildi. Bizimki bir qərinəlik tutqun, qara buludlu səma idi. Bədbin doğulduq, bədbin sevdik, bədbin ata olduq.

Ən sadə adamların 3-5 sözdən ibarət sağlıqlarına qədər qalxıb özünə yuva quran bu “bayquş Qarabağsızlıq” qafqazlı qürurumuzu hər gün dimdikləyirdi. Hələ Prometey yox idi, ancaq qafqazlı qüruru var idi, bu dəfə dimdiklənən də məhz bu əzəli qürur idi.

Yaralı qola qızıl saat bağlamağın nə qədər mənasız olduğunu bildiyimiz üçün Qarabağ problemi olduğu yerdə digər problemlərə canla-başla sinə gərə bilmirdik. Sinəsində güllə yeri bəsləyən şəhid sağlığında güllədən zəif qüvvəyə sinə gərməyi özünə ar bilir.

Son bir ayda isə Azərbaycanda əksər cümlələr bu ifadəylə başlayır: “Yuxumuza da girməzdi ki...”

Yuxumuza da girməzdi ki, Cıdır düzündə gəzəcəyik, bayrağımızın kölgəsi Xankəndinin düz mərkəzinə sərinlik gətirəcək.

Biz Qarabağı yuxuda görürdük. İndi isə yuxularımız dəyişir. Artıq zəhmət çəkib başqa yuxular görməliyik. Görməliyik ki, gördüklərimizi bəsləyib onlara can verə bilək.

2020-ci ildən başlayıb 3 il ərzində tamamilə yekunlaşan proses sonrası reallıq o səviyyədə dəyişdi ki, bu dəyişikliklə ayaqlaşmaq üçün addımlarımıza adekvatlıq qazandırmalıyıq.

Biz yeni Azərbaycanın vətəndaşı olmağı bacarmalıyıq. Atalar sözlərinə qədər, bütün şablonlarımız reformaya getməlidir. Buna yeni dünya dilində “update” deyilir.

Məsələn, bu günə qədər deyirdik ki, dost dar gündə tanınar, ancaq indi bizə dar gündə tanınan dostlarla yanaşı, bir qərinəlik Qarabağsızlıq mövsümündən sonra üzümüzə düşən şəfəqlərə gülümsəyə bilən insanlar lazımdır.

Gülümsəyin, əzizlərim.

Asan gəlməsin, sevinmək bəzən kədərlənməkdən çətin olur. Necə ki, dostun dar günündə yanında olmaq daha asandır, bir siqaret yandıracaqsan, çiyninə şappıldadıb “yanındayam” deyəcəksən, olacaqsan yaxşı oğlan. İndi sən gəl, xoş günə sevin.

Yeni Azərbaycanın sərgilədiyi reallıq bizi tamam ayrı səviyyədə bir vətəndaşlığa səsləyir. Həmkarım Elbrus Ərudun “Prezident bizi bir-birimizə oxşatdı” yazısındakı ucqar kənd müəlliminin dediyi gerçək gəmimizi köhnə yuxularımızın, köhnə məsəllərimizin sahilinə gətirir: “Mən bu kəndin yeganə tarix müəllimiyəm. 21 ildir məğlubiyyətdən dərs deyirdim. İndi əsl qələbə haqqında dərs keçməliyəm. Başımı itirmişəm, inanın...”

Proqram bitdi! Dərsliklərimizdəki “Qan yaddaşı” adlı cədvəllər “Şan yaddaşı” ilə əvəzləndi.

28 illik məğlubiyyəti məşğuliyyətə çevirən insanlar peşələrini dəyişməlidir – cəld!

Ötən gün iştirak etdiyim dost məclisində yenə də “Ay Vətən oğlu” mahnısını oxuyurdular. Müğənni hələ də deyir:

“Topxana meşəsi saçını yoldu

Gəl, boyuna qurban, ay Vətən oğlu”

Əzizlərim, Vətən oğulları gəldi, boyuna qurban dediklərimizin hərəsi öz boyu qədər torpaq uğrunda canından keçdi. Biz Qarabağa addım-addım, igidboyu-igidboyu irəlilədik. Həmin Vətən oğullarının boyu Qarabağın ölçü vahidi oldu və bu gün Şuşa yaylağını sis-duman almayıb, Şuşa torpağı bizim, səması şəhidlərimizindir. Baxın, bu gerçəkliyin hekayəsi doğulmalıdır. Və bu hekayədə qələbəmiz ədəbazlıqla, lovğalıqla qələmə alınmamalıdır, çünki biz bu savaşa kiməsə gücümüzü göstərmək üçün girməmişdik. Bu, bir qürur məsələsi idi...

Qızıl saatlarınızı taxın, xanımlar və cənablar, yeni zaman başlayır. Azərbaycan vaxtı ilə tam zamanıdır!

Qafqazinfo

# 1306 dəfə oxunub

Oxşar xəbərlər

Gizli-gizli sevişdiyim dostumun bacısı – Oğuz Ayvaz

Gizli-gizli sevişdiyim dostumun bacısı – Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
Məşhur aktyor biznes qurur

Məşhur aktyor biznes qurur

10:00 11 dekabr 2024
"Kuruluş Osman"da daha yeni aktyor

"Kuruluş Osman"da daha yeni aktyor

09:30 11 dekabr 2024
# # #