Biz niyə daşlaşmaq istəyirik?

Biz niyə daşlaşmaq istəyirik?
15 iyul 2023
# 10:30

Kulis.az Aqşin Yeniseyin "Biz niyə daşlaşmaq istəyirik?" adlı yeni yazısını təqdim edir.

Adamlar kimi şəhərlərin də arxetipi var. Məsələn, Moskvanın arxetipi bataqlıqdır, bu şəhər adamı udur, mədəsində simasını dəyişib yenidən həyata qusur.

Bakının arxetipi Qobustandır. Bakı adamı daşa döndərir. Bu şəhərdə insan daşlaşandan sonra məna qazanır. Bakıda xeyir və şər arasında mübarizə daşa dönmüşlər arasında gedir, biz, sadəcə, əsgərlərik.

Daş kosmik sükunətin rəmzidir. Din tarixçisi Mirça Eliadi yazır ki, qədim insan səmanı nəhəng qaya olaraq təsəvvür edirdi, çünki başına tez-tez bu qayadan qopan daşlar yağırdı (meteorid düşürdü). Qobustan bu mənada Bakının başına düşən daş səmadır.
Kəbədə Qara daşı öpən müsəlman da daşla rəmziləşdirilən kainatın üzünü öpür, onun kosmik səssizliyinə sitayiş edir. Əslində, bu, gizli bir ateizm görüntüsüdür; materializmə sitayişdir, çünki ilk daşın qopub gəldiyi məkan metafizik deyildi, təbiətin bir parçası idi.

Bunu də gəl bizim Qobustan arxetipinin üstünə.

Daş ta şumerlərdən bu yana Şərq zəkasının sədaqətli sevgilisidir. Şərqli kitabı da ilk dəfə daşa yazıb (daş kitabələrə), daşdan oxuyub.

Bizim mədəniyyəti bərk halıyla qavramağımız, onu daşlaşdırıb toxunulmaz elan etməyimiz də milli zəkamızın bu daş sevgisidir.

Bakının içində də mədəni bir Qobustan var. Özünün öpüləsi Qara daşları olan mədəni bir sükunət. Biz hamımız ora can atırıq, daşlaşmağa, mənalaşmağa. Çünki biz əsl sevginin, əsl öpüşün dadını daşa dönəndən sonra hiss edirik. Biz funksionallığımızı itirib daşa dönəndən sonra mazata minirik.

Biz daşda dincəlirik, mənaya çevrilirik. Və bizi daş halımızla dəyişmək, yeniləmək istəyən hər şeydən əvvəl bizim istirahətimizi pozur, mənamıza xələl gətirir. Qobustan bu mənada mədəniyyətimizin arxetipidir.

Biz keçmişimizi bir gün geriyə baxıb daşa dönəcəyimiz o müdhiş an üçün toxunulmaz elan edib qoruyuruq.

Qobustan həm də bizim daş olmaq həsrətiylə boylandığımız keçmişimizin üfüqləridir...

# 2719 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur müğənni azadlığa buraxıldı

Məşhur müğənni azadlığa buraxıldı

11:30 4 noyabr 2026
Teatr və konsert müəssisələrinin fəaliyyətinə 51,6 milyon manat ayrılacaq

Teatr və konsert müəssisələrinin fəaliyyətinə 51,6 milyon manat ayrılacaq

11:15 4 noyabr 2026
35 yaşlı  müğənni xərçəngdən  vəfat etdi

35 yaşlı müğənni xərçəngdən vəfat etdi

10:55 4 noyabr 2026
77 illik cinayətin sirri yenidən açıldı – Fransanın ən nüfuzlu ədəbi mükafatı ona verildi

77 illik cinayətin sirri yenidən açıldı – Fransanın ən nüfuzlu ədəbi mükafatı ona verildi

10:17 4 noyabr 2026
Ayasofiyada qədim tunellər və yeraltı məzarlıq üzə çıxarıldı

Ayasofiyada qədim tunellər və yeraltı məzarlıq üzə çıxarıldı

10:00 4 noyabr 2026
Qobustan qayasında 2000 illik sirr: Roma legionu Xəzərə niyə gəlmişdi?

Qobustan qayasında 2000 illik sirr: Roma legionu Xəzərə niyə gəlmişdi?

10:00 4 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər