Bir pay yeməyə görə qəbirləri dağıdan Coşqun - El Roman

Bir pay yeməyə görə qəbirləri dağıdan Coşqun - El Roman
17 yanvar 2024
# 21:00

Kulis.az El Romanın yeni yazısını təqdim edir.

Yaxşı bir söz var: “Ölənə qədər başına gələnlərə sən cavabdeh deyilsən, amma öləndən sonra başına gələnlərə sən cavabdehsən”.

Yaxşı bir söz də var: “Qurunun oduna yaş da yanar”.

Bu qədər mus-mus deyincə, gərək, Mustafanı da deyək.

Əvvəlcə sizi bir məsələdən agah edim. Hadisə çoxdanın hadisəsidir. Deməli, Şəmkir sakini, 31 yaşlı (hazırkı yaşını nəzərdə tuturam) Coşqun adlı bir şəxsə hansısa yas məclisində yemək verilməyib. 31 yaşlı Coşqun da verib adının haqqını, dağıdıb bütün məclisi.

Hirsi soyumayıb, gedib qəbirstanlığa. Məclis yiyəsinin bütün qohum-əqrəbalarının qəbirlərini dağıdıb, üstündəki güldanları sındırıb, ta qəbirlərin başına başqa hansı oyunları açıbsa, xəbərim yoxdu.

Dəhşət.

O bir söz var e, bu hadisə ancaq bizim ölkədə baş verə bilər. Eləmədim tənbəllik, xarici mənbələrdə bu və ya buna bənzər hadisə axtardım. Neçə dildə yazdım, heç nə tapa bilmədim. Bu hadisə, həqiqətən də, təkcə bizim ölkədə baş verə bilərdi.

Bu cür insanlar həyatdakı ən uğursuz insanlardır.

İlin-günün bu vaxtında bu köhnə söhbəti mənə xatırladan var, yoxsa mən də çoxdan unutmuşdum. Səhər qəbiristanlıqda nimdaş bir kişi gördüm. Gördüm ki, o qədim kişi bir qəbirin üstünə şirniyyat düzür: şəkərbura, paxlava, qoğal...

Coşqunu xatırladım...

Məsələn, Coşqun ona yemək verilməyən yas mağarından çıxıb hirsini tökmək üçün qəbiristanlığa gəlsəydi... Bu nimdaş kişinin qəbirin sinə daşına səliqəylə düzdüyü şirniyyatlarla rastlaşsa idi...

Elə olmadı, mən bu gün bir nimdaş kişi gördüm və Coşqunu xatırladım.

Bəlkə də, Coşqun özü də unudub bu söhbəti...

Bəlkə də, mənim gördüyüm nimdaş kişi elə Coşqunun özü idi...

Əlbəttə, 31 yaşlı Coşqundan ötrü bir pay yas yeməyi böyük uğur idi. Beyninin içində özü ilə mübarizə aparırdı. Ən axırda - məğlub olanda da bununla barışa bilmədi və acığını belə çıxdı.

Məsəl də var ki, ölülərdən qorxma, dirilərdən qorx. O da bunu sırğa edib qulağına, dirilərdən qaçıb düz ölülərin “canına”.

Ya da tam əksini fikirləşək. Məclisdə yemək verilsəydi, gedib qəbirstanlıqda qəbirləri heç olmasa, sulayacaqdı? Hansısa qəbrin üstünə bircə gül qoyacaqdı? Baş daşının tozunu siləcəkdi?

Susmaq ölümə bərabərdir. Bu bir reallıqdır. Əgər heyvanlar danışa bilsəydi, insanlar onların ətini yeyə bilməzdilər. Ölülərin həmişəlik susqunluğundan məharətlə istifadə edən bu qorxusuz gənc xəbərsizdir ki, gərək elə yaşayasan, sən öləndə yemək yemək üçün də olsa, yasına gələn olsun.

Mətləbdən uzaqdı, amma indi deyəcəm ki, bu cür insanlar ömründə bir dənə də olsa, kitab oxumayan insanlardır, yenə məni qınayacaqlar ki, onun nə dəxli var?

Vallah deyirəm, həyatında bircə dənə də olsa kitab oxuyan adam bu hərəkəti eləməz. Kitab oxuyub, camaatı kəsib-doğrayanları misal çəkmək də lazım deyil.

Söhbət şiddətə meyillilik, ya da hər hansı psixoloji problemdən getmir. Söhbət ondan gedir ki, çox yox, cəmi bir dənə kitab oxuyan adam bu cür məzmunsuzluq eləməz. Bəlkə, şiddət sarıdan bundan da betərini eliyər ha, söz yox. Amma məzmunsuzluq sarıdan eləməz.

Bu cür insanlar nə avaradır, nə dəlidir, nə də savadsızdır deyə, belə hallar baş verir. Bu cür insanların sayı barmaq sayını keçmədiyi üçün, onlar heç xüsusi qrupa da aid deyillər. Sayları o qədər azdır ki, bəlkə, qarşımıza bir də heç vaxt çıxmayacaqlar. Hətta bənzər növünü biz görmüşüksə, bir də nəvələrimiz görəcək.

Bu cür insanlar öləndə də məzmunsuz ölürlər. Bu barədə nümunə göstərsəm, mənim də başıma eynisi gələsidi. Ona görə bu dəfəlik susuram.

Özündən videomüsahibə almaq istəyərdim. Bəlkə, heç belə adam deyil? Bəlkə, insanlar onu səhv tanıyıblar?

Eybi yox. Siz yenə də elə təsəvvür eliyin ki, burada Coşqunun videomüsahibəsi yerləşdirilib. Ekranın aşağısında isə bir məlumat pəncərəsi tez-tez yanıb-sönür:

Coşqun, 31.

# 1687 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #