Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri
27 iyul 2025
# 17:00

Kulis.az Xəyalə Sevilin şeirlərini təqdim edir.

Səninlə aramızda
Nə qaldı ki, bitdimi?
Darıxmaq tənhalığın
Ən sonuncu həddimi?..

Əvvəl-əvvəl çətindi,
Gündüz-gecə darıxdım.
Adam necə darıxar?
Bax, eləcə darıxdım.

Darıxdım sözün düşən
Hər kəlmənin başında.
Nə getmədin gözümdən,
Nə görmədim qarşımda.

Sonra qəfil oyandım,
Gördüm hər tərəf sudu.
Dedim, bu gündən sonra
Yığışdır bu buludu...

İçim axşamtərəfi,
Nə yazdı, nə payızdı.
Görmür ki, dəyişmişəm,
Deyir, həminki qızdı.

***

İndən belə nə mənası,
Az elədin, çox elədin.
Sən də belə sehrbazsan,
Öz-özünü yox elədin.

Gün batdı, Ayam özümə,
Səhvəm, cəzayam özümə.
Gül kimi payam, özümə
Gör kimi qucaq elədim!

And deyilsən, içim səni,
Yol verdin ki, keçim səni.
Saxlamağa gücüm səni
Çatardı, uzaq elədim.

***


Sonra hamı getdi, bir-bir, iki-bir,
Adamlar azaldı, səslər azaldı.
Təkləndim bu boyda dünya içində,
Ən yaxın, ən doğma kəslər azaldı.

Sonra unuduldu bütün pisliklər,
Sonra alışıldı olanlara da.
Sonra şükür dedim gündə yüz dəfə
Əlimdə, ovcumda qalanlara da.

Sonra sən də getdin - nə önəmi var?
Könlümdə yerini hər an saxladım.
Ən vacib işimin arasında da
Səni düşünməyə zaman saxladım.

Sonra anladım ki, həyat belədi,
İnsanı ən həssas vaxtında yorur.
...Kim gözündən salır məni, görəsən?
Bir biləydim, məni kim unutdurur...

***


Deyirdim dəə...
Ayrılmağa nə var ki?!
İndi səndən dönmək var e.
İndi səni unutmaq var,
İndi özümə söz vermək,
İndi sözümü tutmaq var.
Deyirdim dəə,
Deyirdim.
Səndən sonra nə qaldısa,
Şeirdi.
İndən belə deyiləsi
Söz yoxdu- yüzün bilirəm.
Gəlmirsənsə, get, yaşayım,
Bacarsan, öyrət, yaşayım,
Ölməyi özüm bilirəm.

***

İndən belə sən də lazım deyilsən,
Qırılmışam, tökülmüşəm, qəmliyəm.
Sən ki mənim alın yazım deyilsən,
Vaxt lazımdı ki, özümü cəmliyəm.

Nəyin var ki? Sözünü tutmağın yox,
Məni yaxşı unutmağın var sənin.
Ürəyimin heç xeyrini görmədim,
Ürəyimdən topladığım bar sənin.

Bu gecə də özün yoxsan, sözün var,
Sən bilməzsən, susub danışmaq olur.
Salamımız, sağolumuz yerində,
Görürsənmi? Küsüb danışmaq olur.

# 1606 dəfə oxunub

Oxşar xəbərlər

Rus avanqardizminin ustası - Onun yaradıcılığına hansı məşhur rəssamın təsiri olmuşdu?

Rus avanqardizminin ustası - Onun yaradıcılığına hansı məşhur rəssamın təsiri olmuşdu?

13:10 13 dekabr 2025
Hadisə yaradan hadisəsiz film - Hilal Baydarovun filmləri niyə darıxdırıcıdır?

Hadisə yaradan hadisəsiz film - Hilal Baydarovun filmləri niyə darıxdırıcıdır?

12:00 8 dekabr 2025
Nobel, Dublin, Buker, Pulitzer... - 2025-ci ilin nüfuzlu ədəbiyyat mükafatlarının qalibləri kimlərdir?

Nobel, Dublin, Buker, Pulitzer... - 2025-ci ilin nüfuzlu ədəbiyyat mükafatlarının qalibləri kimlərdir?

15:00 7 dekabr 2025
Təmənnasız baş rollar ifa etdi, həkimlər kənddə yaşamağı məsləhət gördü - O, ruhi xəstəxanaya niyə gedirdi?

Təmənnasız baş rollar ifa etdi, həkimlər kənddə yaşamağı məsləhət gördü - O, ruhi xəstəxanaya niyə gedirdi?

15:00 6 dekabr 2025
Ağır daş - Əkrəm Əylislinin hekayəsi

Ağır daş - Əkrəm Əylislinin hekayəsi

12:00 6 dekabr 2025
Naturaçısı ilə evləndi, əsəri başqasına aid edildi... - İmpressionizmin banisi

Naturaçısı ilə evləndi, əsəri başqasına aid edildi... - İmpressionizmin banisi

15:31 5 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər