Bəxtinizi bir daha sınayın!

Orxan Cuvarlı, yazar

Orxan Cuvarlı, yazar

7 fevral 2022
# 11:40

Kulis.az Orxan Cuvarlının "Bəxtinizi bir daha sınayın" adlı yazısını təqdim edir.

"Bəxtinizi bir daha sınayın".

Yəqin ki, hər birimiz bu cümləylə azı bir dəfə rastlaşmışıq.

Mən cəmi dörd sözdən ibarət olan bu cümləni uşaqlığımdan xatırlayıram. Həmin vaxtlar sözügedən cümləni müxtəlif yerlərdə görürdüm, ən çox da "Fanta" qapaqlarında rastıma çıxardı.

İndi bu cümlənin insana qəribə inadkarlıq aşıladığını fikirləşirəm. Bəlkə, ona görədir ki, inadlaşa-inadlaşa cəhdlərimizi hələ də səngitməmişik.

Ta ki avtobusdan enənədək bu aramsız səadət axtarışlarının davam etdiyindən əmin deyildim.

Avtobus dayanacağında enəndə metronun çıxışında bir masa ətrafında yığışan adamlar diqqətimi çəkdi. Hamısı həvəslə masaya doğru əyilir, cibindəki qırış manatlıqlardan birini seçib kassirə uzadırdı. Kassir deyəndə, burada nə kassa aparatı, nə də çek filan görünür. Pulları toplayan şəxs xırda stolda əyləşib. Az qala qaşlarının üstünə qədər çəkdiyi papağının altında gözləri oyur-oyur oynayır.

Mənim üçün bu xəyali kassir ümid tacirindən savayı bir şey deyil. Bu xırda masa səadət köşkü, bura axışıb gələn adamlar isə səadət ovçularını xatırladır.

Masanı izlədikcə bu mənzərənin mənim üçün adiləşdiyini hiss etdim.

İki ay əvvəl "28 may" metrostansiyası ətrafında belə bir səhnəyə ilk dəfə şahid olanda xeyli təəccüblənmişdim. Onda qavraya bilmirdim ki, adamlar niyə bu "Poz-qazan" yazılı masalara cəmləşir?

Özü də bu masalarda hər qəbildən insan görmək mümkündür. Tələbəsindən taksi sürücüsünə, azyaşlısından gənc qızlaradək.

Bu adamlar çörək qırıntısına daraşan qarışqalar kimi ensiz masanı mühasirəyə alırlar. Ümid taciri bu qələbəlikdə görünməz olur. Əzik manatlıqlar havada uçuşur, hərə bir küncə çəkilib qəpik pullarla biletdəki müvafiq xanaları pozmağa başlayır.

Adamlar həmin xanaları elə ürəkdən, möhkəm pozurlar ki, elə bil alın yazılarını silməyə çalışırlar.

Bilet pozulduqdan sonra mimikalar, reaksiyalar bir-birindən fərqli olur. Kimsə üzülür, sifəti əyilir, kiminsə üz cizgiləri ciddiləşir, ciblərini döyəcləyib yeni manatlıq tapmaq istəyir, bəziləri xırda məbləğdə pul qazanır, irişə-irişə bir qıraqda qazancını artırmaq barədə cəhdlərini davam etdirir.

Şər qarışana qədər masanın üstündəki biletlər seyrəlir, ümid tacirlərininin cibləri qabarmağa başlayır.

Bakının xəzrisi məğlub səadət ovçularının biletlərini asfaltla belədən beləyə, elədən eləyə sürüyür.

Bir zamanlar mən də lotereya oynadığım üçün bu işin həyəcanını, gərginliyini yaxşı bilirəm. Onda səadət köşkləri yox idi, insanlar bu həyəcanı mavi ekranın qarşısında keçirirdilər.

Həmin vaxtlar birinci kanalda "Ailə sevinci", "Binqo", "5+1" kimi lotereya verilişləri var idi. İndinin özündə də verilişin aparıcısı Qorxmaz Əlilinin şaqraq, ekranda görünməyən, sadəcə səsini eşitdiyimiz naməlum bir xanımın quru səsi hafizəmdən silinməyib.

Adından da göründüyü kimi, onda bu oyunların əvvəlinə bir "ailə" sözü də pərçimlənmişdi. Elə onun təsiri idi ki, mən və bir çox tanışım bu oyunu ailəlikcə oynayır, həmin axşamları həyəcanla, nigaranlıqla gözləyirdik.

Yaşa dolduqca bu oyunlarda böyük pulların dövr etdiyini, iştirakçıların çox cüzi hissəsinin qalib olduğunu dərk edəndən sonra bütün bu hazırlıqlar mənim təsəvvürümdə bütün parlaqlığını, marağını itirdi.

İndi hər səadət köşkünü, oradakı izdihamı, küləyin qabağına qatıb sürüdüyü biletləri görəndə coğrafiyanın tale olduğunu bir daha anlayıram.

Nədənsə, hər bu mənzərəylə üzləşəndə qeybdən bir səs beynimdə hey təkrarlanır:

"Bəxtinizi bir daha sınayın"!

# 5962 dəfə oxunub

Oxşar xəbərlər

Nadir Yalçının “Lal ev”  hekayələr kitabının təqdimatı oldu

Nadir Yalçının “Lal ev” hekayələr kitabının təqdimatı oldu

19:35 20 dekabr 2025
Qardaşının ölümünü gizlədilər, həkimlər ona övlad qadağası qoydu - Anarın həyatdakı "Təhminə"si

Qardaşının ölümünü gizlədilər, həkimlər ona övlad qadağası qoydu - Anarın həyatdakı "Təhminə"si

14:14 20 dekabr 2025
"Erməninin, rusun yiyələri olacaqdı, biz həmşərilərin yox?!" - Pişəvərinin xeyir-dua verdiyi şair haqqında

"Erməninin, rusun yiyələri olacaqdı, biz həmşərilərin yox?!" - Pişəvərinin xeyir-dua verdiyi şair haqqında

12:00 20 dekabr 2025
Meyxanaçı Kərim dəfn edildi

Meyxanaçı Kərim dəfn edildi

11:49 20 dekabr 2025
Anadan gizli evlilik, övlad itkisi və yarımçıq qalan sevda – Nizami Rəmzi kimdir?

Anadan gizli evlilik, övlad itkisi və yarımçıq qalan sevda – Nizami Rəmzi kimdir?

11:06 20 dekabr 2025
Yutubun fəaliyyətində problemlər yaranıb

Yutubun fəaliyyətində problemlər yaranıb

10:02 20 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər