"Başını kəsmə, boşa!" – 33 yaşlı Xumarı niyə öldürdülər?

"Başını kəsmə, boşa!" – 33 yaşlı Xumarı niyə öldürdülər?
17 aprel 2025
# 18:35

Kulis.az Səbinə Əvəzqızının yeni yazısını təqdim edir.

Dünən axşam saatları idi. Oxuduğum xəbər...

İllərdi xəbərlə işlədiyimiz üçün özümüz də çevrilib olmuşuq xəbər adam. Nə qanlar, işgəncələr, əlimizdən, sadəcə, sətirlərə tökülüb. Sizin “ah-ufla” oxuduğunuz hadisələri biz tələsə-tələsə, sadəcə, rəsmi mənbələrlə dəqiqləşdirib xəbərə çevirməklə məşğuluq. Biz də insanıq, o an duyğular bizi silkələyir. Amma içimizdəki hissləri basdırmaqdan başqa əlacımız olmur. Belə-belə xəbərlər bizə adiləşir. Yəni xəbər adamını təəccübləndirmək asan deyil. Yanılmışam!

Xəbər budur - əri 33 yaşlı Xumar Məmmədovanın başını kəsdi. İnsanın əti ürpəşir. Ömrünün ən gözəl çağında, həyatın gözəlliklərindən xumarlanaraq yaşamaq var ikən, dünya ilə belə vəhşətlə vidalaşmaq ədalətsizlikdir, vicdansızlıqdır ən azından. Tərbiyəm icazə versə, hələ çox şey sadalayardım.

Çox istərdim ki, bu indi deyəcəklərimi ölmüş olsa belə arvadının başını kəsəcək qədər gözünü qan tutan, doğru qərar vermək qabiliyyətini itirən 38 yaşlı Burhan eşitsin. Sən bu qədər qəddar olacaq nə yaşamısan? Burhan, bahar fəslində göyün üzünü qaraldan buludlarmı səni çaşdırdı? Niyə Xumarın tüğyanı oldun? Sən kimsən ki, Allahın yaratdığı cana qıyırsan? Əgər bunu özün üçün “kişilik” hesab edirsənsə, niyə axşam saatlarınadək qaçaraq istintaqdan gizləndin? Axşam saat 22 radələrində özünü 14-cü mərtəbədən atanda da qoçaqlıq etmədin heç. O bir neçə saniyə havada uçarkən o qanadlar səni cəhənnəmə aparırdı, fərqindəydinmi?

Xumarla, Burhanın acınacaqlı sonu bizim üçün bir həyəcan təbili olmalıdır. Niyə gənc kişi arvadını boşamaqdansa, başını kəsir?

Bu bir daha onu göstərir ki, Azərbaycan cəmiyyətində boşanma qorxusu var. Bu qorxunun nəticəsində də faciələr baş alıb gedir. Çox istəyərdim ki, mütəxəssislər bu məsələni ciddi araşdırsınlar. Bu kimi hadisələr, ölkəmizdə ailə institutunun dərin problemlərini üzə çıxarır. Son nümunə, bu vəhşi qətl hadisəsi bu məsələnin nə qədər ciddi olduğunu göstərir.

Boşanma qorxusunun səbəbləri nədir?

Boşanma, cəmiyyətimizdə hələ də “xoxan” kimi görsənir, tabu olaraq qalır. Çoxumuza bəllidir ki, ailə münasibətlərində yaranan problemlər açıq şəkildə müzakirə edilmir. Niyə? Çünki bizim çoxumuz qarşımızdakını “can qulağı” ilə dinləyə bilmirik. Sadəcə dayanıb gözləyirik ki, (hətta buna da bəzilərinin səbri çatmır) o nitqini bitirsin, mən tez-tələsik ona cavab verim, susdurum. Hətta buna mədəniyyəti çatmayanlar qarşısındakının sözünü elə ağzındaca dondurur. Həmin ağzın üstünə şapalaq vuranlarımız belə az deyil. Bunun isə bir sonu olur – ZORAKILIQ.

Boşanma qərarı qadınları sosial və iqtisadi çətinliklərlə görə, qorxudur. Kişilər isə deyir ki, bu arvad mənimdir, birdən kimsə sonra göz tikər. Və bu ürəkbulandırıcı həyat tərzi işgəncəyə belə çevrilsə, birlikdəliklərini davam etdirirlər.

Hələ bu insanlar boşanma zamanı, əmlak bölgüsü, uşaqların qəyyumluğu və sosial təzyiqləri düşünüb ayrılmağı bir kənara qoyurlar. Bunun adı “yuvanı qorumaq” deyil. Yanlış anlamayın, mən də çox istəyərəm ki, gözəlim məmləkətimdə ailələr dağılmasın. Amma bir münasibət işgəncələrə birgə dözməkdən başqa, heç nə deyilsə, orada artıq YUVA yoxdur.

Deməli belə, bir xəbər adamı olaraq, rəsmi məlumatlara əsaslanıb sizə dəqiq söyləyə bilərəm ki, statistik məlumatlara görə, Azərbaycanda məişət zorakılığı halları artmaqdadır. Təkcə bircə ilin nəticələrinə baxaq. Yəni, bir nümunə kimi - 2018-ci ildə 915 qadın məişət zorakılığına məruz qalıb, onlardan 42-si öldürülüb.

Əziz soydaşlarım, Azərbaycanda boşanmaq üçün məhkəmələr var, bu həyatı birlikdə sevərək yaşaya bilmədiyiniz insanla eyni evdə qalmaq zorunda deyilsiniz. Əziz qadınlarımız, bircə dəfə şiddət gördüyünüz insanla bağlı hərtərəfli düşünün. Ağlınızı, beyninizi zorlayıb bir qərar verin. Qərarlı olun ki, burhanlar tüyğanlara səbəb olmasın.

# 1542 dəfə oxunub

Oxşar xəbərlər

"Dörd kitab oxuyan beşincini özü yazmaq istəyir, amma..." - Ulucay Akif

"Dörd kitab oxuyan beşincini özü yazmaq istəyir, amma..." - Ulucay Akif

17:50 3 noyabr 2025
"Rənglər mən öləndən sonra da yaşayacaq" - Anri Matisin son duası nə idi?

"Rənglər mən öləndən sonra da yaşayacaq" - Anri Matisin son duası nə idi?

17:27 3 noyabr 2025
Bakıda "Baku Steel Art 2025” sərgisi açıldı

Bakıda "Baku Steel Art 2025” sərgisi açıldı

17:25 3 noyabr 2025
Məşhur aktrisa doğum günündə vəfat etdi

Məşhur aktrisa doğum günündə vəfat etdi

16:42 3 noyabr 2025
Tanınmış dizayner  nüfuzlu mükafata layiq görülüb

Tanınmış dizayner nüfuzlu mükafata layiq görülüb

16:40 3 noyabr 2025
Rusiyanın Xalq artistinin çıxışına qarşı piket keçirildi

Rusiyanın Xalq artistinin çıxışına qarşı piket keçirildi

16:15 3 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər