Bakıda “Qarabağ”ı niyə fitə basdılar?

Bakıda “Qarabağ”ı niyə fitə basdılar?
27 mart 2023
# 12:40

Kulis.az Ulucay Akifin "Mövlananın sözünə gəlməyən azərbaycanlılar" adlı yazısını təqdim edir.

Bu yazı bu gün yazdığım ikinci yazıdır. Başınızı ağrıtdımsa, üzrlü sayın. Amma mövzu köhnəlməmiş məni narahat edən bir məsələdə dəmiri elə isti-isti döymək istədim.

Dünən Bakıda “Qarabağ” və “Qalatasaray” komandalarının oyunu baş tutdu.

Əvvəla yenə xatırlatmaq istəyirəm ki, bu dünyada zəhləm gedən iki şey varsa, onun üçü elə “Qalatasaray”dır. Heç vaxt qanım isinmədi bu komandaya.

Deyilənə görə, dünənki oyuna 60 minə yaxın bilet satılıbmış. Düzü, mən tribunalarda xeyli boş yer gördüm. Stadionun yarısı boş idi. Məlum "qara bazar" oyunudur. Nəysə. Məsələyə yaxşı tərəfdən baxaq: stadionun yarısı dolu idi.

Sözüm onda deyil, oyunu izləyəndə şahid oldum ki, tribunadakı azarkeşlərin əksəriyyəti “Qalatasaray” formasında idi və “Qarabağ” hücum edəndə komandamızı fitə basırdılar.

Elə bil oyun Bakıda yox, İstanbulda keçirilirdi.

Düzdür, qardaş ölkəyik, oyun da qardaşlıq oyunu idi, amma...

Dünən öz komandamızı fitə basanlar nəyin eyforiyasına qapılmışdı, bilmirəm. Hələ düşünəndə ki, bu, yoldaşlıq oyunudur, təəccübüm daha da artır.

Adamdan soruşarlar ki, oyunda prinsipiallıq yoxdursa, qardaşlıq, yoldaşlıq oyunudursa, niyə “Qarabağ”ı fitə basırsan?

Sualı bir də təkrarlayıram:

Oyunda prinsipiallıq yoxdursa, qardaşlıq, yoldaşlıq oyunudursa, niyə “Qarabağ”ı fitə basırsan?

Nəyin çatışmazlığıdır bu?

Əlbəttə, “Qalatasaray” azarkeşi ola bilərsən, sənə deyən yoxdur ki, “Qalatasaray”ı fitə bas, amma öz oyunçularımıza niyə elə edirsən?

Təbii ki, çox ciddi bir məsələ deyil bu. Futbol oyunudur da. Amma hadisənin alt qatındakı mahiyyəti çox ciddir. Bunun bir adı var: natamamlıq kompleksi. Özünü və özününkünü həmişə daha aşağı görmək, qədrini bilməmək.

Bir başqa məsələ.

Dünən “Qarabağ”ı fitə basan adamlar o adamlardı ki, iki gün əvvəl İrəvanda Ermənistan ilə Türkiyə millilərinin qarşılaşdığı oyunda ermənilərin Türkiyə himnini fitə basmasını tənqid edir, bunu tərbiyəsizlik, mədəniyyətsizlik, cahillik, vəhşilik, barbarlıq kimi qələmə verirdilər.

Necə gülməlidir. Deyilmi?

Bu adamlar iki gün qabaq İrəvanda oyun qabağı Türkiyə himnini fitə basdıqları üçün erməniləri təhqir edirdilər, dünən isə özləri Bakıda “Qarabağ”ı fitə basdılar.

Bu iki şeyi edən adamlar da eyni adamlardır. Dəhşətdir.

Özlərini elə aparırlar ki, guya Ermənistanın komandası Bakıda, ya İstanbulda oyuna çıxsa, onun himnini fitə basmayacaqlar. Axı kimi aldadırıq? Vallah, şəxsən mən, Ermənistanın himnini harada eşitsəm, fitə basaram. Əgər özüm belə edərəmsə, ermənini niyə qınayım?

Yaxşı, mən beləyəm, siz belə deyilsiniz, siz Ermənistanın himnini fitə basmarsınız, ona görə də ermənilərin bu hərəkətini qınayırsınız, söyürsünüz. Anladım.

Bəs onda niyə “Qarabağ”ı fitə basdınız dünən?

Deyirəm, bəlkə, ən nəhayətində Mövlananın sözünə gələk? Ya olduğumuz kimi görünək, ya da göründüyümüz kimi olaq.

# 7346 dəfə oxunub

Oxşar xəbərlər

Vyetnam müharibəsində iştirak edən tanınmış dublyajçı vəfat etdi

Vyetnam müharibəsində iştirak edən tanınmış dublyajçı vəfat etdi

12:27 11 noyabr 2026
Əfsanəvi musiqiçi milyarderlər sırasına daxil oldu

Əfsanəvi musiqiçi milyarderlər sırasına daxil oldu

12:00 11 noyabr 2026
Döşəmənin altından danışan qarışqayeyənlər çıxır - Haruki Murakamidən yeni roman

Döşəmənin altından danışan qarışqayeyənlər çıxır - Haruki Murakamidən yeni roman

11:40 11 noyabr 2026
İngiltərə Oksforddakı tarixi insan qalıqlarını Naqa xalqına qaytardı

İngiltərə Oksforddakı tarixi insan qalıqlarını Naqa xalqına qaytardı

11:20 11 noyabr 2026
1200 səhifəlik roman böyük mükafat qazandı - Müəllif əsər üzərində 20 il işləyib

1200 səhifəlik roman böyük mükafat qazandı - Müəllif əsər üzərində 20 il işləyib

11:00 11 noyabr 2026
“Xəz paltolu Madonna"nın "Maria Puder"i açıqlandı

“Xəz paltolu Madonna"nın "Maria Puder"i açıqlandı

10:40 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər