Bu gün məşhur türk aktrisası Meral Konratın doğum günüdür. Kulis.az onun haqqında 10 maraqlı faktı təqdim edir.
Meral Konratın ata və anası əslən Krımdan olublar. Ordan Türkiyəyə köçən ailə Konya şəhərində məskunlaşır. Atası uşaqlıq illərindən “qızım diktor və ya vəkil olacaq” desə də, Meral rəsm çəkməyi çox sevib.
***
Meral Marmara Universitetinin İncəsənət fakültəsində rəssamlıq üzrə təhsil alır, İstanbulda yaşayan bacısının evində qalmağa başlayır. Atası sonradan qızının ona yalan danışmasından xəbər tutub əsəbləşsə də, onu bağışlayır.
Meralın kinoya gəlişi reklamdan başlanır. Belə ki, məşhur reklam firmasının nümayəndələri Meralın oxuduğu fakültəyə gələrək şampun reklamına çəkilmək üçün qız axtardıqlarını deyirlər. Meralın saçları uzun olduğundan reklama onu çəkməyi qərara alırlar. Onlar Merala çox yaxşı pul qazanacağını, deyirlər.
Məbləğin yüksək olması Meral bu təkliflə razı salır, ancaq bir şərtlə onu elə formada makiyaj etməlidirlər ki, atası onu tanınmasın. Elə də olur. Meralın atası qızını reklam rolikində görüb deyir: “Bu qız Merala nə qədər bənzəyir".
Bir müddət sonra Merala kino təklifləri gəlməyə başlayır. Ancaq o, ciddi cəhdlə bu təkliflərdən imtina edir: "Sinema mənim üçün qorxulu yerdir, filmə çəkilmək istəmirəm" deyir. Ancaq tale onu kinoya gətirir. O, "Üçüncü Göz" filminə çəkilir və "Ankara Film Festivalı"nda ən yaxşı qadın aktrisa roluna layiq görülür.
***
Bir çoxları aktrisanı Türkan Şoraya bənzədir. Bu səbəbdən də bir gün rejissor Arif Keskiner çəkilişlərin birində Meralı Türkan Şorayın yanına aparıb deyir: “Türkan, bax kimi gətirdim, Meral Konratı sənin yanına gətirdim. Türkan xanım isə ayağa qalxıb diqqətlə mənə baxdı, hətta bir az səntirləyən kimi oldu, sonra isə heç nə demədən üzünü çevirib getdi. Biz sonralar onunla heç yerdə qarşılaşmadıq”. Türkan Şorayın ona heç nə demədən çıxıb getməsi Merala pis təsir edir və o, elə ordaca oturub uşaq kimi ağlamağa başlayır.
Aktrisa Azərbaycanda “Təhminə” filmindəki Təhminə roluna çəkilərək çox böyük məşhurluq qazanır. O, filmə çəkildiyi günləri belə xatırlayır:
“Çətin zamanlar idi və mən də çox çətinlik çəkdim. Mənə dedilər ki, Azərbaycana getmə, ora təhlükəlidir. Sizin müharibə şəraitində olmanız hər kəsi qorxudurdu. Hətta bir neçə dəfə avtomobilim güllələndi. Amma bütün bunlara baxmayaraq, çox xoşbəxtəm ki, o filmə çəkildim”.
***
Aktrisanın filmdəki tərəf müqabili Xalq artisti Fəxrəddin Manafov isə müsahibələrin birində deyir:
“Meral 20 il əvvəl həyatında böyük sevgi yaşayırdı. O, həmin şəxsə dəlicəsinə aşiq olmuşdu və bütün boş vaxtını, pullarını telefon danışıqlarına sərf edirdi. Peterburqda çəkiliş aparılanda onun yuxusuzluqdan necə əziyyət çəkdiyini indiyədək xatırlayıram. Meralın başqa bir kişiyə dəlicəsinə aşiq olması məni özümdən çıxarmışdı. Onu özümə aşiq etməyi elə çox istəyirdim ki... Bunun əvəzində Meralın sevgisi çox gözəl şəkildə rolunda öz əksini tapdı”.
Sonralar Zülfiyyə Xanbabayevanın klipində Zaur və Təhminə obrazları ilə çıxış edən hər iki aktyor klip çəkilişlərindən sonra bir-birlərindən incik düşür, anlaşılmazlıq yaşayırlar.
***
Bu məsələyə Meral xanım belə aydınlıq gətirərək aldadıldığını bildirib. O, deyib ki, “Təhminə-2” filminin çəkilməsi ilə bağlı aktrisaya zəng gəlsə də, onu Bakıda filmə deyil, Zülfiyyə Xanbabayevanın klipinə çəkiblər.
Fəxrəddin Manafov ona ünvanlanan suallara isə qısa olaraq belə cavab verib:
“Mən neyləyim? Gileylənmək onların borcudur. Durub deyim ki, gileylənmə? Məni belə şeydən uzaq edin, maraqlanmıram. Bununla bağlı danışmaq istəmirəm”.
Meral hazırda qızı Selen Sarı ilə birlikdə yaşayır. Xatırladaq ki, aktrisanın qızı rəqqasdır. O, bir çox müsabiqələrin qalibi olub. Meral xanım isə aktrisalıqla yanaşı həm də rejissor kimi fəaliyyət göstərir.