Azərbaycanın Andrey Zvyagintsevi – İlqar Kamil

Azərbaycanın Andrey Zvyagintsevi – İlqar Kamil
12 fevral 2024
# 10:40

Kulis.az Hikmət Rəhimovun “Apatiya” filmi haqqında İlqar Kamilin “Azərbaycanın Andrey Zvyagintsevi və ya bu adam amansızca tənqid olunmalıdır!” adlı yazısını təqdim edir.

Adətimdir, baxdığım filmlərə təəssürat etibarı öz aləmimdə ikinci bir ad qoyuram, elə oxuduğum kitablara da. Dostumuz Hikmətin “Apatiyası”nı İMAKSın böyük zalında izləməyimə rəğmən ağlıma ancaq bir ünvan yatdı: QƏBİR.

Buna, əlbəttə, qəbrin ik gecəsi də demək olardı.

Cəmi 15 kvadrat metrlik bu “qəbrin” ekranın o tayından “günahkar bəndələrə” dayanmadan qınaq dolu suallar yağdıran “inkir minkirini” də (aparıcı Xoşqədəm və Elgiz) unutmamışdı istedadlı rejissor və bu onun filmdə məni ən çox heyrətləndirən tapıntısıydı!

Balaca bir otaq təsəvvür edin... “otaq” deyirəm, çünki bir məkanın ev ola bilməsi üçün, məsələn, sevgi lazımdı, ünsiyyət lazımdı, ailə süfrəsi lazımdı...

ən əsası, SÜKUT lazımdı!

Bəzən adama elə gəlirdi, ekranın o tayından soxulub sükutuna təcavüz ediblər bu evin, özü də ən beyin aparan səslə, ən təhqiramiz tonla!

Çağrılmamış qonaq, siqaret tüstüsü... necə azmasın bu alatoranlıqda tale...?

Sakitliyi pozulan evlərdə insan olmaq çətin olur, biləsiniz...

Balaca bir ev təsəvvür edin, sakinlərinin hamısı gizlənib (eskapizm); kimi dır-dırının altında, kimi eynəyinin arxasında... uşaq da bu evdə rəsm çəkmir, xeyr, sadəcə olanları görməmək üçün rəsm bəhanəsiylə tez-tez üzünü divara çevirir.

Bu evdə eynək də GÖRMƏMƏK üçün taxılır, məsələn. Qəfil əmi qonaq gəlir, qəşəngcə ümidlənirsən, ancaq o da eynəklidir, o da olanları görmək istəmir. Yoxsa heç olmasa “pultu” qardaşının əlindən qapıb o lənət televizoru söndürə (oxu: sındıra) bilərdi axı, bilməzdi?

Rejissor “ailə problemləri və separasiya məsələsi”nə də çox ustalıqla toxunub: təsəvvür edin, evdəki qadının (mən ona ana deyə bilmirəm) yalnız iki səmimi narahatlığı var: qarınqulu qardaşı, bir də xəstə anası... uşağı, heç vecinə də deyil. Separasiyasızlıq budur: ailə qurandan sonra belə əvvəlki ailənin qayğılarından ayrıla bilməmək, cismi burda, ruhu orda olmaq. Təlimimiz də vardı axı:

boşanmaların ANA səbəbləri.

Filmi izləyib bitirən kimi ağlıma gələn ilk fikir belə oldu: bu istedadlı adam (rejissor) mütləq və amansızca tənqid olunmalıdır!

Niyəsini əsaslandıracam.

Bəzi səhnələrdə, etiraf edirəm, bərk utandım, tez başımı aşağı saldım ki, Hikmət üçün hədiyyə gətirdiyim kitab - “Kostyumlu övliya” əlimdə məndən daha pis utanır, lakin dərd bizim utanıb-utanmamağımız deyil.

Sənət cəmiyyətin güzgüsüdürmü, məsələn?

Sual budur.

Məncə, xeyr, sənətkar cəmiyyətin güzgü tutanı deyil, rəssamı olmalıdır. Və yenə də məncə, “Apatiya”da rejissor dostumuz bəzi yerlərdə sadəcə fotoqraflıq etmək istəyib, rəssamlığa gərək duymayıb, halbuki o bunu elə əsərindəki uşağın karandaşıyla da, divardaca çox məharətlə edə bilərdi.

Fəqət deyəsən bu səhlənkarlığı özü də hiss edib axı...

Məsələn, ekran işi yekunlaşır və rejissor çıxır səhnəyə: “...film çox ağır film idi, sıxılmısız, hiss edirəm, amma kefinizi pozmayın...” Və mən düşünürəm: bu boyda istedadın sahibi “kefinizi pozmayın”ı niyə ustası olduğu sənət diliylə, filmin içində deyil, nitqi ilə deməyə gərək duyur və ümumiyyətlə, niyə bu təsəlliyə ehtiyac görür, bəlkə özü də fərqindədir əsərində rəssamlıq (oxu: işıq) yetərsizliyinin?

Nə ağır diaqnozdur: işıq çatışmazlığı!

Məncə, sənət təkcə olanı deyil, olmalı olanı da göstərməlidir.

Məşhur rəssam Ogüst Renuar həmkarlarına necə demişdi: “dünyada neqativ hallar onsuz da çoxdur, gəlin biz yaxşı əsərlər yaradaq, öz çəkdiklərimizlə pislərin sayını artırmayaq”. Hikmət ən pis reallığın içində belə işığı tapa, yarada, göstərə bilən sənətkardır, yetər ki, istəsin, yetər ki, lazım bilsin. Mən elə onun ilk filmi “Çılpaq”ı da, sonuncu “Apatiya”nı da izləyəndə dünya şöhrətli rus rejissor Andrey Zvyaqinçevi xatırladım, onun psixoloji-dram janrında olan “Sürgünlər”ini, “Sevgisizlik”ini...

Və mübaliğəsiz deyirəm, mənə görə, Hikmətin filmləri sənət baxımından adını çəkdiyim rejissorun əsərlərindən heç də geri qalmır, və yenə də mübaliğəsiz deyirəm, mənə görə, cənab Rəhimov Azərbaycanın Zvyaqinçevidir.

Odur ki, filmdən sonra dərhal dostuma yazdım: bu gələcəyi parlaq adamın işlərinə laqeyd qalmaq olmaz, izlənməli, haqqında danışılmalı, yeri gələrsə amansızca tənqid olunmalıdır! Bəli, mən bu qənaətə çox əvvəllər gəlmişdim:

səhvləriniz diqqət çəkmirsə, sevinməyin, bu elə də mühüm adam olmadığınızın əlaməti də ola bilər.

PS. Yaxın günlərdə mənim təklifimlə KOD psixologiya mərkəzində “Apatiya”nın müzakirəsini təşkil etməyi planlaşdırırıq, orda bəlkə bu parlaq zəkadan daha geniş danışmaq fürsəti olar...

# 1756 dəfə oxunub

Oxşar xəbərlər

Puqaçovadan haqlarında çıxan iddialara cavab

Puqaçovadan haqlarında çıxan iddialara cavab

10:21 30 oktyabr 2024
20 gənc peşəkar təlimlərdə və tamaşada iştirak etdi

20 gənc peşəkar təlimlərdə və tamaşada iştirak etdi

09:49 30 oktyabr 2024
"Füzuli muğam dünyası" konserti keçirildi

"Füzuli muğam dünyası" konserti keçirildi

09:26 30 oktyabr 2024
Məşhur reper sui-qəsddə ittiham olunur

Məşhur reper sui-qəsddə ittiham olunur

09:23 30 oktyabr 2024
"Qeyri-səlis məntiq və dil-nitq" kitabının təqdimatı keçirildi

"Qeyri-səlis məntiq və dil-nitq" kitabının təqdimatı keçirildi

16:46 29 oktyabr 2024
Rasim Balayevin ailəsində ağır itki

Rasim Balayevin ailəsində ağır itki

16:28 29 oktyabr 2024
#
#
# # #