Azərbaycanda yas mərasimləri ləğv olunur?

Azərbaycanda yas mərasimləri ləğv olunur?
12 sentyabr 2023
# 15:38

Kulis.az Ülvi Bahadırın "3, 7, 40...Fatihə" adlı yeni yazısını təqdim edir.

Dağlarda qar qalandı,
Yağdıqca qar qalandı.
Qarğalar laçın oldu,
Laçınlar qarğalandı.

“Xalq artisti”nin yaxşı bayatı deməyi vardı. Məclisin bıldır yerində qəfil bayatı çağırar, heç kim də heç nə deyə bilməzdi. Deyə bilməzdin ki, ay eloğlu, sən bu kəndin mollasısan. Çağırıblar ki, dindən-imandan danışasan. Özü də başladısa, saxlamaq olmazdı. İmkanı olsaydı, saz da gətirərdi yas çadırına. Yaxşı da çalırdı ha! Adamın ürəyi sudan çıxmış balaca qara balıq kimi çırpınırdı. Hamı üzünə gülsə də, dalıyca danışırdı.

– Saçı-başı ağarıb, risofkalığından əl götürmür.

– Dədəsi də beləydi. Qamətin oğludu da. Nəsillikcə löyünsüzdülər.

– Evlənib-eləmir də ki, heç olmasa, arvad-uşaq yoluna qoya, bəlkə.

– Özü də çox əzmə-büzmədi ee. Bütün günü də Xosugildədi.

Eşidirdi, özünü o yerə qoymurdu. Tez bir bayatı guppuldadırdı.

***

Bu gün bir video gördüm. Deməli, Naxçıvanın Şərur şəhərinin Mahmudkənd kəndinin ağsaqqalları yığışıb qərara gəliblər ki, bundan sonra 3, 7, 40 və il ehsanları ləğv olunsun.

Toylar, yaslar ta qədimdən insanların əsas ünsiyyət yerləri olub.
Analar toylarda oğullarına qız seçərdilər.
Qızlar da toylara məxsusi hazırlaşırdılar.
Proses indi də davam edir. Ancaq sosial şəbəkələr, smart münasibətlər işin məcrasını dəyişdirib.
Yaslarda isə bir qədər fərqlidir.
Əvvəllər ölüm-itim də bu qədər olmazdı.
İnsanlar daha uzun yaşayırdılar.
İndi tut kimi tökülürlər ömürdən...

Nə qədər müxtəlif yas mərasimlərində eyni adamlarla rastlaşmaq olar? Danışılacaq, deyiləcək söz də qalmır.
Əvvəl gedən eldən gedirdisə, indi heç evdən də getmir.
Uzağı, kirayə qaldığı evin soyuq küncündən…

Ümumiyyətlə, bu mərasimləri dartıb-uzatmaq, deyəsən, təkcə bizdədir.

Toyda da belədir.

Oğlan toyu, qız toyu, gəlingətirdi, üzaçdı, nə bilim nə.

Eynisi yaslarda da var: 3, 7, 40, üstəlik, bir 52 də qondarıblar...

Təki yeyib-içmək olsun.

Bilmirsən, ölünü ağlayasan, yoxsa bu uzuntaraqlığı fikirləşəsən…

Sonra deməsinlər ki, anasının üçünü verə bilmədi…

Sonra deməsinlər ki, atası düzdə qaldı…

Belə “sonra”lara görə adamlar borca girirlər… Ananın ili çıxır, atanın ildönümü çatır, bu bədbəxt hələ də borc ödəyir…

Əvvəllər el-camaat yardımlaşardı. İndi o ənənə də tarixə qovuşmaqdadır.

Yeni ünsiyyət vasitələri yarandıqca yasların mahiyyəti də dəyişir.

O gün yasda bir dayı çay paylayan uşağa deyir ki, ooo qardaşoğlu, Tiktoku partdadırsan. Canavarsan, vallah.

İndi yaslar sadəcə yeyib-içmək məclisidir.

İnsanlar da adolsun deyə, gəlir.

Belədir. Gərək gedəsən ki, gələlər.

Hər şey kimi yaslar da dayazlaşıb, mənasızlaşıb.

Daha da urvatdan düşmədən belə bir qərarın verilməsi sevindiricidir.

Ümidvaram, bu qərar bütün ölkədə tətbiq olunar və 3, 7, 40, 52 hoqqalarından canımız qurtarar.
Düzdür, bu uydurulmuş ayinlər, yemək-içmək bəhanəsi, bir növ, mollaların “ölüm qərarı”dır, ancaq beləcə həm israfçılığın qarşısı alınacaq, həm də ölü yiyəsinin çiyinlərindən əlavə “tabut” götürüləcək.

Həyat indi çox sürətlidir. Bəzi şeyləri rəndələmək, qaydaya salmaq lazımdır.

Öldü, mərasim keçirildi, dəfn edildi, vəssalam.

Ölü də hörmətli, diri də.

***

Axırıncı dəfə nə vaxt 40-a getdiyimi xatırlamıram.

Hə, yadıma düşdü.

Hiss elədim… çiynimin ağırlığından…

Qamət kişinin “Xalq artisti” oğlu…

Kiçik ölümlərin sərgərdanı…


Dağlarda qar qalandı,
Yağdıqca qar qalandı.
Qarğalar laçın oldu,
Laçınlar qarğalandı.


# 6188 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur müğənni xəstəxanaya yerləşdirildi

Məşhur müğənni xəstəxanaya yerləşdirildi

15:00 4 mart 2026
Boşanma statistikasında "günah keçisi" axtarmaq...- Qadınlar  aliment  almaq üçün boşanır?

Boşanma statistikasında "günah keçisi" axtarmaq...- Qadınlar aliment almaq üçün boşanır?

14:33 4 mart 2026
Tur bələdçisi piramidanın üzərində rəsm çəkdiyinə görə həbs olundu

Tur bələdçisi piramidanın üzərində rəsm çəkdiyinə görə həbs olundu

14:30 4 mart 2026
Müharibə mövzusunda yazılmış cəsarətli roman - Əminə İbrahimli

Müharibə mövzusunda yazılmış cəsarətli roman - Əminə İbrahimli

14:00 4 mart 2026
Rusiya Venesiya Bienalında iştirak edəcək? - Açıqlama

Rusiya Venesiya Bienalında iştirak edəcək? - Açıqlama

13:30 4 mart 2026
Teatr qalmaqallı məhkəmə işi ilə bağlı açıqlama yaydı

Teatr qalmaqallı məhkəmə işi ilə bağlı açıqlama yaydı

12:58 4 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər