Aygün Kazımovanın “qızları”, dəbdəbəli toy mərasimi, ölən itin məhkəməsi – Heyvanların gözəllik salonundan reportaj

İtlərin gözəllik salonu

İtlərin gözəllik salonu

10 noyabr 2021
# 09:00

Kulis.az Ayxan Ayvazın “Doggie Couture by Nelya” adlı itlərin gözəllik salonundan yazdığı reportajı təqdim edir.

İtlərin gözəllik salonunda ilk səhnə: yaşlı, eynəkli kişi pişik yuvaları tikir. İpi yaşlayıb iynəyə keçirir və nəhəng pişik başının gözlərini yaradır. Salonun sahibəsi Nailə xanımı gözləyə-gözləyə Rasim müəllimlə söhbətləşirik. Rasim kişi butafor rəssamdır. Şəhərdə gördüyümüz kuklaları düzəldir, o kuklalar uşaqları əyləndirir, onlarla şəkil çəkdirir. Şəkil demişkən, Rasim kişi qabaqlar fotoqraf da olub, indi deyir ki, foto “çık-çık” hadisəsinə çevrildiyi üçün bu işin daşını atıb.

Pişik yuvaları hazırdır, içində varlı evlərin pişikləri yuxulayacaq. Küçə pişikləri üçün deyil bu yuvalar. Rasim kişi deyir, itlər üçün də yuva hazırlayır. Yuvaların içinə toxunuram, isti və yumşaqdır: “İtlərlə, pişiklərin kefidir, qışda üşüməzlər” deyirəm.

Nailə xanımın gəlməsi ilə qapısı bağlı bərbər salonunun içindən itlərin darıxan səsləri gəlir. Xoş simalı, gözəl Nailə xanım bizi dərhal itlərin “uklatka” olunduğu yerə aparır.

İçəridə, girən kimi sağda qəfəslər var, burda “saç kəsimi” yekunlaşan itləri görürük. Bizi görən kimi fərqli cinslərdən olan bir neçə it atılıb-düşməyə, vıqqıldamağa, əcaib səslər çıxarmağa başlayırlar. Bircə ən aşağıdakı itin səsi çıxmır; uzanıb, çənəsini pəncələrinə dayaq eləyib kədərlə qarşısını süzür.

“Nailə xanım, bu it niyə kədərlidir?”

“Sahibləri gəlib götürməyiblər hələ…”

Ağappaq, yekəpər it pişik kimi büzüşüb başını qımıldatmadan yenə qabağına – boşluğa baxır və hiss edirəm ki, köksünü ötürür.

“İtlər növbə gözləyəndə də kədərli olurlar?”

“Biz onlara yemək veririk. Əylənirik. Amma kədərli olurlar yenə də. Bilirsiniz niyə? Elə bilirlər ki, sahibləri onları atıb gedib. Salona alışa bilmirlər. Ona görə də onları tez-tez bura gətirmək lazımdır ki, öyrəşsinlər”.

Bərbərlərdən biri bapbalaca, potiven cinsli iti çimizdirib, dediyinə görə, bir saatdan çox “uklatka” eləyib. İt fotosessiya üçün hazırlanmış yerdə titrəyə-titrəyə Nailə xanımın telefondakı obyektinə yox, bizə baxır və onda daha çox titrəyirdi.

“Həm üşüyür, həm də qorxur – deyir Nailə xanım – Belə itlərin ürəyi zəif olur”.

Qulaqları yerə dəyən balaca, tüklü it, nəhayət, obyektivə baxır və şəkil alınır. İndi o, yaxşıca qırxılmış, ölü tüklərdən azad olunmuş, tərtəmiz, pürrü-pak itdir. Fotosessiyaya başqa itləri də gətirirlər. Nailə xanım onlarla oynaya-oynaya, itləri danışdıra-danışdıra şəkillərini çəkir. İtlərin bəziləri özünü ağır aparır, bəziləri isə dəcəlliklərindən qalmırlar. Nailə xanım onların nazıyla oynayır, gah qarşılarında top atır, gah əzizləyir, gah da yumşaq tüklərini sığallayır.

“Nailə xanım, gündə nə qədər it gələr?”

“Məktəb başladığına görə azalıb. Pandemiyaya görə də az oldu. Hardasa 10-15 it gəlir. Yayda bir az çox olur. Avqust ayından başqa. O ay çox zəif olur. Hamı məzuniyyətə gedir axı”.

Cinsini bilmədiyim itlərdən birini vannaya qoyub çimizdirməyə hazırlaşırdılar. Bərbər xanım iti qucaqlayıb kranta əlini tutmuşdu, suyun istiliyini yoxlayırdı. İt muncuq gözləri ilə bizə baxır, sanki çimizdirilməyinə bu qədər şahidin yığılmasından narahat olurdu.

“İndi “uklatka” olunacaq” – çimizdirilmə bitəndən və it çırpınıb tüklərindəki suyu vannanın ətrafına sıçradandan sonra Nailə xanım deyir və onu bərbərlə köməkçisi “uklatka” üçün bərbər masasına aparırlar.

“İşimizin ən çətini “uklatka”dır. – Nailə xanım gülümsünür – Oy, çox əziyyət çəkirik”.

“Nə qədər vaxt alır hər itin uklatkası?”

“Fərqli. Hər itə görə dəyişir. Bax, bu itə üç saat vaxt gedəcək”.

Qəfəsin içində hazır olan, “ata-anasını” gözləyən itlərin qəfil himn kimi bir yerdə vıqqıldaması söhbətimizin arasına girir və salondakı bərbərlər də, mən də gülürük.

Bərbər xanım bayaqkı iti “uklatka” eləyə-eləyə danışır:

“Bizim hər günümüz maraqlıdır. Elə gün olmayıb ki, o gün itlərdən təzə nəsə kəşf eləməyək. İşin çətin tərəfi də var, təbii. Ancaq yenə də zövqlüdür”.

O biri bərbər xanım köməkçisi ilə bir yerdə balaca bir itin qarın nahiyəsini qırxırlar – itin üzündə sevinc var.

“Ən çox buraları iylənir itlərin. Bayıra gedəndə də dəhşətli iy olur. Ona görə də bu yerlərini qırxmaq lazımdır” – qarın nahiyəsini bitirən bərbər ayaqlarının arasındakı tükləri təmizləməyə başlayır.

Ayaqlarını təmizlədən itin çox təkəbbürlü olduğunu görürəm. İti iki bərbər tutub, Nailə xanım da ona baxıb gülümsəyir. İt isə belə olmalıymış kimi, tövrünü pozmadan tavana baxır.

“Bu yəqin məmurların itlərindən olar” – deyib gülürəm.

Nailə xanım da gülür:

“Bizdə hamının itləri var. Kimin ki itləri var, bizə gətirirlər. Məsələn, deputatlardan, Prezident Aparatından, nazirlərdən... İcra hakimlərindən. Hamısının itləri bizdə qulluq görür. Çünki bizim servisimiz çox yaxşıdır”.

“Kimlərdi? Ad çəkə bilərsiniz?”

“Vallah, adları yadımda qalmır. Amma itləri varsa, bizə gətirirlər. Hətta Prezidentin ailəsindən də”.

“Müğənnilərdən bəs?”

“Oy... əlbəttə. Məsələn, Aygün Kazımova, Röya, Miri Yusif, Nura Suri. Hamısı da itlərini çox istəyir. Vaxtlı-vaxtında gətirirlər”.

“Aygün Kazımovanın itləri necədir?”

“İt deməyin, xahiş edirəm. – gülür – Çünki Aygün xanım tapşırıb ki, mənim “qızlarıma” it deməyin. Özü də üstlərində əsir. Gəlmədən əvvəl tapşırır. Kaprizləri çoxdur. Bunu elə edin, onu belə”.

“Bəs, Röya?”

“Röya deyir, sizə buraxıram, necə edirsiniz elə edin. Miri Yusif də elədi. Sonra... – fikirləşir – Nura Surinin Mişka adlı iti var. Hər dəfə gətirir, yaxşı da baxır. Bir də... Natiq...”

“Natiq ritm qrupu?”

“Hə, hə...”

“Qrupun hamısı gətirir?” – gülümsəyirəm.

“Yox, biri idi, deyəsən”.

“Dindarlar gətirir bəs?”

“Hə, normal olanları gətirir. Hacı Şahinlə bizim söhbətimiz oldu Yutubda. Orda Hacı Şahin itlərlə bağlı hədislər dedi, o qədər yaxşı şeylər danışdı ki, itləri murdar hesab edənlərin düşüncələri dəyişdi”.

Nailə xanım danışa-danışa qurulanan itlərdən birini daramağa başlayır. Daradıqca da iti əzizləyir. İtin qırışlı tükləri sahmana düşdükcə təşəkkür mənasında hürməyə başlayır.

“Pişikləri görmürəm. Pişik gətirən olur?”

“Olur, hə. Biz pişiklərə də baxırıq. Amma onlar bir az kaprizli olur, cırmaq filan atırlar. Ona görə də çox vaxt qaytarırıq”.

“Başqa hansı heyvan gətiriblər?”

“Bir dəfə donuz gətirmişdilər. – gülür – Özü də donuz ilində. Hədiyyə aparmışdılar. Səhər 6-da zəng etmişdilər ki, bəs donuz gətirəcəyik. Dekorativ donuz idi. Bilmirəm, hara hədiyyə etmək istəyirdilər. Biz donuzu çimizdirəndə “xruuu-xrruu” deyə səs çıxarırdı. Meymun da gətirmişdilər. Şir balası da gətiriblər. Dovşan da gətirirlər. Ancaq onları çimizdirəndə ehtiyatlı davranırıq”.

“Niyə?”

“Bir az səs olan kimi ölürlər. Ona görə...”

Sən demə günlərin birində salona bir it gətirirlər. İt çimizdirələndə həyəcanlanır və ürəyi möhkəmdən döyünməyə başlayır. Bərbər narahat olur və tez iti qucağına götürüb baytara aparmaq üçün çıxışa qaçır. Elə bu vaxt qapıda itin xanım yiyəsi ilə qarşılaşır. Qadın itini bu halda görüb qışqır-bağır salır, salondakıları yaş yuyub quru sərir, hamını itin bu hala düşməyində günahkar görür.

“O itin ürəyində problem var imiş. Qadın bizə deməyib. Yolda da özünü pis hiss eləyibmiş”.

İti baytara çatdırırlar... Ancaq onu qurtarmaq mümkün olmur. İt ölür, geriyə yalnız onun açıqda qalmış gözləri qalır.

“Ondan sonra həmin qadın o qədər çalışdı bizi biabır eləsin. Sosial şəbəkələrdə pis sözlər danışırdı. Şəxsi söhbətlər və s. Şou yaratdı əməlli. İt öldü, o da məşhur oldu. Çalışdı bizi yerə salsın. Həmin sözlərə görə məhkəməyə müraciət elədim. Bir il çəkdi məhkəmə. Koronavirus gəldi. Hakim də korona oldu. Bu avqustda şəxsi təhqirə görə məhkəmədən dedilər ki, “publiçni” üzr istəməlidir. O da Apelyasiyaya verib. Üzr istəməsə, 2000 manat cərimə tutulacaq. Məsələ pulda deyil. 2000 nədir ki? Amma bizi təhqir elədiyi üçün mütləq üzr istəməlidir”.

Nailə xanım o hadisədən kifayət qədər təsirlənsə də gözlərində, jestlərində xoşbəxtlik işartıları sezilir, hiss edirəm ki, o, bu işi nə pul, nə şöhrət üçün eləyir:

“Düz deyirsiniz. Ürəyimi oxudunuz. Qazanc ancaq qızlarım üçündür. – itlərini nəzərdə tutur – Mənə qəpik-quruş qalır. Gedirəm özüm üçün salona filan. – gülür – Xeyirxahlıqdan eləyirəm, başqa heç nə”.

Danışır ki, Ukraynada qrumminq (heyvanların qulluğu üçün zəruri prosedurlar) təhsili aldıqdan sonra öz evində itləri qəbul eləyib. Hər gün televiziyadakı işindən çıxıb evə gəlir və gecə yarısına qədər itlər üçün bərbərlik fəaliyyəti görürmüş. Özü də çox ucuz qiymətə. Əvvəl dostlar, sonra dostların dostları, sonra da dostların dostlarının dostları itlərini gətirib. O ərəfələr İnstaqramda səhifə də açıb. Bir də baxıb görüb ki, artıq müştərilər aşıb-daşır və mütləq salon açmaq lazımdı. Nəhayət, Bülbüldə balaca bir salon açıb, 2012-ci ildə isə Rəşid Behbudov 53-də indi haqqında söhbət açdığımız “Doggie Couture by Nelya”–i yaradıb.

Bülbüldə salon açanda qonşular daş atıb başlarını tutublar, deyiblər, evlərimizə tük dolacaq, bu qadın dəlidir, getsin şəhərdən kənarda salon açsın. Bütün bu çətinliklər, söz-söhbətlər axırı yaxşı sonluqla bitib. Hətta o deyinən, işləməyə mane olan qonşu qadınlar da öz itlərini gətiriblər, Nailə xanımdan üzr də istəyiblər. Axırıncı “it ölümü” hadisəsindən sonra da salonun qapısına üzr məktubları qoyub gedənlər də olub.

Bütün söz-söhbətlərə, dedi-qodulara baxmayaraq, Nailə xanım pozitivliyini itirmir və daha sevgiylə işini görür. Deyir, itlərin ad günləri, toyları da burda keçirilir. Özü də əməlli-başlı təmtəraqla. Deməli, əvvəlcədən itləri bir-biriylə tanış eləyən müştərilər onları salona gətirir, toy günü götürür. Toy günü bəy it və gəlin it yaxşıca çimizdirilir, – erkək üçün bəy hamamı təşkil olunur – qurulanır, “uklatka” olunur, saçı-başı, qarınaltı, ayaqarası təmizlənir, boyanır və bəy-gəlin oturacağında oturdulur. Ardınca fotosessiyalar, qonaq dəvət olunan itlər (deyəsən, pişiklər də olur) vur-çatlasın, çal oynasın toyu qeyd edib dağılışırlar.

“Müğənnilərdən toyda oxumağa gələnlər olur?”

“Yox, yox” – Nailə xanım gülür.

Bu yaxınlarda itlərin birinin – Fındıq adlı məşhur itin ad günü keçirilib. Nailə xanımın dediyinə görə, ad günü olan itlər üçün salonda 50 faiz endirim olur. Həmin ad günündə Fındıq çox xoşbəxt görünürmüş. Onu yaxşıca yuyub təmizləyib, geyindiriblər. Dostları da gəlibmiş Fındığın. Bir yerdə salonda əylənəndən sonra partiyə gediblər – orda əyləncə davam edib, itlər “düt” deyincə vurub və yaxşıca rəqs eləyiblər. Kim bilir, onların arasında bir-birinə aşiq olan, bir-biriylə dostlaşan itlər də olub bəlkə də.

Bu arada Nailə xanım pişiklər və itlər üçün paltarlar da tikib satışa çıxarır. Bir-birindən gözəl, fərqli pişik və it geyimləri salonun girişində sərgilənib. Nailə xanım deyir ki, qışda üşüyən itlər və pişiklər üçün bu paltarlar çox yaxşıdır, onları üşüməyə qoymur, o itlərlə pişiklər o paltarlarda özlərini isti bir evdə xoşbəxt hiss edirlər. "Azerbaijan Fashion Week" moda həftəsinin növbəti günündə Nailə xanımın təşkilatçılı ilə defilə də keçirilib. Elza Seyidcahan, Almaz Ələsgərli, Nura Suri, Miri Yusif, Nadir Qafarzadə və bir çox tanınmış sima itləri ilə podiuma çıxaraq Nailə xanımın hazırladığı paltarları təqdim ediblər.

“Nadir Qafarzadənin iti necəydi?”

“Deyəsən, öz iti deyildi. Hardansa gətirmişdi. – o günü yadına salıb gülümsəyir Nailə xanım – Nadir elədi də. Hər şeydə birinci. Deyən kimi, dedi ki, oldu, oldu. Çox sağ olsun, çox yaxşı dost, yaxşı insandı”.

“Küçədən it gətirən olur, bəs?”

“Oy, nə danışırsınız? Mən, ümumiyyətlə, küçə itlərini xilas etmişəm. Nə qədər iti. – Nailə xanım rus dillidir deyə bir az danışmağa çətinlik çəkir. – Deməli, hər həftənin çərşənbə axşamı salonda bir kampaniya eləyirik. Küçədən 20-yə yaxın it gətirirlər. Biz onları yuyuruq, təmizləyirik, qırxırıq və sığınacaqlara göndəririk. Mənim istəyim insanlara o sevgini aşılamaqdır. İtləri sevsinlər. Əvvəllər də, indi də bu yolda olmuşam. Hətta bununla bağlı “Mənim dostum” verilişim də var Yutubda. Öz itim, Lili. Xilas olunmuş itdir. Tanışımız pis baxırdı. Ona görə də mən onu götürdüm. Bu cür çox iti xilas eləmişik. Fərid adlı dostumuz var, heyvansevərdi. Mən hər dəfə ona zəng edirəm, deyirəm, it var, onu xilas eləmək lazımdı. O da sağ olsun, kömək eləyir. Hətta elə itlər var ki, onları müalicə üçün Amerikaya göndəririk. Özümüz burda uzidə baxırıq, problem çıxanda baytara aparırıq”.

“İtlərdə ən çox hansı xəstəlik aşkarlanır?”

“Xərçəng... – kədərlə deyir – Bu da pis qidalanmadan olur”.

Bu yerdə müştəri gəlib öz itini götürmək istəyir. İt isə ona məhəl qoymur, salonda dolaşıb vıqqıldamağa başlayır. Nailə xanım itin dörd dolandığını görüb deyir:

“Anan gəlib, getmək istəmirsən?”

Gülüşmə düşür.

“Qız görüb e, ona görə getmir”. – müştəri bunu deyib gülümsünür.

Nailə xanım mənə tərəf çönüb deyir:

“Bizdə dəyişik düşən itlər olub. Müştəri gəlib götürüb bir dəfə. Sonra axşam zəng vurub ki, bu it yaman kefsizdir, niyə belə. Bizdə baxıb görmüşük səhv it götürüb. Təmizlənəndən sonra çox müştəri öz itini tanımaqda çətinlik çəkir. Amma mən öz itlərimi heç vaxt qarışdırmıram. Canlarımdı onlar mənim”.

“İtlərə necə baxır müştərilər?”

“Mən həmişə deyirəm. Deyirəm, yaxşı baxın filan. İnciyirlər. Deyirlər, biz yaxşı baxırıq. Gərək ən bahalı yeməkləri yedirdəsən itlərə. Təmiz saxlayasan”.

“İt yemləri, şampunlar neçəyə olur?”

“Şampunlar 20-40 manat arası dəyişir. Professional olsun deyə suyla qatıb təmizləməlisən onları. Onda yaxşı olur. Yemlərin 1 kilosu da hardasa 16 manat”.

Öz növbəsini gözləyəndə itlərə yemək və su verirlər. Nailə xanım deyir ki, itlər insanlar kimi növbə gözləyəndə dava salmırlar, qəfəslərini dağıtmırlar.

“Sadəcə darıxırlar. Gözləyirlər ki, “ata-analar”ı onları aparsın. Bura gələn heyvanlar həmişə stresli olur. Tərk edildiklərini, onları atdıqlarını düşünürlər. Evə gedəndə də çox vaxt o kədər onların üzündə olur”.

Hazır, paklanmış itlərə baxıram, onlar hələ də sahiblərini gözləyirlər. Vannadakı krantın səsi gəlir. Hansısa iti çimizdirib qurtarıblar. İndi həmin it qurulanır və mənə yuxarıdan aşağı baxır. Görürəm ki, it məndən daha yaxşı vəziyyətdədir. Deyəsən, bu həqiqəti itin özü də bilir. Gözlərindən dediklərini oxuyuram: “Sən bura reportaja gəlmisən? Bu nə yaşayışdı? Mən axşam 16 manatlıq yeməyimi yeyib yatacam”.

# 9646 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #