Ayfonlu birincilər, ay sonu valideynlər

Ayfonlu birincilər, ay sonu valideynlər
15 sentyabr 2023
# 13:00

Kulis.az Rəna Nevzatın “Bilik günü – birlik günü” adlı yeni yazısını təqdim edir.

Bu gündən ölkənin bütün təhsil müəssisələrində tədris başlayır.

2023/2024-cü tədris ilində orta məktəblərdə 1 milyon 612 min 294 şagird təhsil alacaq.

Eyni zamanda, 135 000 uşaq birinci sinfə gedəcək, 80 273 uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq. Bundan başqa, 114 484 uşaq məktəbəqədər təhsil müəssisəsinə (uşaq bağçası) gedəcək.

Həmçinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə 481 131 şagird təhsil alacaq. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 40 500, IX sinfində 41 016, X sinfində 31 300, XI sinfində 26 887, XII sinfində 130 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Yeni tədris ilinin daha bir yeniliyi bütün məktəblərdə vahid məktəbli formasının tətbiqidir.

Eyni zamanda işğaldan azad olunan ərazilərimizdəki məktəblərdə yeni tədris ilində ilk zəng çalınacaq. Bura Zəngilan rayonu Ağalı kənd tam orta məktəbi, Tərtər rayonu Talış kənd tam orta məktəbi, Füzuli şəhər 1 nömrəli tam orta məktəb və Laçın şəhər 2 nömrəli tam orta məktəbi aiddir. Həmin məktəblərdə sentyabrın 15-də Bilik günü ilə əlaqəli dərslər keçiriləcək.

Qeyd edim ki, 2023-2024-cü tədris ili iyunun 14-də başa çatacaq

Pəəh, belənçi xəbərləri oxuyanda, birincilərin şəkillərini, valideynlərin sevincini görəndə adamın ürəyi fərəhlənir, fərəhlənib dağ boyda olur.

Bəs nə?

O uşaqlar - gələcəyin ziyalısı, aydını, mühəndisi, həkimi, yazıçısı…

Qurucular, xilasedicilər…

O valideynlər - gecə-gündüz çalışır, yemir yedizdirir, içmir içizdirir, geyinmir, geyindirir, ayılarla savaşır, ilanlarla boğuşur, çaqqallarla yarışır, nəhayət, əl-üzünü yuyur, ömrün on dəqiqəsini icarəyə götürür ki, xoşbəxt olsun, fərəhlənsin.
Fəqət deyərsən, bu başıbəlalı tarixin altındamı, üstündəmi yekəpər div oturub, gələcəyə barmaq eləyir, keçmişə toz üfürür, əlləşir ki, həp dilxorçuluq olsun.

Orta olsun, ali olsun, - təhsil sistemində, tədris mərkəzlərində, dərs ocaqlarında, direktor oylaqlarında, müəllim pirlərində xeyli problem var, məlumdur.

Hamının bildiyi zadları təzədən yazıb dəyərli vaxtınızı almaq istəmirəm.

Başqa şey deyirəm.

Fürsətdən istifadə edib məsul şəxslərə iradımı-təklifimi bildirmək istəyirəm.

Məsələn, birinci sinifə gedən uşaqların çantaları, fiziki-informativ yükləri…

Hər gün az qala, öz çəkisindən iki dəfə ağır yükü çiynində daşıyan məktəblilərin çoxunun beli əyilir. Hər fənnə aid kitab, dəftər, test tapşırığı, iş dəftərləri... digər dərs ləvazimatları, yemək çantası, suluq (bu sözün də publisistikada ilk günüdür. xeyirli-uğurlu olsun)...

Qaydalara görə, əslində, çantanın çəkisi uşağın çəkisinin 14-15 faizini keçməməlidir: bu hesabla 8 yaşınadək olan uşaqlar 2 kilo (içindəkilərlə), 8-12 yaşınadək uşaqlar ən çox 4, 12-15 yaş uşaqlar isə 5 kilo ağırlığında çanta götürməlidirlər. İçində heç nə olmayan çantanın çəkisi 700 qramı keçməməlidir. Yoxsa uşaqlarda skolioz yarana bilər.

Monitorinqin nəticələrinə görə, I sinif şagirdinin dərs vasiitləri təxminən, 2 kilo 145 qramdır. İş dəftərləri, test dəftərlərini də hesablasaq, 4-5 kilo. Digər ləvazimatlarla birgə 7 kilo!

7 kilo e!

Əlbəttə, kitabların çəkisinin azaldılmasının əleyhinəyəm. Çünki çəki azaldıqca keyfiyyət də düşəcək. Kağızın keyfiyyəti önəmlidir.

Ya fənlərin sayı azaldılmalı ya kitablar ixtisar edilməlidir.

O kitablarda xeyli əhəmiyyətsiz informasiya var. Uşağın zəka çarxına çomaq kimi ilişən suallar, məsələlər...

Ya da kitablar hər şagird üçün iki nüsxə dərc edilməlidir. Biri daimi məktəbdə qalmalı, biri də evdə.

Təhsilin, elmin əhəmiyyətini deyəsən, doğru anlamamışıq axı...

“Beşikdən qəbirəcən elm öyrənmək...”

“Oxumaq, oxumaq, oxumaq!” - yox e, əzizim, bu, o demək deyil ki, uşaq indidən əyilməlidir.

İnsan yüklənirsə, inkişaf dayanır, ümumiyyətlə, mexanizm dayanır. Müəllimlər də, şagirdlər də çox yükləniblər. Müəllimlər müxtəlif hesabatların hazırlanması, KSQ, BSQ v.s. ilə, şagirdlər ağır çantalarla, əhəmiyyətsiz informasiyalarla, beyinlərindən böyük bilgilərlə yüklənirlər.

Üstəlik, birinci sinif şagirdlərinin əksəriyyəti mobil telefon işlədir.

Şagird-müəllim münasibətlərindən öncə, şagird-valideyn münasibətləri redaktə edilməlidir. Bəzi valideynlər uşaqları narahat etməsin deyə, “dəyərli vaxtlarını” almasın deyə, onların telefonla oynamağına şərait yaradır, dolayı yolla uşağın viziual, virtual informasiyalarla yüklənməyinə səbəb olur.

Başqa problemlər də var, əlbəttə. Məsələn, uşaqların dərsdən sonrakı vaxtının səmərəliliyi. Valideynlərin uşaqların məktəbdən gətirdikləri bilgiləri gərək səliqə-sahmana sala. Nəzəri bilgilər bir yana, paraktik bilgilərin də müəllimi valideyndir axı.
Bir növ, digər problemlər həll olunandan sonra valideyn-şagird-müəllim üçbucağı qurulmalıdır.

Necə ki, birincilərin arasında gələcəyin ziyalıları, aydınları, bilginləri var, eləcə də potensial qatillər, potensial cahillər, potensial xainlər də var…

Gərək sistem elə qurulsun ki, bizim gül balalar sevgiyə, diqqətə, qayğıya ac qalmasınlar, küsməsinlər.

O uşaqların – yəni gələcəyin faydalı iş əmsalının, yəni bizim şəkillərdə gördüyümüz günahsızların taleyi valideynlərin, təhsil sisteminin əlindədir.

Valideyn – uşaq – məktəb - Bu üçbucağın bucaqlarından birinin korşalmağı bir işığın sönməyi, bir sütunun yıxılmağıdır…

Bəli, bu gün gələcəyimizin əlindən tutub məktəbə aparırlar, sabah da onlar bizi işıqlı günlərə aparacaqlar…

Aparacaqlarmı? – Bu səndən, məndən, onlardan asılıdır.

Həqiqət evlə məktəbin arasındadır. İşıq həmin yoldadır.

Ya çıxacaq qaranlıqlar aydınlığa, ya da həp zülmət!

# 3214 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #