Ay camaat, dayanın - Vüsal Bağırlı yazır...

Vüsal Bağırlı

Vüsal Bağırlı

12 yanvar 2022
# 10:10

Kulis.az Vüsal Bağırlının “UP-YUXARI” adlı yazısını təqdim edir.

Fikir vermizinizsə, əksəriyyətimiz daim yerə baxırıq. İnsanlar çox az hallarda başlarını qaldırır, nəzərlərini səmaya dikirlər. Bu səbəbdən hamımız çox vaxt qaşqabaqlı və bikef oluruq. Çünki yer, ayağımızın altı zülmətə və ölümə işarədir. Mavi səma isə əksinə, həmişə ümid və gələcəklə assosiasiya olunub.

Bəs nə vaxtsa, yuxarı baxıb heç quş kimi havaya pərvazlanmağı, uçmağı arzulamısınızmı?

Yəqin ki, hamımızın bu suala cavabı birmənalı olardı: bəli.
İnsan həmişə ümidlə hündürlüyə, zirvələrə, mavi səmaya boylanır.
İnsan övladı göy qübbəsinə doğru o qədər şiddətli istəklə can atır ki, özü bütün şüurlu ömrü boyunca, doğuşdan ta ölənə qədər aşağıda, Yerdə yaşasa da, tanrısını daim orda, yuxarıda axtarır, ölümünü də göydən endirir, hətta ruhunu belə göyə, yuxarıya uçurur.

İnsan daim uçmaq hissi ilə alışıb yanır. Halbuki onun yaranışdan qanadı filanı olmamışdır.
Göy üzü həmişə bizi özünə tərəf çəkir, maqnit şiddəti ilə cəzb edir. Biz uçmağı, havaya qalxmağı bacarmırıq. Aerodinamik xüsusiyyətlərdən əbədi məhrum qollarımızı yana açıb mexaniki şəkildə nə qədər tərpətsək də, uca bir yerə çıxıb ordan üzüaşağı tullansaq da havaya qalxa, millənə bilmirik.
Amma sınıq qol-qanadlı, boynubükük xəyallarımızın, şikəst, qısır arzularımızın əvəzini biz başqa dünyada artıqlaması ilə çıxırıq.


Yuxularımızda bəs deyincəyə qədər uçur, quş kimi havada süzür, ta buludların yanına qədər gedir, ürəyimiz istəyən uçuş manevrlərini rahatca həyata keçiririk.

***

Soyuq müharibənin şıdırğı çağlarında ABŞ-ın ən qızğın antisovet prezidenti Ronald Reyqan “Strateji Müdafiə Cəhdləri” (Strategic Defenge İntiative) adlı proqramı bəyan etdi. Proqramın digər adı “Ulduz müharibələri” adlanırdı.
Proqrama görə, əgər başqa planetlərdən, inkişaf etmiş yerdənkənar sivilizasiyalardan bizə qarşı müdaxilə yaxud müharibə təhlükəsi baş verərdisə, biz özümüzü qoruya bilməli və müdafiə olunmalıydıq.

Əslində isə məqsəd bu deyil, tamam başqa idi. Reyqan siyasi kamuflyaj üsulu ilə yəni “Ulduz müharibələri” adı arxasında ölkəsinin qatı düşməni SSRİ-yə qarşı ballistik raketlərin, silahların alınmasına, hərbi xərclərin artırılmasına bəraət qazandırır, beləcə büdcə pullarından rahat istifadə edirdi.

İndi həmin proqramı müasir dövrün baxış bucağından analiz etdikdə, onun zəmanə üçün nə qədər aktual və vacib olduğunu anlayırıq. Çünki bizim bundan sonrakı şüurlu həyatımız, taleyimiz, gələcəyimiz yalnız göylərdən, səmadan asılı olacaqdır.

Belə ki, lap qədimlərdən üzü bəri dinlər apokaliptik fəlakətlərin yetişdiyi an, qiyamət günündə xilasın, nicatın məhz göylərdən gələcəyini bəyan ediblər. Sonra, elm inkişaf etdi və ən maraqlı şey baş verdi.

Alimlər də eyni nəticəyə gəldilər. Bəli, heç demə dini müddəalar doğru imiş, bizim sonrakı taleyimiz, xilasımız, həqiqətən də, yuxarıdan, kosmik ənginliklərdən asılı imiş.

Beləliklə, ortada iki yol vardır.

Birinci versiyaya görə, loru dillə desək, ya təpəmizə daş düşəcək, fantastik filmlərdə olduğu kimi, göydən enən nəhəng kosmik cisimlə, asteroidlə, yaxud meteorit qırığı ilə toqquşub Yer kürəsi qarışıq cəhənnəmə vasil olacağıq, ya da İlon Mask kimi fərasətli, diribaş alim-kommersant ortaya çıxacaq, İsa Məsihliyi öz boynuna götürəcək və hamımızı (seçilmiş fərdləri) nəhəng kosmik gəmiyə doldurub bizi səmaya göndərəcək, kosmik planetləri, Marsı, Saturnu fəth etməyə yollayacaq.

Görünən odur ki, Yer kürəsi bir planet kimi artıq yaşayış üçün əlverişsiz vəziyyətə düşmüşdür. Əhali doğub-törəyib, artıb, ekoloji tarazlıq pozulub, ozon qatı yırtılıb, xəstəliklər ifrat çoxalıb, resurslar kəskin tükənib. Artıq son həddir və planet insanları, bu zərərli, ziyanverici məxluqları, ikiayaqlı şüurlu mikrobları öz səthində saxlamaqdan bilmərrə imtina edir.

Alternativ yol, başqa planetlərə evakuasiya planı isə hələ ki, yoxdur.

***
Adı səmayla, göylərlə bağlı olan iki film vardır. “UP” (Yuxarı) və “Don't Look Up ” (Yuxarıya baxma). Bunlardan birincisi, özümün də sevə-sevə tamaşa etdiyim “UP” adlı cizgi filmi qoca kişidən, uşaqdan və şarlar vasitəsi ilə göyə uçan evdən bəhs edir. Lakin, "UP" filmini mən sözgəlişi qeyd etdim və bizim söhbətin əsas mövzusu bu deyil, ikinci filmdir.

2021-ci ildə rejissor Adam Makkeyin çəkdiyi “Don't Look UP”da bir çox ünlü, məşhur aktyorlar (Leonardo Di Kaprio, Cenifer Lourens, Keyt Blanşet, Timoti Şalame, Ariana Qrande) iştirak edirlər və kino nümunəsi olduqca önəmli mövzuya toxunur.

Bəs filmin süjet xətti nədən bəhs edir?

Nəhəng teleskoplarla, ultramüsair cihazlarla silahlanmış alimlər, astronomlar fəzada, uzaq kosmosda maraqlı olay müşahidə edirlər. Nəhəng komet planetimizə doğru yüksək sürətlə yaxınlaşmaqdadır. O tükənməz dağıdıcı gücə malikdir və bizimlə toqquşacağı təqdirdə hamımızı Yer kürəsi qarışıq havaya sovuracaqdır.

Cəld fiziki araşdırmalar aparılır, mürəkkəb riyazi hesablamalar edilir və kometanın Yerə çatacağı vaxt dəqiq hesablanır.

Altı aydan bir az çox müddət. Daha dəqiq desək, 197 gün.
Film öz dramatizmi, həyəcanı, tamaşaçıya aşıladığı gərgin süjet xəttiylə yanaşı, həm də başqa, daha geniş və önəmli mesajlar verir, xəbərdarlıqlar edir.

Ey insanlar, ay camaat dayanın. Biz sivilizasiya, şüurlu məxluqlar olaraq hara gedirik?

Biz nə edirik?

Filmdə quyruqlu ulduz, kometa geniş anlamda fərqli məna daşıyır, o sadəcə fəzada süzən kosmik cisim deyil, o həm də planetimizi bürüyən bütün problemləri - iqlim dəyişikliyi, ekoloji pozuntu, yoluxucu xəstəliklər, artan insan sayı, tükənən resurslar – özündə ehtiva edir.

Filmin tamaşaçını düşünməyə vadar edən əsas motivi budur: biz insan olaraq öz doğma evimizi, Yer kürəsini məhvə doğru sürükləyirik. Əgər bütün ölkələr, dövlətlər, siyasətçilər, alimlər, elm adamları təcili birləşib, ümumi məxrəcə gəlib, dolğun bir nəticə hasil etməsələr, planetar problemlərə qarşı çıxış yolu tapmasalar, biz qaçılmaz aqibətdən, labüd ölümdən heç cür qurtula bilməyəcəyik.


# 2201 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
#
#
# # #