Avropa qiyafəli “həyasıza” çevrilən gənclər

Avropa qiyafəli “həyasıza” çevrilən gənclər
2 fevral 2023
# 13:01

Kulis.az Günəş Mərdin “Ruhu gənc olanlar” adlı yeni yazısını təqdim edir.

2 fevral Azərbaycan Gəncləri Günüdür.

Dünəndən sosial şəbəkələrdə yaşlı kişilər, xanımlar, həyatdan nəsibini almışlar “ruhu gənc olan” hər kəsi təbrik edirlər. Şərhlərə baxanda görürsən ki, onlarla təbrikləşənlər də elə öz yaşlarında olan adamlardır. Nədənsə bu günün səbəbkarı olan gənclər gözə dəymirlər. Əslində, elə gözə dəyməsələr yaxşıdır. Səbəbini də hər kəs çox gözəl bilir. Hər ehtimala qarşı sadalayacam.

Ortastatistik Azərbaycan gəncinin başı bu saat məişət qayğılarına elə qarışıb ki, burnunu bu zonadan kənara çıxara bilmir. İş, borc-xərc, üst-üstə yığılıb qalan kredit borcları, ailə qayğıları, uzun illərdən ona miras qalan mentallıqla mübarizə və s. hər ötən gün Azərbaycan gəncinin qorxulu kabusuna çevrilir.

Ortastatistik Azərbaycan gənci qiymətlərin günü-gündən artdığı bir ölkədə hər axşam yatanda səhər evdən çıxmaq üçün pulunun olub-olmayacağını düşünür. Ayağa qalxır pulqabısını, ciblərini yoxlayır. Varsa, sevinir, yoxdursa, borc axtarır. Buna görə artıq bir-birinə borcu olmayan gənc, demək olar ki, qalmayıb.

Ortastatistik Azərbaycan gənci universitetə, kollecə və s. qəbul olduqdan sonra işləyir, işləyir, işləyir. Tələbə vaxtından günə 10-15 manata ofisiant kimi məzun olduqdan sonra isə aya 400-450 manata işçi kimi. Onun maaşında ildən-ilə 3 manat 50 qəpik, 4 manat 99 qəpik kimi “ciddi” artımlar olur. Elə yenicə sevinməyə başlayır ki, ölkənin ictimai nəqliyyatından tutmuş bazarına qədər hər yerində qiymətlər od tutub yanmağa başlayır. Beləcə sevinci qursağında qalır...

Ortastatistik Azərbaycan gənci şərqlə qərb arasında çırpınır. O günü-gündən Avropa qiyafəli olur. Firəng fikirli olmağa doğru gedərkən isə başı qarışır qiyafəsinə söz atan, ilişən adamların cavabını verməyə. Proses yarım qalır. Beləcə o Avropa qiyafəli “həyasıza” çevrilir.

Ortastatistik Azərbaycan gənci sevməyin başını buraxıb. O hələ sevməyin sevişməklə əlaqəsindən baş açmağa çalışır. Bu yolda tər tökür, kalori itirir.

Ortastatistik Azərbaycan gənci vətənpərvərdir. O vətənində acından ölsə belə, ondan bir qarış pay verməz. Bu onun üçün dəyişməz qanundur.

Ortastatistik Azərbaycan gənci qorxur. İllərdir ona dəyər kimi soxuşdurulan adət-ənənələrdən bir anda imtina etməkdən, bu yolda ailəsini itirməkdən, el qınağından.

Ortastatistik Azərbaycan gəncinin “yaxşı yumor”u var. Hətta ölkədə və dünyada baş verən, onun həyatına təsirsiz ötüşməyəcək ən vacib hadisələri belə lağlağı ilə yola verməyi bacarır. Sarkazm adı ilə öz iç dünyasını ortaya qoyur.

Ortastatistik Azərbaycan gənci ümidlidir. Nə vaxtsa, hər şeyin yaxşı olacağına inanır. Bu qədər qarğaşanın, problemin, qayğının içində davam etmək üçün hər gün özünü zorlayır.

Baxın, budur bizim gəncliyin bu gün görünməməyinin səbəbləri. Bu reallıqlardan xəbərdar olan hansısa gənci təbrik etsək təbii ki, adama çox pis söz deyib yola salar. Elə ən yaxşısı biz də “ruhu gənc olan” hər kəsi təbrik edib söhbəti bağlayaq.

# 6136 dəfə oxunub

Oxşar xəbərlər

Niyə həmişə bu günün ağrısını sabaha saxlayırıq? - Leyla Sarabi

Niyə həmişə bu günün ağrısını sabaha saxlayırıq? - Leyla Sarabi

18:03 5 may 2026
Rihannanın 1380 saatdan çox vaxt sərf edilən "Met Qala" libası

Rihannanın 1380 saatdan çox vaxt sərf edilən "Met Qala" libası

17:22 5 may 2026
"Mən başqa cür ola bilməzdim...” - Kim onu  "sənətin imperatoru" adlandırmışdı?

"Mən başqa cür ola bilməzdim...” - Kim onu "sənətin imperatoru" adlandırmışdı?

16:50 5 may 2026
Bleyk Layvli və Castin Baldoni məhkəmədə razılığa gəldilər

Bleyk Layvli və Castin Baldoni məhkəmədə razılığa gəldilər

16:25 5 may 2026
Tudor İngiltərəsinin ən çox nifrət edilən qadını əslində,  kim idi?

Tudor İngiltərəsinin ən çox nifrət edilən qadını əslində, kim idi?

14:47 5 may 2026
“Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” – Natiq Fərzəliyevlə müsahibə

“Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” – Natiq Fərzəliyevlə müsahibə

14:18 5 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər