Atasını erkən itirən, on səkkiz yaşında ailə quran Dilarə Əliyeva qardaşından nəyi gizlətmişdi?

Atasını erkən itirən, on səkkiz yaşında ailə quran Dilarə Əliyeva qardaşından nəyi gizlətmişdi?
2 noyabr 2022
# 12:30

Kulis.az aktrisa, aparıcı, Əməkdar artist Dilarə Əliyeva haqqında maraqlı faktları təqdim edir.

Dilarə Hasil qızı Əliyeva 27 Oktyabr 1972-ci ildə Sumqayıtda anadan olub. Ailədə dörd uşaq olublar. Dilarənin on altı yaşı olanda, atası dünyasını dəyişir. Orta məktəbi bitirəndən sonra o, sənədlərini İncəsənət Universitetinin aktyorluq fakültəsinə verir və qəbul olunur.

***

Elə universitetdə oxuyan zaman Oqtay Əliyevlə tanış olur. Bu tanışlıq qısa müddətdən sonra evliliyə çevrilir. Aktrisa müsahibələrinin birində bu haqda deyir:

"Universitetə daxil olandan 1-2 ay sonra ərə getdim. İlk sevgim, qarşıma çıxan ilk bəy Oqtay olub. İlk sevgi güllərini də ondan almışam. Mənə tülpan gətirmişdi. Zahirən nəhəng, amma incə qəlbə malik biridir. Oqtay teatrda rejissor idi. Məni tamaşaya dəvət etdi. "Ər və arvad" tamaşası ilə ilk dəfə səhnəyə çıxdım. Onu nümayiş etdirdikdən sonra biz evləndik, ər və arvad olduq".

1994-cü ildə buradan məzun olur. İrəvan Dövlət Teatrında aktrisa kimi fəaliyyətə başlayır. On illik teatr fəaliyyətindən sonra aktrisa teatrdan uzaqlaşır. Efirlərdə aparıcı kimi görünməyə başlayır. Tamaşaçı onu aparıcı kimi tanıyıb qəbul edir.

***

Dilarə Əliyevaya ən çox uğur gətirən televiziya layihəsi “Çal-çağır” olub. Uzun illər bu layihənin aparıcısı olan aktrisa sonralar daha iri formatlı verilişlərdə müəllif kimi fəaliyyətinə davam edib.

***

Aktrisa prodüser Oqtay Əliyevlə ailə həyatı qurub. Bu evlilikdən onların iki qızı dünyaya gəlib. Sənətkarlar ailəsinin gəlini olan aktrisanın qayınatası Xalq artisti Vidadi Əliyev, qayınanası isə Xalq artisti Elmira İsmayılovadır. Aktrisanın qaynı məşhur aparıcı Elçin Əlibəyli, qardaşı isə aktyor Vüsal Əliyevdir.

Aktrisanın qardaşı da, aktyor olduğundan onlar çox vaxt filmlərdə və tamaşalarda tərəf müqabili olurlar. Onların ən uğurlu iş birlikləri isə “Cavid ömrü” filmində olub. Aktrisa bu filmdə Cavidin həyat yoldaşı Müşkinaz xanımı canlandırıb. Qardaşı Vüsal isə Cavidin oğlu Ertoğrulu. Aktrisa müsahibələrinin birində qardaşı haqqında deyir:

“Vüsal məndən on yaş balacadır. Mənim on altı yaşım olanda atam rəhmətə getdi. Vüsal onda çox balaca idi. Və atamın itkisindən sonra bizim ailədə hamı ona qarşı həssas olmağa, atasız böyüdüyü üçün onu qorumağa çalışdı. Əslində, biz hamımız, elə Vüsal özü də deyib-gülən zarafatcıl insanlarıq. Sadəcə, bir verilişdə Vüsal mənə təşəkkür etdi. O zaman kövrəldim. Çünki mən istəmirəm o, mənə təşəkkür etsin. Onsuz da, Vüsal bunları bilir, təşəkkür etməsi lazım deyil. Həm də mən atamın ona edə bilmədiklərini etməyə çalışmışam. O, bəlkə də, atalı-analı böyüsəydi, mən bu qədər həssas davranmazdım. Vüsalın hansısa çətin anı olanda dərhal atamın rəhmətə getdiyi ərəfə gözümün önünə gəlir. O heç nə başa düşmürdü və biz onun başını qatmağa çalışırdıq, atamızın ölümünü ondan gizlədirdik”.

Dilarə Əliyeva aktrisa kimi fəaliyyət göstərdiyi müddətdə "Məhəbbət yaşayır hələ!…", "Durnalar qayıdanda", "Dərəbəylik", "Madam-Badam", "Didərginlər", "Oğru", "Mənim qayınanam" kimi tamaşalarda maraqlı rolları ifa edib.

***

Aktrisa həmçinin "Leyli və Məcnun", "Yumurta", "Gəlinlər", "Bəylik dərsi", "Məhəllə", “Cavid ömrü” adlı filmlərə çəkilib. Aktrisanın filmoqrafiyasında özünün ən çox sevib, qiymətləndirdiyi obraz “Cavid ömrü” filmindəki Müşkinaz rolu olub. O, özü bu barədə deyir:

“Müşkinaz obrazı mənə tapşırılanda bu rolun öhdəsindən gələrək ifa etməyi çox arzulayırdım. Mən bu obraz üzərində işləyərkən mənim arxamda “Çal-çağır” verilişinin böyük tamaşaçı ordusu vardı. Onlar məni elə tanıyır, qəbul edib sevirdilər. “Çal-çağır”dan uzaqlaşıb tamam başqa bir dünyaya getmək, bu qədər məsuliyyətli bir işin altına girib Cavid kimi şəxsiyyətin həyat yoldaşını canlandırmaq üçün təpədən-dırnağa qədər özümü o işə həsr etdim. Cavid haqqında kitabları, Müşkinaz xanımın yazdığı xatirələrin hamısını oxudum. İnanırsınız ki, aylarla dəhşətli, faciəli taleyi olan bir qadının həyatını yaşadım. Gecələr gözümə yuxu getmirdi. Başımı balışa qoyub saatlarla ağlayırdım. Bu günə qədər də Cavidlə bağlı tədbirlərdə mənə söz veriləndə gözlərim dolur, qəhərlənirəm. Yəni mən həmin obrazı, həqiqətən də, çox pis yaşadım. Ərtoğrulun erkən ölümü, dəfn zamanı çoxlarının qorxub tabuta yaxınlaşmaması, həmin məqamlarda Müşkinaz xanımın düşdüyü vəziyyət, doğrudan da, məni dərindən təsirləndirmişdi. Filmdə mənim oğlumu da qardaşım canlandırmışdı”.

***

Aktrisanın qızı Aytən 2019-cu ildə ailə quraraq xarici ölkəyə köçüb. Hazırda bir nəvəsi olan Əməkdar artist “Söhbət var” verilişinin aparıcısıdır.

# 28210 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #