Atası onu ömrü boyu bağışlamadı, ailəsi dağıldı – Xalq artistini kinostudiyadan niyə qovdular?

Atası onu ömrü boyu bağışlamadı, ailəsi dağıldı  – Xalq artistini kinostudiyadan niyə qovdular?
13 aprel 2022
# 12:58

Kulis.az Xalq artisti Zemfira Nərimanova haqqında maraqlı faktları təqdim edir.

Zemfira Əli qızı Nərimanova 1959-cu il, aprel ayının 20-də Bakıda doğulub. Orta məktəbin sonuncu sinfində oxuyanda, İncəsənət Universitetinə daxil olmaq istəyən rəfiqəsi ilə hüquq fənni üzrə hazırlıq müəlliminin yanına dərsə gedir. Amma necə olursa, dərsə gecikir. Zemfiranın müəllimi gecikdiyinə görə onu dərsə buraxmayıb qovur.

Zemfira rəfiqəsi ilə tədris teatrına gedir. Orda onu görən hər kəs onun səhnəyə yaraşdığını, gözəl fakturası olduğunu deyir. Və ona təklif eləyirlər ki, o da onlarla birgə İncəsənət Universitetinə, imtahanlara hazırlaşsın. Rus dilində təhsil aldığı üçün Zemfiranın tələffüzü çox pis olur. Ancaq buna baxmayaraq, hazırlaşır, sənədlərini universitetə verir. İş elə gətirir ki, o qəbul olunur, rəfiqəsi isə imtahanlardan kəsilir.

***

Bu barədə aktrisa özü müsahibələrinin birində belə deyir:

“Qəbul olunandan sonra əvvəl anama, daha sonra isə atama dedim. Atam çox sarsıldı. Çünki o, özü də uzun illər hüquq sahəsində yüksək vəzifədə işləmişdi. Məni də öz sahəsi üzrə ixtisaslaşdırmaq istəyirdi. Amma onun bütün ümidlərini puç eləmişdim. Üstəlik də, aktrisa olacaqdım. Bir gün uzun bir sükutdan sonra dedi ki, mütləq fakültə dəyişdirilməlidir. Mən də qorxudan o an razılaşdım və hər semestr fakültəmi dəyişəcəyimə söz verə-verə 5 ili belə yola verdim. Bir dəfə Şamaxı rayonuna qastrola getmişdik. Rayon rəhbərliyi ilə görüş zamanı oranın milis rəisinə məni təqdim edəndə dedilər ki, filankəsin qızıdır. İnanmadı, dedi ki, o kişinin qızı aktrisa ola bilməz. Atam ömrü boyu aktrisa olmağımı mənə bağışlamadı”.

Beləliklə, aktrisa 1976-cı ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino fakültəsinə daxil olur. Artıq universitet illərindən tanınmağa başlayır. Təsadüfən bir verilişə cəmi bircə dəfə aparıcılıq etmək üçün dəvət alır. Sonra həmin veriliş çox uğur qazanır və onu daimi aparıcı kimi işə götürürlər.

***

Üçüncü kursun sonunda yay semestri üçün hazırlanan tamaşada Zemfira da iştirak edir. Bu tamaşaya isə dövrün ən güclü rejissorlarından biri Tofiq Kazımov da gəlib baxır. Akademik Milli Dram Teatrında Tofiq Kazımovun quruluş verdiyi “Yastı təpə” tamaşasına aktrisa lazım olur. Rejissor bu tamaşadakı Şeyda roluna Zemfiranı dəvət edir.

Aktrisa 1980-ci ildə rejissor Tofiq Kazımovun dəvəti ilə Akademik Milli Dram Teatrın aktyor truppasına ştata götürülür. Ancaq təəssüf ki, “Yastı təpə” tamaşası Zemfira xanımla Tofiq Kazımovun son birgə işi olur. Tofiq Kazımov 1980-ci il, avqustun 2-də avtomobil qəzasına düşərək həyatını itirir.

***

Bundan sonra rejissor Hüseynağa Atakişiyev bir müddət dram teatrında baş rejissor kimi fəaliyyət göstərir. Həmin ərəfədə aktrisanın tamaşaları yenidən artmağa başlayır. Hüseynağa müəllimin vaxtında Hökümə Qurbanovadan sonra ikinci aktrisa olaraq Kleopatra rolunu oynayır. Aktrisa həmin dövrü belə xatırlayır:

“Hökümə xanım da çox böyük sənətkar idi. Amma bir məsələ var ki, o, özünə görə yox, qızı, rəhmətlik Vəfa xanıma görə məni bir az qısqanırdı. Bütün müsbət səhnə fakturalarıma baxmayaraq, Hökümə xanım məni heç vaxt aktrisa kimi qəbul etmirdi. Onun böyüklüyünü mən o zaman anladım ki, “Kleopatra” tamaşasından sonra mənə yaxınlaşıb belə demişdi: “Bundan sonra bu səhnəni sənə tapşıra bilərəm”. Bu sözlər mənim üçün çox böyük alqış idi. Bircə şeyə heyfsilənirəm ki, o vaxtlar Hökümə xanım tez-tez məni öz otağına dəvət edirdi. Ancaq təəssüf ki, mənim ovaxtkı cavanlıq xudbinliyim mənə imkan vermirdi ki, onun yanına gedib, onunla söhbətləşib, ondan nələrsə öyrənim. İndi bunun peşmanlığını çox çəkirəm. Çünki günlərin bir günü o yox oldu...”

Aktrisalıq fəaliyyəti dövründə Zemfira Nərimanova “Yastı təpə”, “Yad adam”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Dəlilər və ağıllılar”, “Atabəylər ailəsi”, “Sizi deyib gəlmişəm...”, “İblis”, “Lənkəran xanının vəziri”, “Özümüzü kəsən qılınc”, “Qapalı orbit”, "Ordan burdan",“Göz həkimi”, “Sarıköynəklə Valehin nağılı”, “Pəncərədə işıq” tamaşalarına, “Müqəddəs torpaq”, “Otel otağı”, “Axırıncı dayanacaq” filmlərinə çəkilib.

***

Aktrisa teatrdan və televiziya tamaşalarından fərqli olaraq filmlərə çox az çəkilib. Bunun əsas səbəblərindən biri 1982-ci ildə ekranlaşdırılan “Nizami” filmi ilə bağlı olub. Belə ki, aktrisa filmdə çəkilmək üçün təsdiq olunur. Ancaq həmin ərəfədə ağır xəstə olan anasının xəstəliyi şiddətləndiyindən onu təcili Moskvaya aparırlar. Anasına görə narahatlıq keçirən aktrisa çəkilişlərə doğru-düzgün qatıla bilmir. Bu barədə o öz müsahibəsində deyir:

“Həddindən artıq emosional bir insan olduğum üçün anamı yola salan günü çox pis vəziyyətdə oldum. Ertəsi gün çəkilişə getdim, lakin hazırlıqsız olduğumdan işlər yaxşı getmədi... Biri gün anam mənə telefonla zəng vurub dedi: “Əgər sən mənim yanıma gəlməsən, özümü yeddinci mərtəbədən atacam”. Və məcbur olub Moskvaya, anamın yanına getməli oldum. Beləcə, on gün filmin çəkilişlərinə gələ bilmədim. Mənə görə də filmdə işləyən adamlar pullarını ala bilmədilər. Sonra da məndən kinostudiyanın direktoruna şikayət etdilər. Həmin adam da tapşırıq verdi ki, o aktrisanı burdan rədd edin. Bir də onu buralara buraxmayın. Düz on il mən kinostudiyaya ayaq basa bilmədim. Məni heç bir filmə çəkmirdilər. Qadağa qoymuşdular. Sonralar böyük sənətkarımız Həsənağa Turabov teatra direktor təyin olundu. O, bir neçə filmə məni dəvət etdi. Həsənağa Turabovu "Yeddi oğul istərəm" filmindəki Gəray bəy rolunda görüb ondan çox bərk qorxmuşdum. Rəhmətlik Həsənağa Turabovu məhz bu rola görə heç xoşlamazdım. Amma onunla şəxsən tanış olandan sonra həqiqətən dostlaşdıq. Onda da mənim teatrdakı, televiziyadakı tamaşalardan dolayı vaxtım olmurdu. İşlərimin çoxluğundan evimizdə atamla problemlərim olurdu. Anam dünyasını dəyişəndən sonra atam artıq mənim aktrisa olmağımla barışa bilmirdi. Tamaşalar gecə saat on birdə bitirdi. Mən də evə gec getməli olurdum. Atam da bunu qəbul edə bilmirdi”.

Aktrisa iyirmi üç yaşında anasını, bir neçə ildən sonra isə atasını itirir. Tənha qalır. Ancaq bir müddət sonra ailə həyatı qurur. Təəssüf ki, ailə qurduğu şəxs onun sənətini və qadın kimi özünü anlamır. Aktrisanın uğurlarını həzm edə bilmir. Aktrisa haqqında qəzetdə çıxan hər yaxşı yazı, efirdə gedən maraqlı veriliş onun evində qalmaqala və davaya səbəb olur. Bütün bunlar onların izdivacının sona çatması ilə nəticələnir.

***

2012-ci ildə Zemfira Nərimanovanın yüksək çinli məmurlarından biri ilə rəsmi qaydada evlənməyə razılıq verdiyi bildirilsə də, sonralar bu məlumat həqiqəti əks etdirmədi.

Zemfira Nərimanova 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2000-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adları ilə təltif olunub. 10 may, 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. Aktrisanın Akademik Milli Dram teatrında ifa etdiyi sonuncu rol 2012-ci ildə səhnəyə qoyulan “Napoleon” tamaşasındakı Jozefina obrazı olub. Aktrisa yeni tamaşalarda iştirak etməməsinin səbəbini teatr rəhbərliklərinin fəaliyyəti ilə əlaqələndirib.

# 46107 dəfə oxunub

Oxşar xəbərlər

Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

12:10 13 dekabr 2024
Cim Kerri yenidən kinoya qayıtmağının səbəbini açıqladı

Cim Kerri yenidən kinoya qayıtmağının səbəbini açıqladı

11:27 13 dekabr 2024
Aşpazı Vudi Alleni məhkəməyə verdi

Aşpazı Vudi Alleni məhkəməyə verdi

11:18 13 dekabr 2024
"Avroviziya-2025" üçün püşkatma bu tarixdə olacaq

"Avroviziya-2025" üçün püşkatma bu tarixdə olacaq

11:01 13 dekabr 2024
Respublika Uşaq Kitabxanasında anım mərasimi keçirildi

Respublika Uşaq Kitabxanasında anım mərasimi keçirildi

10:21 13 dekabr 2024
Hamı mənim "yıxılmağımı" gözləyirdi? - Sərdar Ortaç

Hamı mənim "yıxılmağımı" gözləyirdi? - Sərdar Ortaç

09:53 13 dekabr 2024
# # #