Atası neft fontanında öldü, Səməd Vurğun onu sevdiyi qıza qovuşdurdu, nökərçilikdən ən yüksək vəzifələrə qalxdı

Xalq yazıçısı Mirzə İbrahimov

Xalq yazıçısı Mirzə İbrahimov

28 oktyabr 2021
# 12:30

Bu gün Xalq yazıçısı Mirzə İbrahimovun doğum günüdür. Kulis.az bu münasibətlə yazıçının həyatı haqqında 10 maraqlı faktı təqdim edir.

Mirzə Əjdər oğlu İbrahimov Cənubi Azərbaycanda dünyaya gəlib. 3 yaşı tamam olanda anası dünyasını dəyişib. Həyat yoldaşının vəfatından sonra Əjdər kişi Mirzəni və böyük oğlunu da götürüb Bakıya köçür. Anasız qalan uşaqları burada başqa bir faciə gözləyir. Əjdər kişinin işlədiyi neft buruqlarındakı fontan zamanı həyatını itirir. Yeddi yaşı da olsa, bu hadisə Mirzəyə çox dərin təsir göstərir. O, saatlarla üzüqoylu düşüb əlacsızlıqdan ağlayır.

***

Faciə zənciri bitmək bilmir. Qardaşı ilə iş üçün yola çıxan Mirzə yenə sarsıntı yaşayır. Zabrata çatmaqlarına az qalmış onun qardaşı yol yorğunluğuna və aclığa dözə bilməyib canını tapşırır.


Mirzə İbrahimov gənclik illərində

Günlərlə ac-susuz, kimsəsiz qalan Mirzə bir bəyin qapısına nökər düşür. Bəyin razılığından sonra o, onun qoyunlarını otarmağa, çobanlıq etməyə başlayır. Bəyin bir oğlu, üç qızı varmış. Mirzə onların həyətindəki balaca əl evində, buz kimi betonun üstündə ac-susuz yatırmış. Ancaq ev sahibinin balaca qızı hər gün fürsət düşdükcə, öz yeməyindən bir parça çörək, bir az da pendir gətirib ona verirmiş.

***

Aradan uzun illər keçir. Mirzə İbrahimov Nazirlər Sovetində sədr müavini işləyir. Bir gün katibə ona deyir ki, yanına qucağına uşaq olan çadralı bir xanım gəlib. Mirzə İbrahimov qadını qəbul eləyir və gözlərinə inana bilmir. Həmin qadın bir vaxtlar ona pendir-çörək verən bəyin balaca qızı olur. Qız dərdini danışır, məlum olur ki, sovet hökuməti qurulanda atası ölkədən gedib, bacılarının hərəsi bir diyara düşüb, qardaşı da içkiyə qurşanıb məhv olub. Mirzə İbrahimov ona əlindən gəldiyi qədər yardım edir. Bu hadisə ən ağır illərdə, 40-cı illərdə olur. Qadın Mirzə İbrahimova heç bir ünvan vermir, yenə gələcəm deyir, amma bir daha heç vaxt gəlmir.


Yazıçı ailə üzləri ilə birlikdə

Özü danışırmış ki, balaca və zəif olduğum üçün heç kim məni nökər də götürmürdü. Zabratdakı bəy razılaşanda o qədər sevinibmiş ki, Xalq yazıçısı adını alanda da, ən yüksək vəzifələrə təyin olunanda da bu qədər sevinməyib.

***

O, Azərbaycan SSR Ali Sovetinin sədri olanda 20 avqust 1956-cı ildə "Azərbaycan SSRİ-nin dövlət dili haqqında Azərbaycan SSRİ-nin Konstitusiyasına maddə əlavə edilməsi haqqında qanun"un qəbul olunmasına nail olub. Burda məqsəd Azərbaycanda rəsmi dövlət sənədlərinin rus yox Azərbaycan dilinə yazılması, dövlət idarələrində doğma dildə danışılması məsələsi qaldırılırdı. Bu qanunun qəbulundan sonra Moskva ona düşmən kəsilir. O, həm vəzifəsini, həm deputat mandatını itirir.


Mirzə İbrahimov, Üzeyir Hacıbəyov

Mərkəzi Komitədə iclas vaxtı Mir Cəfər Bağırov deyir ki, Üzeyir Hacıbəyov da, Səməd Vurğun da xalq düşmənidir. Bu zaman Mirzə İbrahimov etiraz edir:

- Üzeyir Hacıbəyov necə vətən xainidir ki, “Koroğlu” operasını yazıb, Səməd Vurğun necə xalq düşmənidir ki, “Vaqif” dramını yazıb.

Bağırov əsəbləşir:

- Əyləş, sən də onların tayısan!


Soldan: Tofiq Bayram, Mirzə İbrahimov, Nahid Hacızadə

Dəfn günü Mirzə İbrahimovu məzara qoyanda bir qadının səsi gəlir: “Umer naş papa!” Mirzə İbrahimovun qızı maraqlanıb ki, bu kimdir. Qadın deyib ki, mən uşaq evində böyümüşəm, 50-ci illərdə Mirzə müəllim Ali Sovetin sədri olanda hər ay bizə pul, ərzaq malları göndərərdi. Biz onu “ata” deyə çağırardıq.

Mirzə İbrahimov evdə deyirmiş ki, yazılarımın qonorarı bizə bəs edir, maaşımı yetim uşaqlar üçün uşaq evlərinə köçürürəm.

***

Mirzə İbrahimov azərbaycanlı pianoçu qadın Sara Pirimova ilə ailə qurmaq istəyir. Lakin, Sara xanım uzun illər onunla evlənməyə razılıq vermir. Günlərin birində Mirzə elçiliyə Səməd Vurğunu aparır. Səməd Vurğun deyir, bəsdir də, ay Sara bacı, yazıçını bu qədər incitmə. Onun sözlərindən sonra Sara xanım izdivaca razılıq verir. Onun barmağına nişan üzüyünü isə şairə Nigar Rəfibəyli taxır. Onlar Rəsul Rza ailəsi ilə də yaxın olublar.


Xalq yazıçısı Mirzə İbrahimov

Bu xatirəni yazıçının qızı Sevda İbrahimova danışır:

“Anamı çox sevirdi. Rəhmətə gedəndən sonra bağdakı yatağını yığışdırmağa qoymadı. Hər gedəndə o çarpayının üstünə qızılgüllər səpərdi”.

***

Mirzə İbrahimovu həbs etmək üçün ona iki dəfə iş açılıbmış. Bir dəfə cənublu olduğu, cənubdakı fəaliyyətinə görə, bir dəfə də “Böyük demokrat” əsərini yazdığına görə.

# 10435 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #