"Atamla görüşə onu KQB göndərmişdi" - İngilis bölgəsində SSRİ-yə qarşı döyüşən azərbaycanlı

"Atamla görüşə onu KQB göndərmişdi" - İngilis bölgəsində SSRİ-yə qarşı döyüşən azərbaycanlı
3 mart 2025
# 14:27

Kulis.az Dilqəm Əhmədin "Buxara prezidentinin kreslosunda bir gün" adlı yazısını təqdim edir.

Mustafa Kamal Atatürk deyirdi ki, mühacirlər itirilmiş torpaqların əziz xatirələridirlər. XX əsrin əvvəllərində bütün türklərin ana yurduna çevrilən Türkiyə Cümhuriyyəti bu əziz xatirələri himayə etmək, onların mücadiləsinə dəstək vermək üçün bütün imkanlarını səfərbər etmişdi. Bəzən gənc dövlət olduğu üçün xarici təzyiqlərə tab gətirə bilməyib, bəzi mühacirləri müvəqqəti olaraq ərazisindən çıxarmışdısa da, onları yenə də səfirlikləri vasitəsilə qürbətdə himayə etmişdi. Qınamaq mümkün deyil. Mancuriyadan Tibetə, Krımdan İrana, Türküstandan Qafqaza qədər rus və Çin zülmündən qaçan bu insanların tək pənah yeri Türkiyə idi. Bu şəxslərdən biri də 1921-1922-ci illərdə Buxara Xalq Cümhuriyyətinin prezidenti olmuş Osman Kocaoğlu idi.

Osman Kocaoğlu 1878-ci ildə Türküstanın Fərqanə vadisindəki Oş qəsəbəsində Polat Xocanın ailəsində doğulub. İbtidai və mədrəsə təhsilini Buxarada alıb, İstanbuldan, Bakıdan, Bağçasaraydan, Kazandan və digər türk yurdlarından gələn kitab, məcmuələr vasitəsilə özünü yetişdirib. Rusiya müsəlmanları arasında başlanan cədidçilik hərəkatı onun da həyatını dəyişib, gəncliyi dövrün ziyalılarının pozitiv təsirləri altında keçib. 1898-ci ildə Oşda çar Rusiyasına qarşı baş verən üsyanda həbs edilən 777 şəxs arasında o da yer alıb. Buxara hökuməti onu sərhəddən kənara çıxmamaq şərtilə azad edib.

Bu ruhda yetişən Osman Kocaoğlu I Dünya müharibəsi dövründə daha aktiv şəkildə fəaliyyət göstərib. Rusiyanın zorakı şəkildə türküstanlıları cəbhəyə aparmasına qarşı 1916-cı ildə baş verən hərəkatda o da iştirak edib. Türküstan cədidçilərinin lideri olan Mahmud Xoca Behbudinin evində toplanan məşhur cədidçilər (Münəvvər Kari, Pəhlivan Niyazi və d.) arasında yer alan Osman Kocaoğlunun da iştirakı ilə bu səfərbərliyə qarşı etiraza qərar verilib.

1917-ci il fevral inqilabı nəticəsində Buxara əmiri "Hürriyyət bəyannaməsi"ni elan etməyə məcbur olub. 8 apreldə bu münasibətlə 7 min nəfər insanın qatıldığı bir yürüş həyata keçirilib. Nəticədə məktəb, mətbuat azadlığı tələb edən yürüşçülərin mitinqi əmirliyin qüvvələri tərəfindən dağıdılıb, bəzi cədidçilər həbs edilib. Osman Kocaoğlu xilas ola bilib.

Cədidçilərin siyasi qolu Buxara əmirliyini yıxa bilməyəcəklərini anladıqları üçün Daşkənddəki Sovet komissarlığından dəstək istəyib, nəticədə onların köməyi ilə əmir Alim xan devrilib, Buxara Xalq Şuralar Cümhuriyyəti elan edilib. 29 avqust 1920-ci ildə elan edilən Buxara Müvəqqəti Hökumətində Osman Kocaoğlu maliyyə naziri təyin edilib. O daha sonra Buxaranın şərqindəki muxtar Şərqi Buxara Hökumətinin başına keçib. 23 sentyabr 1921-ci ildə isə Buxara Xalq Nümayəndələrinin ikinci qurultayında Osman Kocaoğlu dövlət başçısı seçilib.

Cədidçilər arasında sovetlərə qarşı mövqeyi ilə bilinən Kocaoğlu o illərdə Türküstanda olan Ənvər paşa ilə də münasibət qurub. O, rus əsirliyindən qurtulan Osmanlı zabitlərinin köməkliyi ilə Buxara ordusunun qurulmasına çalışıb, eyni zamanda Anadoludakı hadisələri də yaxından təqib edərək Atatürkün rəhbərliyi ilə başlayan milli mücadiləyə maddi yardım göndərib. Kocaoğlu 1921-ci ildə Daşkənddə qurulmuş Türküstan Milli Birliyinin də üzvü olub.

9 dekabr 1921-ci ildə Kocaoğlu Düşənbədəki rus qarnizonunun komandanlarını həbs etdirib, rus əsgərlərinin Buxara sərhədlərini tərk etmələrini tələb edib. Digər rus bölmələrinin bu hadisədən sonra Buxaraya hücumu nəticəsində Osman bəy bütün türküstanlıları silaha sarılmağa səsləyib. Ruslar qarşısında güc bərabərliyini görən Kocaoğlu 10 aprel 1922-ci ildə Əfqanıstana gedib, Kabildə qızıl qarşılığında ingilislərdən silah istəyib. Lakin İngiltərə bu təklifi qəbul etməyib, çünki Rusiya ilə İngiltərə arasında təsir dairəsi baxımından əldə edilən razılığa görə, Rusiya Əfqanıstan və Hindistana, İngiltərə isə Türküstana qarışmamalı idi...

Bu ərəfədə Ənvər paşa da Türküstanda şəhid olub. Buxara baş naziri, həmçinin qohumu olan Feyzullah Xoca ona Buxaraya qayıtdığı zaman həbs ediləcəyi xəbərini verib. Rusiyanın Əfqanıstana təzyiqi nəticəsində Osman bəy Kabili tərk edib, 1923-cü ilin sentyabrında İstanbula gəlib. Türkiyədə ikən o, Türküstan Gənclər Birliyini yaradıb, həmçinin Mustafa Çokayoğlu, Zəki Vəlidi Toqan kimi digər silahdaşları ilə birgə "Yeni Türküstan" (1927-1934) məcmuəsini çıxarıb.

1938-ci ildə Osman Kocaoğlu azərbaycanlı Abbasqulu Kazımzadə, Xəlil bəy Xasməhəmmədov, Məhəmməd Tuğay, şimali qafqazlı Əli xan Kantemir və digərləri ilə birlikdə Türkiyədən çıxarılıblar. Osman bəy əvvəlcə Polşaya, daha sonra İrana gedib. II Dünya müharibəsindən sonra, 1945-ci ilin axırlarında yenidən Türkiyəyə qayıda bilib. 1951-1957-ci illərdə Pakistanda yaşayıb. Daha sonra yenidən Türkiyəyə dönüb, ömrünün axırına qədər orada yaşayıb. 28 iyul 1968-ci ildə vəfat edib, İstanbulda dəfn olunub.

***

Yuxarıda qeyd etdiyimiz bu məlumatları Osman Kocaoğlunun oğlu, tanınmış türkoloq Timur Kocaoğlunun cədidçilik hərəkatı və atasının fəaliyyəti ilə bağlı qələmə aldığı yazıdan əldə etmişik. Qeyd edək ki, Osman bəyin Türküstanda evləndiyi xanımından Hadi Xoca adında bir oğlu olub. Daha sonra Kabildə ikən Xokand xanlarının nəslindən olan Hakimə adlı xanımla ailə həyatı qurub. 1925-ci ildə o, İstanbula həyat yoldaşının yanına gələ bilib. Osman bəyin Hakimə xanımla evliliyindən Həlimə və Timur adlı övladları dünyaya gəlib. Hakimə xanım İstanbula gəlmədiyi dönəmdə Osman bəy Firdevs adlı bir qadınla yaşayıb, bu münasibətdən Türkan adlı qızı da doğulub. Hakimə xanım İstanbula gəldikdən sonra həmin qadından ayrılıb.

Osman bəyin oğlu Timur Kocaoğlu 31 may 1947-ci ildə İstanbulda doğulub. 1971-ci ildə İstanbul Universitetində türk dili və ədəbiyyatı ixtisasını bitirib, ardınca Kolumbiya Universitetində magistr və doktorantura pilləsində təhsil alıb. Professor Eduard Ollvorsun rəhbərliyində "Stalindən sonrakı Sovet Orta Asiya romançılığında milli kimlik. 1953-1982" adlı elmi işini müdafiə edib. Uzun illər "Azadlıq Radiosu"nun özbək şöbəsində çalışıb. Türkiyədə Mərmərə və Koç universitetlərində, Türk Dil Qurumunda bir müddət işləyib, 2011-ci ildən sonra Miçiqan Universitetində fəaliyyət göstərib. Türkiyədə özbək türkcəsi ilə ilk dərsləri tələbələrə o verib.

Sovet İttifaqı dağıldıqdan sonra atasının doğulduğu torpaqlara gedən Timur bəy hazırda Özbəkistanla yaxın əlaqələr içərisindədir. 1990-cı illərin əvvəlində Baymirza Hayitlə birgə Azərbaycana da gəlib.

Ötən ilin aprel ayında Kocaoğlunun fəaliyyətini daha yaxından öyrənmək üçün Timur bəylə görüşməyə qərar verdik. 2024-cü il aprel ayının 7-də həmkarım Sevinc Dadaşova ilə birgə İstanbulun Sarıyer bölgəsindəki evinə getdik. Bizi böyük qonaqpərvərliklə qarşılayan Timur bilgə (xoca sözünü sevmir) Türküstanın kiçik bir modelinə bənzəyən evi ilə tanış etdi. Türkologiyaya aid kitabların yığıldığı rəflər, atasına və özünə aid divara yapışdırılan şəkillər, rəsm tabloları, daktilolar, Türküstana dair qiymətli fotoşəkillər, mükafatlar otağa tarixi bir ab-hava qatırdı. Xüsusilə, Buxara Şuralar Cümhuriyyətinin qanuni-əsasının böyüdülmüş formada divardan asılması Osman Kocaoğlunun dövlət başçısı olduğu dönəmə bizi aparırdı...

Timur bəy mənə bir kreslo göstərir: "Bu, atamın evdə əyləşdiyi kreslodur". Buxara prezidentinin kreslosunda əyləşib Timur bəylə söhbətləşirik. Onun bizə bildirdiyinə görə, atasının ilk evliliyindən olan qardaşı Hadi Xoca 1941-1942-ci illərdə SSRİ İrana girdiyi zaman həmin orduda təmsil olunub. Həmin vaxt Osman bəy də İranda yaşayırdı. Qohumlarının Timur bəyə verdiyi məlumata görə, Hadi bəy də bu məlumatı bilib, atasını axtarıb, hətta bir yığıncaqda hər ikisi eyni məkanda olub. Lakin Osman bəy siyasi səbəblərdən kimliyini açıqlamadığı üçün Hadi Xoca atasını tanımayıb. Timur bəy hadisəni bu şəkildə danışır: "Atam 1938-ci ildə Türkiyədən çıxarılır, öncə Avropaya gedir. O, buxaralı olduğu üçün türkcə ilə yanaşı fars dilini də bilirdi. İki dildə də şeir yazırdı. Prometeyçilər ona deyirlər ki, bir dünya müharibəsi başlayacaq, sən İrana get. Atam oraya gedir, anam da İstanbuldan yola düşür. Bu dövrdə Tehranın şimalını Sovet əsgərləri basır. Cənubunu da ingilislər. Atam ingilis bölgəsində olur. Orada zəngin bir buxaralının evində gizlənir, amma anamı başqa evə yerləşdirir. Bir gün qapı döyülür, gözətçi atama bildirir ki, gənc bir zabit gəlib, deyir ki, mənim atam Osman Xoca buradadır. Atam onu ən son görəndə altı yaşında idi. Ev sahibi öncə deyir ki, zabitə bildirin ki, Osman Xoca burada idi, bir həftə öncə getdi. Atam "yox" deyir, bildirir ki, qoyun gəlsin, aradan 22 il keçib o, məni tanımaz. Zabit gəlir, atamı tanımır. Buxaranın fərqli bir farscası var, atam həmin farsca ilə suallar verir. Çünki buxaralı olmayan biri o farscanı danışa bilməz. Suallardan oğlu olduğunu anlayır, lakin ona atası olduğunu demir. Atam o evi də tərk edir. Mən 1990-cı ildə Səmərqəndə getdiyim zaman, orada 85 yaşında Mahira Xan adlı atamın əqrəbası olan bir qadın vardı. O dedi ki, Hadi Xoca Moskvada ziraət üzrə doktorluq müdafiə edib, sonra Səmərqənd Universitetində altı ay çalışıb. Lakin 1950-ci illərin əvvəlində Osman Xocanın oğlu olduğu üçün işdən çıxarıblar. O da hirslənib Şərqi Türküstana gedib. Eşitdik ki, orada uyğur bir xanımla evlənib, başqa məlumatımız olmayıb. Biz bilmirik ki, atamla görüşə onu KQB göndərmişdi, ya yox. Atam uşaq vaxtı mənə şahmat öyrətmişdi. Görüş zamanı Hadi Xoca da deyir ki, atam yaxşı şahmat oynayardı, mən də öyrənmişəm. Atam deyir ki, gəl o zaman oynayaq. Şahmat da oynayırlar. Anam mənə dedi ki, həmin görüşdə atam üç həmlə ilə oğlunu mat edəcəkmiş, amma özü uduzub ki, oğluna sarıla bilmir, heç olmasa ona uduzsun".

Burada Rais Rəsulzadənin bir müsahibəsindəki hadisə yadıma düşür. Belə ki, Azər Rəsulzadə İranda əsgərlik çəkərkən ona da Bakıda tanıdığı bəzi adamlar yaxınlaşıb, əgər istəyərsə, atası ilə görüşdürə biləcəklərini söyləyiblər. O isə buna yox cavabı verib. Bu kimi hadisələr Kocaoğlunu ehtiyatlı davranmağa vadar edib.

Timur bəy kitab dolu ikinci otaqdakı rəsm tablosunu göstərib deyir: "Bu rəssam atamı görməyib, amma atamın xarakterini çox gözəl təsvir edib". Daha sonra atasının 1910-cu ildə İstanbula gəldiyi dövrdəki ilk fotoşəklini bizə göstərir: "Bir dostum auksionda bu fotoşəkli qazanıb mənə doğum günü hədiyyəsi olaraq göndərdi. Atam İstanbuldan öncə Krımda idi. Orada Bağçasarayda İsmayıl bəy Qaspıralının yanında 8-9 ay üsuli-cədid məktəblərindəki təhsil sistemini öyrənmişdi. Sonra İstanbula gəlir. Təəssüf ki, buradakı aydınların şəkillərini Murad Bardakçıya da göstərdim, amma tanıya bilmədi. Osmanlı aydınlarıdırlar. Bu, Osman Kocaoğlunun bizə məlum olan ən əski fotoşəklidir. Burada 32 yaşındadır".

Daha sonra bizə 1938-ci ildə Varşavada çəkilmiş bir fotoşəkli göstərir. Orada Şeyx Şamilin nəvəsi Səid Şamil və Ayaz İshaqi təsvir olunublar: "Atam orada Məhəmmədəmin Rəsulzadə ilə də görüşüb, fəqət əlimizdə fotoşəkilləri yoxdur".

Digər bir şəkildə ata-oğul birlikdə təsvir olunublar: "Mən doğulduğumda atam 70 yaşında idi. İyirmi il onunla birgə yaşadım. Burada mən 19, o isə 89 yaşındadır. İndiki düşüncədə olsaydım, atama çoxlu suallar verərdim. Atam Pakistanda altı il qalmışdı, oradan gələrkən 40 sandıq əşyası vardı. Atam Pakistanda bir uşağı övladlığa götürmüşdü. Həmin uşağa əşyaları gəmi ilə gətirməsini istəyir. Lakin Bağdadda ikən həmin gənc pulsuz qalır, atam ona məktub göndərir ki, sən bütün əşyaları sat, canını qurtar gəl. Beləcə, atamın arxivi itir. Atam rusca və ərəbcə də bilirdi".

Timur bilgə danışdıqca arada mətbəxə də gedirdi. Çünki bizi evinə dəvət edərkən özbək plovuna qonaq edəcəyini vəd etmişdi. Az sonra İstanbul lokantalarında gördüyümüzdən fərqli olan əsl özbək plovu masaya gəlir. Tanrı bizə Kocaoğlu ailəsinin masasında yemək yeməyi də nəsib edir.

Qeyd edək ki, Timur bilgə Amerikadakı kitabxanasının bir qismini və atasına aid bəzi məktubları İslam Araşdırmaları Mərkəzinə hədiyyə edib. Mütəmadi olaraq Almaniyaya da gedir, orada Milli Türküstan Birliyi dövrünə aid ədəbiyyatları çalışır.

Bizə müəllifi olduğu bəzi kitablarını da imzalayır.

Evdən ayrılarkən, bir daha otağa ümumi nəzər yetiririk. Həm kitablar, həm də özbək plovu bir daha gəlmək arzumuzu oyadır...


# 530 dəfə oxunub

Oxşar xəbərlər

Orucumu pozaram, and içərəm doyunca... - Ruslan Dost Əlinin şeirləri

Orucumu pozaram, and içərəm doyunca... - Ruslan Dost Əlinin şeirləri

21:17 3 mart 2025
"Sevdiyin qızı vermirlər? Qaçırt!" - Kəramət Böyükçöl

"Sevdiyin qızı vermirlər? Qaçırt!" - Kəramət Böyükçöl

21:00 3 mart 2025
Mehriban Xanlarova:  "Mehriban Ələkbərzadənin bu hərəkəti hörmətsizlikdir"

Mehriban Xanlarova: "Mehriban Ələkbərzadənin bu hərəkəti hörmətsizlikdir"

18:54 3 mart 2025
“Ailəm nümunəvi idi” – Müşviq boşanmağından danışdı

“Ailəm nümunəvi idi” – Müşviq boşanmağından danışdı

18:45 3 mart 2025
Yorğan-döşəyi yanmış yük, ağacdan asılmış boş beşik...  - Soyqırımın ən məsum qurbanı

Yorğan-döşəyi yanmış yük, ağacdan asılmış boş beşik... - Soyqırımın ən məsum qurbanı

17:55 3 mart 2025
Tanınmış aktyor iflic oldu:  Qızı həkimləri ittiham etdi

Tanınmış aktyor iflic oldu: Qızı həkimləri ittiham etdi

17:00 3 mart 2025
#
#
# # #