"Atam məni bağrına basmışdı, Xocalıda isə..." - Eminquey Akif

Eminquey Akif

Eminquey Akif

26 fevral 2025
# 15:00

Kulis.az Eminquey Akifin yeni yazısını təqdim edir.

Çox qəribədir ki, hər il Xocalı, 20 yanvar günləri gələndə sevinirəm.

İyirmi il əvvəl, qışın buzlu, qarlı bir günü atamı məktəbin həyətində tapmamışdım. Qırmızı "nol on bir"i vardı, məni dərsdən götürməyə gecikməzdi. Bütün uşaqlar getmişdi. Gah məktəbin qapısında gözləyirdim, gah da həyətdə gəzirdim. Atam gəlmək bilmirdi ki bilmirdi. Məktəbin həyətindən uzaqlaşdım, həyətin girişində gözləməyə başladım. Haradansa iki-üç avara peyda oldu. Onlar əvvəlcə məndən bir az aralıda dayandılar. Məktəbdə, bəlkə də, elə dünyada da ən rahat ələ salınacaq adam idim. Gözlərim çəp idi, eynək taxırdım. Hiss edirdim ki, hərlənib-fırlanıb bunlar mənə sataşacaqlar, daha doğrusu, gözlərimə. Düşündüyüm kimi də oldu.

- Açqarik, kimi gözləyirsən?

Əllərim buzladı, qarnım sancdı qorxudan. Bunlara öz dillərində cavab versəm, məni təkləyib döyəcəklər. Susdum.

- Hara baxırsan, ə? – dedi içlərindən biri, əliylə baxışımı tutmağa çalışdı. Gözlərim çəp idi axı. O birilər gülüşməyə başladı.

Bircə kəlmə də deməyib qaçmağa başladım. Məktəbin tinini burulub dayandım, nəfəsimi dərdim. Qəfil ağlıma gəldi ki, bir az qabaqda köşk var, o köşkə yaxınlaşım, xahiş eləyim, lap pulunu verim, atama zəng vurum.

- Ata, bir dayının telefonundan yığıram sənə. Hardasan axı? Mən tək qalmışam e.

- Yol buzdu, gəlirəm, Emiş, gəlirəm.

Ətrafa baxa-baxa qayıtdım məktəbin girişinə, mənə sataşan uşaqlar orada yox idi. Titrəyirdim, burnum qızarmışdı, əllərim göynəyirdi.

Mən öyrəşmişdim dərs bitən kimi qapıda atamın maşının şüşəsindən əliylə məni çağırmağına. Həmin gün atam məni bağrına basıb başımı tumarlamışdı. Titrəyən əllərim də, qızaran burnum da özünə gəlmişdi. Elə ordan birbaşa mənə telefon almağa getmişdik.

Bu hadisəni tez-tez xatırlayıram, həm ona görə ki, ilk telefonum həmin gün alınmışdı, həm də bu səbəbdən ki, bu hadisə mənə sonralar bir şeyi başa saldı. Yaşadığım balaca bir həyəcan, qorxu, təklik Xocalı boyda olmasa da, Xocalının mahiyyətini kiminsə dediklərindən yox, öz gördüklərimdən başa düşmüşəm.

Xocalıda pusquya düşən o insanların nə bir köşkə cumub kimdənsə kömək istəməyə şansları oldu, nə də özlərini qorumağa bir silahları. Öldürüldülər, qaçıb gizlənənlər donub öldülər. Uşaqlar, qadınlar, kişilər. Atam məni bağrına basmışdı, Xocalıda isə anasının bağrında güllələnən uşaqlar oldu.

Hə, çox qəribədir ki, hər il Xocalı, 20 yanvar günləri gələndə sevinirəm. Ona görə ki, bu günlərdə televiziyamız tarixi materiallar yayımlayır. Hər ilin bu günü o materiallara acgözlüklə baxıram. İnternetdə bu faciə ilə bağlı videolar, məqalələr axtarıram. Çingiz Mustafayevin “üzünü çək, üzünü” dediyi kadrlara baxıb heç vaxt ağlamamışam. Elə o kadrdakı adamlar kimi donub qalmışam. Qışda qar yağanda, yer buz bağlayanda nədənsə həmişə o kadrlar bircə dəfə də olsa gəlib gözlərimin önünə. Əllərimin göynərtisində Xocalını hiss eləmişəm. Amma heç vaxt Xocalı faciəsinə kədərlənməmişəm, ağlamamışam.

Uşaqlığımızın bayramları yadıma düşür. Hamımızı birləşdirən bir yer var idi – babamızın evi. Hamı işini-gücünü atıb o evdə birləşərdi. Elə ki babamız, nənəmiz dünyalarını dəyişdi, o ev qaldı bomboş. O birlik də, o ocaq da yoxa çıxdı. Xocalı, 20 yanvar günləri insanların birləşməsi, ziyarətə getməsi mənə həmin babamgilin evinə getdiyimiz günləri xatırladır. Əslində, hə, necə ki baba-nənələrimiz bizim həm də kökümüzdür, bu faciələr də bizim kökümüzdür. Biz hər il öz kökümüzü ziyarətə gedirik. Və açığı, matəm də olsa, mən ildə iki dəfə birləşdiyimiz, bütöv olduğumuz bu günlər gələndə çox sevinirəm. Məhz bu gün hamımızın içində daşıdığı kök iki yerdə birləşə bilir – “Şəhidlər Xiyabanı”nda və “Ana harayı” abidəsində.


# 2607 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti Şeyx Əbdül xəstəxanadan evə buraxıldı

Xalq artisti Şeyx Əbdül xəstəxanadan evə buraxıldı

18:10 9 fevral 2026
Ağdaşda məktəbə Xalq şairi Fikrət Qocanın adı verildi

Ağdaşda məktəbə Xalq şairi Fikrət Qocanın adı verildi

16:26 9 fevral 2026
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

16:23 9 fevral 2026
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

15:44 9 fevral 2026
"Söhbət ildə on beş manatdan gedir..." - AYB-dən hansı yazıçılar çıxarıldı?

"Söhbət ildə on beş manatdan gedir..." - AYB-dən hansı yazıçılar çıxarıldı?

15:44 9 fevral 2026
“Şərq-Qərb Kino Lab” bədii film layihələrinin inkişaf proqramı elan edildi

“Şərq-Qərb Kino Lab” bədii film layihələrinin inkişaf proqramı elan edildi

15:20 9 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər