Alman sevgilisi tərəfindən tərk edilən türk - Rəvan Cavid

Alman sevgilisi tərəfindən tərk edilən türk - Rəvan Cavid
29 avqust 2023
# 11:15

Kulis.az Rəvan Cavidin "Səliqəsiz həyatların rejissoru - Fatih Akın" adlı yeni yazısını təqdim edir.

Fatih Akın türk əsilli alman rejissordur. Çəkdiyi filmlər Hamburqdan İstanbula, İstanbuldan Hamburqa öz talelərini axtarmağa gedən insanlardan bəhs edir. Hamburqun qaranlıq, nəm küçələrində baş verən cinayətlər, irqçi, solçu davalar, İstanbulun səmtlərindəki keçmiş axtarışları, melanxoliya, qan, göz yaşı, ümidlə ümidsizlik arasında çırpınan mühacir həyatlar, peşmanlıqlar, sevgi və xəyanətin yaxşı və pis gnlər kimi yarıya bölündüyü münasibətlər Fatik Akın sinematoqrafiyasının xammalıdır. Filmlərin fonunda rejissorun Trabzona, türk adətlərinə həsrəti hiss olunur. "Yaşamın kıyısında" filmində Fatih Akın çox qısa da olsa, gedib oralara baş çəkir. İki şəhərin ortaq hekayələrini danışan rejissorun filmləri Qərb soyuqqanlığı ilə Anadolu mistizminin qarışığından yaranır.

Yaşamın Kıyısında Filmi Eleştirisi - Filmloverss

Uşaqlıq arzusu aktyor olmaq idi. Buna görə də, türk mühacir ailələrin uşaqlarından fərqli olaraq Fatih Hamburqdakı İncəsənət Universitetinə qəbul olur. Tələbəlik illərində kino zallarının qabağında popkorn satır. Bir müddət sonra teatra və kinoya maraqlı olan bu gənci reklam şirkətləri kəşf edir. Bir neçə reklam çəkilişlərindən sonra rejissor dərsləri bəhanəsiylə bu sektordan uzaqlaşır. Tələbəlik illərində türklərin, alban və xorvatların illeqal işlərlə Hamburqda məşhurlaşan qruplaşmasına daxil olur. Həbsxana həyatı, sonra yenə tələbəlik illəri davam edir. Qruplaşma narkotik satışına başladığı üçün Fatih "dostlarını" tərk edir. Universitet bitər-bitməz rejissorluq fəaliyyətinə başlayır. Yəni bir sözlə, Akının filmlərindəki səliqəsiz həyatlara kamera tutmaq həvəsi, əslində, öz həyatından, yaşadıqlarından irəli gəlir.

Fatih Akın Metin Erksanın "Susuz yaz" filmindən qırx il sonra Berlin Film Festivalında "Qızıl Ayı" mükafatını alan ikinci türk rejissorudur. Ona bu mükafatı "Duvara karşı" filmi qazandırdı. Film Fatih Akının öz başına gələn bir hadisə üzərində qurulub. Hamburqda bir qız Fatihə evlənmə təklifi edir. Bu evlilik yalnız kağız üzərində olacaqdı. Ailəsindən yaxa qurtarmaq üçün bu evlilikdən istifadə edən qız daha sonra İstanbula köçür. Filmdəki başqa bir detal isə alman sevgilisi tərəfindən tərk edildikdən sonra intihar edən türk bir qızın faciəli həyatıdır. Filmdə baş rollardan birini "Game of Thrones" serialından sonra daha da məşhurlaşan Sibel Kekilli canlandırır.

Duvara Karşı yayını: İnternette nereden film izlenir?

Akının ən böyük uğuru isə 2018-ci ildə "Ən yaxşı xarici film" nominasiyasında qazandığı "Qızıl Qlobus" mükafatı oldu. Bu mükafat kino cameəsinda "Oskar"ın xəbərçisi adlanır. Fatih Akın bu mükafatı "Paramparça" filmi ilə qazandı. Filmin final səhnəsi gözlənilməzdi. İzləyicini ekrana həyəcanla bağlamağı bacaran filmin mövzusu irqçilik, sosial ədalətsizlikdir. Filmin verdiyi mesaj isə budur: "Bəzən həyatımız bahasına da olsa, ədaləti bərpa etmək bizim missiyamızdır". Ancaq "Ədalət nədir?", "Ədaləti bərpa etmək nəyin həllidir?" sualları da beynimizi qurcalayır. "Paramparça" Fatih Akın kinematoqrafiyasının zirvəsidir.

Paramparça - Manifold

2007-ci ildə Fatih Akın Kann Film Festivalında "Yaşamın kıyısında" filmi ilə "Ən yaxşı ssenari" mükafatını qazanır. Bu uğur da onu Avropada tanıdır. Ümumiyyətlə, bu filmin qazandığı mükafatları saymaqla bitməz. "Yaşamın kıyısında" solçuların bürokratiya ilə mübarizəsinin, parçalanmış həyatların, həbsxana və zirzəmilərə həbs olunmuş talelərin filmidir. Akın alman nazilərin türk mühacirlərə münasibətinin, xristian-müsəlman davalarının mərkəzi olan Hamburqun qaçqınlarla dolu məhəllələrini bu filmində də göstərir.

Qara yumor, şiddət, əsl qan və vəhşilik filmlərdə bədii həllini tapdığı üçün tamaşaçını hürkütmür. Məhz qanla rəftarı Akını bir az da Trierə bənzədir desək, yanılmarıq.

Həddən ziyadə bədbinlik sənət müstəvisində zövqsüzlük göstəricisidir. Məsələn, ədəbiyyatda Dostoyevski sindromu elə zövqsüzlüyün sindromudur. Bütün obrazların bir-birinə bənzədiyi, eyni cür danışan və bütün günü həyatın qaranlıq tərəfləri ilə oxucunu məşğul edən saysız-hesabsız mətnlər. Film cameəsinda da bu cür zövqsüzlüklər var. Məsələn, Akının həmyerlisi Zeki Demirkubuzun bəs qədər sosial mesajları bəzən bizi yorur. Bəli, sənət həm də bu mövzular üçün tribunadır, ancaq əsl mahiyyətindən uzaqlaşdıqca yükə çevrilən əzabı xatırladır. Fatih Akın bu zövqsüzlükdən özünü qorumağı bacaran rejissordur. "İm Juli" və "Soul Kitchen" filmlərinin xoşbəxt sonluqları, zarafatları, macəra və komediya janrlarının montajı Fatih Akın yumorunun ən gözəl isbatıdır. Hər iki film də festivallarda rejissora böyük uğurlar qazandırıb.

Fatih Akın'dan 75. Altın Küre Ödülleri çıkartması! Fatih Akın kimdir?

Avropada uğur qazanan bütün türk sənətçilər kimi Fatih Akın da manşetlərdə mühakimə olundu. Orhan Pamukun Nobel mükafatını almasından sonra bu adət bir az da tündləşdi Türkiyədə. Filmlərində türkiyəli qaçqınların həyatını çəkdiyi üçün Avropaya yarındığını deyən jurnalistlər Akını mənfi situasiyalarla bir neçə dəfə gündəmə gətirməyi bacarmışdılar. Bütün bu söz-söhbətlərdən sonra o da "Sinema: benim memleketim" kitabını yazır. Və çəkdiklərinin alt qatında olan real hadisələri qələmə alır.

Filmlərini kədər və ironiya ilə bəsləyən, qaranlıq küçələrin, alman xarakterinin dərinliyində baş verənləri çəkən, bəzən güldürən, bəzən hüdudsuz bir tərəddüdə boğan, bəzən cavabını illərdir axtardığımız, bəlkə də unutduğumuzu hesab etdiyimiz sualları bizə yenidən verən, əsl mahiyyətimizin qayəsindəki vəhşiliyi üzümüzə vuran, şəhərlərin ruhunu sadə insanların günahları ilə aydınladan, bağışlanmağı arzulayanların hiddətini, əsəbini mavi ekrana çəkib gətirən Fatih Akın hazırda türk və alman sinematoqrafiyasının ən parlaq nümayəndəsidir. Və onun haqqında nə qədər şayiələr yazılsa da, türklər onu nə qədər almanlara qısqansa da, üstünə nə qədər "xəyanətkar" damğası vurmaq istəsələr də, bu, onun əsl sənətkar olduğu, kamera ilə səliqəsiz, sahmansız həyatları mükəmməl estetika ilə izləməsi gerçəyini dəyişməyəcək.

525.az

# 1375 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
# # #