"Aldadılmağıma icazə verdim" - Günter Qrass özünü niyə bağışlamırdı?

"Aldadılmağıma icazə verdim" - Günter Qrass özünü niyə bağışlamırdı?
16 oktyabr 2025
# 17:30

Bu gün alman yazıçı Günter Qrassın anım günüdür.

Kulis.az bu münasibətlə Orxan Həsəninin "Günterin "günah"ı" yazısını təqdim edir.


Günter Grass alman ədəbiyyatının ən böyük yazıçılarından biridir.

Almaniyanın qaranlıq tarixini öz canında hiss eləyən yazıçı həyatı boyu nə öz ölkəsini, nə öz keçmişini, nə də özünü əfv etdi.

Bu mənada, yazmaq onun üçün hesablaşma idi. O, XX əsrin ən ağır suallarını soruşmaqdan çəkinmirdi.

Günah kimindir?

Qurban kimdir?

Baş verənləri unutmaq olarmı?

1927-ci ilin payızında Dantsiqdə, yəni bugünkü Qdanskda dünyaya gələn Qrass hələ uşaq yaşlarında müharibənin səsini eşitmişdi.

Onun gəncliyi ideologiyaların insanları kor etdiyi bir dövrə təsadüf edirdi. Cəmi 17 yaşında “Hitler gəncliyi”nə, daha sonra isə "Vaffen SS"ə qoşulmuşdu.

Gənc Günter illər sonra bunu “aldadılmağıma icazə verdim” sözləri ilə etiraf edəcəkdi.

Bu cümlə onun bütün yaradıcılığının mərkəzində dayanırdı.

Bəlkə də, baş verənlərdən sonra daşla insan arasında fərq görmədiyi üçün Qrass müharibədən sağ çıxandan sonra daş yonmağa başladı.

O, qəbir daşları düzəldir, heykəllər yonurdu.

Daha sonra heykəllər sözlərlə əvəzləndi.

Düsseldorf və Berlin İncəsənət Akademiyalarında oxudu, Parisdə yaşadı. Yazıçı öz səsini Parisdə tapdı.

“Tənəkə təbil” adlı romanı 1959-cu ildə çap olundu və Qrass birdən-birə Alman ədəbiyyatının mərkəzi fiquruna çevrildi.

“Tənəkə təbil” böyümək istəməyən bir uşağın hekayəsidir. Oskar Matzerat adlı qəhrəman böyüklərin yalanlar, günahlar və aldanışlarla dolu dünyasına qoşulmaqdan imtina edir. O, böyüməmək qərarına gəlir.

Bu qərar bir növ Günter Qrassın öz gəncliyinə münasibətidir:

Böyüklərin dünyası təhlükəlidir, mən o dünyaya girməməli idim.

Qrassın yaradıcılığı bununla bitmədi. Ardınca “Pişik və siçan”, “Mənim əsrim”, “Siçan qadın” kimi əsərləri yazdı. Onun qəhrəmanları cırtdanlar və qorxaqlar idi. Amma bu obrazlar vasitəsilə o, bir xalqın kollektiv yaddaşını oyadırdı.

Qrassa görə yazmaq yazmaq borc idi, susmaq isə xəyanət...

O, həm də çoxşaxəli sənətkar idi. Yazmaqdan yorulanda rəssamlığa, heykəltəraşlığa keçirdi.

Romanlarımı yazarkən rəsm çəkməklə dincəlirəm, heykəl yonarkən yazmaqla,” deyirdi...

Qrass 1999-cu ildə ədəbiyyat üzrə Nobel mükafatı ilə təltif olundu.

İsveç Akademiyası onu “tarixin unudulmuş tərəflərini qara yumorla göstərdiyi üçün” mükafata layiq bilmişdi.

2006-cı ildə çap olunan “Soğanı soyarkən” əsərində Qrass gənclikdə "Vaffen SS"ə qoşulduğunu etiraf etdi.

Almaniya bu etirafla sarsıldı. “Ədəbiyyatın vicdanı” adlandırılan yazıçının keçmişində belə bir ləkə olması cəmiyyəti şoka salmışdı.

Bəziləri onu “ikiüzlü” adlandırdı, bəziləri isə “nəhayət, dürüst davrandı”, dedi.

O isə sadəcə susdu, susdu, susdu.

Sanki bu dəfə sözlər bəs eləmirdi.

O, həmişə eyni şeyi söyləyirdi: “Mədəniyyəti ələ keçirə bilməzsiniz. Ədəbiyyat həmişə sərhədləri aşacaq.

Günter Qrass 2015-ci ilin aprelində Lyubekdə dünyasını dəyişdi. Amma onun qələmi hələ də susmayıb.

Onun “Tənəkə təbil”indəki təbil səsi bəzən incə, bəzən də sərt bir tonla hələ də ədəbiyyatın yaddaşında səslənir.

O, insanın həm qurban, həm də günahkar ola biləcəyini göstərdi.

Qrassın dostu, türk yazıçısı Yaşar Kamal bir dəfə demişdi: “Yazıçı, xalqının səsi deyil, vicdanıdır.

Bəlkə də, Günter Qrass üçün bundan gözəl tərif yoxdur. O, heç vaxt öz xalqının qəhrəmanı olmadı, amma onun vicdanı idi.

Və bəzən vicdan qəhrəmanlıqdan daha dəyərlidir.

# 986 dəfə oxunub

Oxşar xəbərlər

"Gecə" - Varlam Şalamovun hekayəsi

"Gecə" - Varlam Şalamovun hekayəsi

17:00 17 yanvar 2026
Qusarda bəstəkar Elza İbrahimovanın büstünün açılışı oldu

Qusarda bəstəkar Elza İbrahimovanın büstünün açılışı oldu

15:30 17 yanvar 2026
Səddam Laçının kitabının IV nəşri  çap olundu

Səddam Laçının kitabının IV nəşri çap olundu

13:50 17 yanvar 2026
İnsanlar yaratdıqları obrazların içində yaşayırlar... - Cim Kerridən sitatlar

İnsanlar yaratdıqları obrazların içində yaşayırlar... - Cim Kerridən sitatlar

13:20 17 yanvar 2026
Kölgə - Rüstəm Dastanoğlunun hekayəsi

Kölgə - Rüstəm Dastanoğlunun hekayəsi

12:40 17 yanvar 2026
Öpüşlərini əsla unutmayacağam... - Günün mahnısı

Öpüşlərini əsla unutmayacağam... - Günün mahnısı

12:30 17 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər