Akademik Musiqili Teatr ən yaxşıları mükafatlandırdı

Akademik Musiqili Teatr ən yaxşıları mükafatlandırdı
5 iyul 2022
# 11:30

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında ənənəvi mükafatlandırma mərasimi olub.

Kulis.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev mövsüm ərzində həyata keçirilən layihələrdən, görülən işlərdən, qazanılan uğurlardan danışıb. Sonra mükafatlandırma mərasimi keçirilib, mövsüm boyu yaradıcılıq fəaliyyəti və əməyi ilə seçilən əməkdaşlar mükafatlandırılıblar.

Mükafatları təqdim etmək üçün səhnəyə Mədəniyyət Nazirliyinin teatr sektorunun müdiri Könül Cəfərova, Xalq artistləri Afaq Bəşirqızı, Fatma Mahmudova, həmçinin Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor Məryəm Əlizadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevil Kərimova, Musiqili Teatrın 85 yaşlı aktyoru, Əməkdar artisti Boris Qrafkin, Azərbaycanın Əməkdar artisti, Kalmıkiyanın Əməkdar incəsənət xadimi Mübariz Həmidov, teatrın quruluşçu dirijoru, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev dəvət olunublar.

Xalq artisti Pərviz Məmmədrzayev “Mövsümün sevilən aktyoru”, Əməkdar artist Şövqi Hüseynov isə “Teatrın tarixində ilk monotamaşa” (“Utancaq qız” tamaşasına görə) nominasiyaları üzrə mükafatlandırılıblar.

Əməkdar artistlər Fərid Əliyev teatrın rus truppası üzrə "Mövsümün aktyoru”, Nərgiz Kərimova isə “Mövsümün aktrisası” seçilib.

Ülviyyə Əliyeva "Mövsümün sevilən aktrisası”, Zaur Əliyev "Mövsümün perspektivli aktyoru”, Nigar Qarayeva "Mövsümün perspektivli aktrisası”, Fərid Rzayev "Mövsümün ən məhsuldar aktyoru”, Mehriban Zaliyeva "Mövsümün ən məhsuldar aktrisası”, Səmədzadə Xasiyev "Mövsümün aktyoru”, Elnarə Nağdəliyeva “Mövsümün aktrisası, Məhəmməd Abdullayev “Mövsümün ən yaxşı balet artisti”, Mehriban Rəcəbova “Mövsümün ən yaxşı xor artisti”, Fərrux Günəşov “Mövsümün ən yaxşı musiqiçisi”, Məhəmməd Məhəmmədov "Mövsümün ən yaxşı texniki işçisi”, Əliməmməd Novruzov “Mövsüm ərzində kişi rolunun ən yaxşı ifasına görə”, Gülnarə Abdullayeva “Mövsüm ərzində qadın rolunun uğurlu ifasına görə”, Qabil Gözəlov “Mövsümün ən işgüzar əməkdaşı”, Nicat Əli “Mövsümün ən cəsarətli kişi roluna görə”, Gültac Əlili “Mövsümün ən cəsarətli qadın obrazının ifasına görə”, Adelya Osmanova “Mövsüm ərzində uşaq rolunun ən yaxşı ifasına görə”, Tural Bədəlov “Mövsüm ərzində teatrın dostu” nominasiyalarında mükafatlara layiq görülüblər.

“Mövsümün ən yaxşı tamaşası” kimi “Lara Martin's Jazz Club” caz-tamaşası qeyd edilib və quruluşçu rejissoru İradə Gözəlova mükafatlandırılıb.

Mərasimdə həmçinin Əməkdar artist Nahidə Orucovaya və teatrın quruluşçu rejissoru Samir Qulamova (“Paris Notr-Dama ithaf” tamaşasına görə) Azərbaycan Respublikasının Xalq artisti Hüseynağa Sadıqovun ailəsinin təsis etdiyi Hüseynağa Sadıqov adına "Büllur alma” mükafatı da təqdim olunub.

Tədbirdə Təbrizli rəssam Qadir Fəthi də iştirak edib və 44 günlük Vətən müharibəsinin iştirakçısı, Şuşaya qədər şərəfli döyüş yolu keçən teatrın balet artisti Murad Ağayevin portretini tədbir boyu çəkərək onun özünə təqdim edib.

# 414 dəfə oxunub

Oxşar xəbərlər

# # #