"Ağıl verib nəsihət etməklə düzəlsəydi..." - Axundzadənin çəkdiyi əziyyət daha ağır imiş...

"Ağıl verib nəsihət etməklə düzəlsəydi..."  - Axundzadənin çəkdiyi əziyyət daha ağır imiş...
16 iyul 2025
# 15:00

Kulis.az Kamil Əlisoyun yeni yazısını təqdim edir.

"Mən öləndə qoymayın ki, qəbrimin üstündə bayquşlar ulasın" deyən Mirzə Fətəli Axundovun demək istədiyini, əslində, biz hələ də düz başa düşə bilmirik və ya başa düşmək istəmirik.

Belə bir ifadə var ki, toplumu nə qədər elmdən uzaq tutub xurafata yaxınlaşdırsan, onun idarəsi də bir o qədər rahat olar. Bu isə əsrlər boyu Azərbaycan xalqının məruz qaldığı siyasət olub. Xalqın beyninə əsrlər boyu məqsədyönlü şəkildə yanlış yeridilimiş, hətta zorakı şəkildə tətbiq edilmiş və xalqı daim cəhalətdə saxlayıb dini əldə oyuncaq edən molla rejimi onu həmişə öz mənafeyinə uyğun şəkildə istifadə etmiş, hətta bunu bir növ biznesə çevirmiş, verdikləri fətvalarla həmişə xalqı doğru yoldan sapdırmağa çalışmışlar. Bunun da səbəbi var idi. Çünki elmdən uzaqlaşan toplum nə iləsə məşğul edilməlidir.

Bütün ömrünü maarifə, elmə, xalqının daha işıqlı toplumda yaşaması üçün sərf etmiş bir ədəbi xadimin bu sözləri yazması, deməsi təəcüblü deyil. Çünki onun qələmi cəhalətə qarşı bir qılınc idi, elm üçün bir müdafiə sistemi idi. Kiçik qız uşaqlarının evləndirilməsi, siğə edilməsi, xəstəliklərə dua yazılması, cadu edilməsi, oğlanların ancaq dini təlim alıb dünyəvi təlimdən məhrum qalması, qızların ümumən təhsildən uzaq qalması məhz molla rejiminin gördüyü işlərin, yeritdiyi ideologiyanın nəticəsi idi.

“Aldanmış Kəvakib”də ulduz falına əsasən, taxtda oturan şahın başına müsibət gələcəyi məsələsini dilə gətirən də, xalqdan din adı altında onlarla vergi alıb onun qanını sovuran, haqqını tapdalayan da, “Hekayəti-Müsyö Jordan”da “Parisi partladan” da mollalar, münəccimlər idi.
Uzun sözün qısası, əsas məsələ dindən xəbəri olmayan adamların din maskasını üzünə çəkib xalqa zülm etməsi, onu cahilliklə boğması, inkişafdan saxlaması, digər xalqlara nisbətən xalqımızın elm, sosial-ictimai və digər cəhətdən bəşərdən geri qalması müəllifi narahat edirdi.
Maraqlısı budur ki, bu cür adamlar da, onlara hələ inananlar da mövcuddur. Bunu görmək üçün alim olmaq lazım deyil, adicə bir mərasimdə oturub danışılanları dinləyəndə bütün daşlar öz yerinə oturur.

Qadınların haqsızlığa düçar olmasından tutmuş saxta peşədə çalışanlara, pulu öz qibləsinə çevirənlərdən tutmuş, millətin haqqını halva kimi yeyənlərə qədər hamısından yazıb...

Məsələ burasındadır ki, bu məsələlər yenə də aktualdır. Orta məktəbdə oxuyanda düşünürdüm ki, bu nədir, insan bu qədər də bədbin yazarmı?

Düşünəndə ki, yazar 200 il öncə yaşayırmış, bunları görüb yazırmış, dahi deməmək ayıb olar. Yazılarının birində deyir ki, ağıl verib yol göstərmək, nəsihət etməklə düzəlsəydi, ən başlıca farslar, türklər düzələrdi, millətimiz düzələrdi.

Kəramət Böyükçöl yeni bir müsahibəsində elə bu barədə danışırdı: “Adamlar poçt qutusuna məktub ata bilməyən adamdan ədəbiyyat düzəldiblər. Bir də onun dövründə yaşamış Tolstoyun, Dostoyevskinin digərlərinin yazdığına bax..."

Onu da bu sözünə görə tənqid etdilər, amma, demək istədiyi, Axundzadənin çəkdiyi əziyyət daha ağır imiş... Çünki mövzular dəyişməyib: Cəhalət, qadın azadlığı, maarifçilik, idarə üsulundakı yarıtmazlıq, dünyəvi elmlərin tədrisi və ona qarşı çıxan, dini əldə oyuncaq etməklə xalqın “başını qatan”, onu öz mənafeyinə uyğunlaşdıran molla rejimi və onların ifşası...

İndi baxırsan, camaat yenə də eyni fikirdədir. Elmdən uzaq, cəhalət içində - ancaq bu günü yaşayır, 5-10 manata görə insanları qoyun-quzu kimi tələf edən həkimlər, yararsız müəllimlər, Seyid Əzim demiş, "elmsiz alim"lər...

Günlərin birində bir müsahibəyə qulaq asırdım. Bir xanım danışırdı ki, indiyə kimi iqtisadiyyata görə heç bir ölkə dağılmayıb, xalq məhv olmayıb, amma sosial çürüməyə görə çox xalqlar dağılıb, məhv olub, tarixin qaranlıq səhifələrində itib. Mirzə Fətəlinin də gördüyü, çatdırmağa çalışdığı məhz bu sosial çürümənin başlanması idi.

Sabirin fikri yada düşür: "Oxumaq istəyən adamı evləndirib, evlənmək istəyəni oxudanda cəmiyyət dağılır...".
Bu gün Axundovun yazılarına görə hələ də ateist olduğu düşüncəsi ədəbiyyat sferasında yer alır. Hətta bir cümləsinə görə belə ona lənət oxuyanlar az deyil. Lakin onun dövründə yaşasaydıq, işıqlı insanlar əvəzinə cəhalət içərisində boğulsaydıq, bəlkə daha da kəskin yazıb-yaradardıq.

Məsələ burasındadır ki, üstündən onillər keçib, hələ də cəhalətlə mübarizə aparırıq. Deməli, o cür yazılara baxmayaraq, yenə də bu yazılar bizim sürətli inkişafımız yolunda geriyə düşdüyümüz illəri bərpa etməyə yetməyib.
Bu gün yenə də “Mürafiə vəkilləri” də, “Nuxulular” da, “Tarverdilər” də, “Hacı Qaralar” aramızdadır.

Bununla belə yenə də işıqlı adamlara ümidimiz var. Problemləri işıqlandıran, onların həll yolunu axtaran fədakar, işıqlı adamlara... Onlar nə yaxşı ki, var...

# 191 dəfə oxunub

Oxşar xəbərlər

"Yaxşı ananın pis qızını almaq lazımdır" - Yalçın İslamzadə

"Yaxşı ananın pis qızını almaq lazımdır" - Yalçın İslamzadə

18:47 16 iyul 2025
Ayrılmış qızlar, çeçenka saç və makasinli qaqalar - Əlixanın sonuncu filmi niyə uğursuzdur?

Ayrılmış qızlar, çeçenka saç və makasinli qaqalar - Əlixanın sonuncu filmi niyə uğursuzdur?

18:40 16 iyul 2025
Motosiklet qəzasında ağır yaralanan yazıçı evə buraxıldı

Motosiklet qəzasında ağır yaralanan yazıçı evə buraxıldı

18:26 16 iyul 2025
Rəvan Cavid motosiklet qəzasında ağır yaralandı - Fotolar

Rəvan Cavid motosiklet qəzasında ağır yaralandı - Fotolar

18:20 16 iyul 2025
“Epi”  həbs olundu

“Epi” həbs olundu

18:16 16 iyul 2025
Məşhur teleaparıcı və əri evlərində güllələndi

Məşhur teleaparıcı və əri evlərində güllələndi

18:05 16 iyul 2025
# # #