Adımıza, sanımıza layiq heykəldir

Adımıza, sanımıza layiq heykəldir
5 noyabr 2024
# 16:20

Kulis.az Eminquey Akifin “Heykəl tənhalığı” köşəsini təqdim edir.


Küləkli noyabr günündə, “şükür, bu gün də Bağırov keçidində boğulmadıq” dediyimiz bir zamanda, Bakı öz daxili təlatümlərini yenə də heykəlləşdirməklə od tutmuş bağrına su səpdi.

Amma səd heyf bu aramlıq gilası mürəbbə, quzunu kabab, şairi heykəl tək xoşlayan adamlarımızın od tutmuş bağrına aramlıq gətirmədi. Məmə deyəndən pəpə deyənə kimi hərə bir palçıq atdı bu heykələ. Biri dedi ki, camaatın anası-bacısı var, bu lüt-üryan heykəli geyindirmək lazımdır. O biri dedi ki, elə bil bu heykəlin sinəsi niyə balacadır? Şərq qadınının sinəsi belə olmur. Bu biri dedi ki, bu heykəl güclü qadını simvolizə edir.

Gördüm ki, qarğaşadır, qa quya qarışıb, dedim, baxım-görüm, bu heykəl kimin əl işidir. Nə görsəm yaxşıdır? Lorenzo Kuin. Lorenzo? Mm... Tanımıram. Əfvinizə sığınıram, qarşınızda üzrxaham. Əsərin adı isə “Təbiətdə tarazlıq” imiş. Sən demə, əslində, bu başıbəlalı heykəl dünyanın bir neçə şəhərində ucaldılıb. Oradakı heykəllər isə heç də bizimki təhər lüt-üryan deyil. Hərçənd, biri, o biri, bu biri adamların mübhəm üsyanının alt qatında bu işıqlı informasiya yoxdur ki, onlara həmin konteksdə haqq verəsən. Amma olsun, məsələn ki haqq verdik.

Lap belə əl-ələ verib getdik bu heykəl üçün əyin-baş almağa. “Sədərək” bazarından bacımıza layiq məmədan, tuman tapdıq, bir dənə də qəşəng güllü-güllü don, butalı-zadlı kəlağayı. Düzələcəkmi? Od tutmuş bağrınız “çısss” eləyib sönəcəkmi? Sönüb külü qalacaqmı? O külü gözünüzə üfürsək, olacaqmı?

Niyə özünüzün daş əksini görüb qorxursunuz? Siz ki soyunmağı bu heykəldən daha mükəmməl bacarırsınız?! Siz ki lüt-üryanları alqışlamaqdan zövq alırsınız?! Nə oldu birdən-birə? Bu safniyyətli bacımız niyə gözünüzə batdı? Harası xoşunuza gəlmədi bu heykəlin? Yalnız çılpaqlığımı? Başqa şəhərlərdə çılpaq deyildi, biz onu soyundurub tarazlıq yaratmışıq da. Axı heykəlin adı da “Təbiətdə tarazlıq”dır.

Adımıza, sanımıza layiq heykəldir. Əgər bu heykəlin mənası qadının dünyada tarazlıq yaratmağıdırsa, bəli, bizdə bu tarazlığı məhz lüt-üryan qadınlar yaradır. Qadın öz ayaqları üstündə məhz bax elə bu bacımız kimi çılpaq dayana bilər. Və yalnız o zaman təbiətdə tarazlıq hakim olar. İndi bu heykəlin harası döşünüzə yatmadı?

Deyim ki, bu heykəl bacımızın əndamına baxıb ibrət götürməlisiniz. Silikonlardan, gic-gic əməliyyatlardan, sünilikdən əl çəkməlisiniz. Yaxşı şair ola, o heykəli vəsf eləyə. Nə çox əndam şairlərimiz. Haradadır onlar? Niyə vəsf etmirlər bu bacımızı? Bircə saat bəsdir ki, o heykəlin qıçları arasında durub ilham alasan, feyz alıb şeir yazasan.

Yox e, siz necə oldu ki, bu qədər abırlı-həyalı oldunuz? Yox e, bircə siz abırlı-həyalısınız? Qonşunuzda, qohumunuzda, tanışınızdakı canlı lüt-üryanlara deyə bilmədiklərinizi heykəl bacımıza döşəyirsiniz? Nə olar ki, heykəl olanda?

İndi bu daş bacımız neyləsin ki, siz avtobus sürücüsünə əsəbisiniz? İndi bu daş bacımız neyləsin ki, siz taksi qiymətlərindən narazısınız? İndi bu daş bacımız neyləsin ki, siz gündə 14 saat işləyib ayın axırı 400 manat maaş alırsınız?

Özü də, niyə narahat olursunuz? Bu heykəl orada əbədi qalmayacaq ki. Sərgi üçün gətirilib, avropalı bacı-qardaşlarımız gələcək, görəcək, gedəcək. Vəssalam!

Qorxmayın, bu lüt-üryan bacımız evinizi, ailənizi dağıtmayacaq.

# 5781 dəfə oxunub

Oxşar xəbərlər

Səttar Bəhlulzadənin  ilk dəfə nümayiş olunan əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin ilk dəfə nümayiş olunan əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Gizli-gizli sevişdiyim dostumun bacısı – Oğuz Ayvaz

Gizli-gizli sevişdiyim dostumun bacısı – Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
Məşhur aktyor biznes qurur

Məşhur aktyor biznes qurur

10:00 11 dekabr 2024
# # #