Adamın lap ağzı sulanır - Vüsal Bağırlı yazır...

Vüsal Bağırlı

Vüsal Bağırlı

20 dekabr 2021
# 11:40

Kulis.az Vüsal Bağırlının "Gözəgörünməz tellər" adlı yazısını təqdim edir.

İşdə, adətən, zehnim çox yüklənir. Bu gün də istisna deyildi. Qafama sanki qurğuşun doldurulmuşdu. Yelləyəndə beynimin boz maddəsi yarımkürələrin içərisində lax yumurta kimi o tərəf-bu tərəfə axırdı. Üstəlik iş otağının ağır, boğanaq havası yorğunluğumu birə-beş artırmışdı. Özümü heç də yaxşı hiss etmirdim.

Metronun yanına güc-bəla ilə gəlib çatdım. Başım hərlənir, ürəyim bulanırdı. Yol boyu sürətlə şütüyən, ora-bura gedən avtomobillərə, gəlib dayanan, siqnal verən, sərnişin doldurub-boşaldan avtobuslara fikir vermədən həmişəki kimi açıq havada dayanıb, bir qədər gözlədim.

Xəzrinin dalğa kimi gətirdiyi təmiz payız havasının altında külək duşu qəbul etdim, hava axını altında yuyundum, üşüdücü sərinlik əhvalıma xoş, həzin yüngüllük gətirdi. Sinədolusu nəfəs alıb, ağciyərlərimi soyuq oksigenlə doldurub-boşaltdım və metroya düşdüm.

Basabasdır. Sıxlıq arasında özümə yol aça-aça irəliləyir və insanları müşahidə etməyə başlayıram.

Bu müşahidələr o qədər rəngarəng, qeyri-adi təəssüratlar gətirir ki?

Burada müxtəlif insanlar var. Biri hərəkətlidir, enerjisi dolub daşır, başqası tənbəl və laqeyd. Nəzakətlisi də var, bikefi də, acıqlısı da var, hövsələsizi də.
Perrondakı düşmə-minmə amplitudu gün ərzində min dəfələrlə təkrarlanır, qapılar açılır-bağlanır, eskalatorlar qalxıb-enir. Daim hərəkətdə olan izdiham, nəhəng insan kütləsi düzənlik çayı kimi aramla axıb gedir. İstər-istəməz özümə sual verirəm.

Bu qədər insan hara gedir?..

İnsanlar işə-gücə, evə, məktəbə, bazara, xəstəxanaya, bilinməz ünvanlara, məchul məhəllələrə yollanır, biriləri düşür-minir, digərləri tələsir. İnsanlar işləyir, yeyir, içir, əylənir, hava udur, rəqs edir, oxuyur, yaşayırlar.

Statistikaya görə, dünyada bir saniyəyə iki insan ölür. Amma bundan dəfələrlə çoxu doğulur. İndi, insanlar o qədər doğub-törəyib, artıb-çoxalıb ki, harasa gedərkən, yolda-izdə kiməsə tanış bir insana rast gəlmək ehtimalı sıfıra enib. Hamı yaddır. Halbuki əvvəllər, tez-tez tanış insanlarla qarşılaşmaq ümidi və ehtimalı ilə yaşayırdıq.

Hər dəfə avtobusa və ya metro vaqonuna mindikdə müxtəlif insan tipləri, xarakterlər ilə qarşılaşırıq. İndi vaqonda ilk dəfə gördüyümü zənn etdiyim sərnişinləri, bəlkə də, ən əvvəllər dəfələrlə görmüşəm. Bunu dəqiqliklə xatırlamaq iqtidarında deyiləm. Bu zatən mümkünsüz və mənasız bir məşğuliyyətdir. Gözümüzün qarşısında peyda olan bütün üz cizgiləri, simalar, mimikalar, jestlər bir an sonra əriyib buxarlanır, səhər yuxusu kimi unudulub gedir, küləyin bir həmləsi ilə dağılan sübh dumanı kimi anidən yoxa çıxır.

İnsanları fərd olaraq, xarakter və xasiyyətə görə qruplaşdıra bildiyimiz kimi, eyni şeyi, fiziki görünüşə, antropoloji cizgilərə görə də fərqləndirmək mümkündür. Deyilənə görə, dünyada hər birimizin bir neçə oxşarı var.

Bəs, görəsən, yer üzündəki oxşarlarım neçə nəfərdir?

Vaqonun içərisində hamı eyni yerdə dayanır, hamı eyni mühitdə nəfəs alır, aşağı-yuxarı hamı eyni şeyi görür və eyni duyğuları yaşayır, eyni cür hiss edir. Burada yalnız düşüncələr, xəyallar, fantaziyalar müxtəlif ola bilər.

İçəridəki mikromühit sərnişinləri qısa müddətlik də olsa, hansısa görünməz tellərlə bir-birinə bağlayır. Onlar bir neçə stansiyalıq səfər müddəti ərzində, sanki doğmalaşırlar. İnsanlar bir-birini ciddi nəzərlərlə süzür, bəziləri, sənə baxmırmış kimi laqeyd, süzgün nəzərlərlə özünü o yerə qoymur, əslində isə, geyimini, duruşunu, fizioloji quruluşunu, hansı təbəqəyə məxsus olduğunu, harada işləmə ehtimalını öz düşüncələrinin skaner və rentgen yoxlamasından keçirirlər.

Bax, boğazına çalın-çarpaz şərf dolamış nimdaş geyimli çalsaç kişi hər iki əliylə üst tutacaqdan yapışaraq mazutlu dırnaqlarına baxır, ağır güzaranın doğurduğu mənəvi iztirabın təsiri ilə dərin fikrə dalır.

Tən ortada qərar tutmuş, heç bir dayaqdan, tutacaqdan istifadə etmədən ayaq üstə dayanmağıyla qürrələnən, fors atan və arxa ciblərinə dürtülmüş qatlama dəftərdən tələbə olduqları güman edilən bir dəstə gənc isə bir-birlərini itələyir, ətrafdakılara qıcıq doğuracaq tərzdə bərkdən gülür, özləri kimi gənc olan, təbəssümlə onlara baxan qızlar dəstəsində müsbət təəssürat izi buraxmaq istəyirlər.
Oturmuş yaşlı qadının ayaqlarının ətrafına düzdüyü hörmə zənbillərə doldurulmuş mövsümi meyvələrin – heyva, nar, xurma – al-əlvan görünüşü iştaha açır, iyi baş gicəlləndirir.

Oğlanlardan biri zarafatla, “Ay xala, meyvələrə baxanda adamın lap ağzı sulanır...” söyləyir və qaraqabaq, dalğın insanları gülməyə məcbur edir. Qadın cəld əyilir, zənbilin üstündəki düyünləri tələsik açır. Əllərini meyvələrlə doldurub, qonaqpərvər təbəssümlə hamıya, – “Beyləqandan gətirmişəm, əsgərlikdəki oğluma aparıram, vallah öz bağımızın məhsuludur, götürün” – deyir.

Metrodan çıxıb mikrorayon dairəsinə tərəf yönəlirəm. Əhvalım düzəlir, özümü yaxşı hiss edirəm.

Beləcə, metroda işə gedib-gələrkən, hər gün nə isə maraqlı bir hadisə baş verir, qeyri-adi əhvalatlarla qarşılaşıram...

# 2909 dəfə oxunub

Oxşar xəbərlər

D'Artanyanın qalıqları tapıldı? - Niderlandda aşkarlanan sümüklərin sirri

D'Artanyanın qalıqları tapıldı? - Niderlandda aşkarlanan sümüklərin sirri

17:42 2 iyul 2026
"O, lap əvvəldən bizimlə idi" - Tramp ən çox sevdiyi mahnının müəllifindən danışdı

"O, lap əvvəldən bizimlə idi" - Tramp ən çox sevdiyi mahnının müəllifindən danışdı

17:00 2 iyul 2026
Milli Xalça Muzeyində moda nümayişi  -  “Zamanın naxışları”

Milli Xalça Muzeyində moda nümayişi - “Zamanın naxışları”

16:30 2 iyul 2026
Qurani-Kərimi təhqir edən komediyaçı hava limanında saxlanıldı

Qurani-Kərimi təhqir edən komediyaçı hava limanında saxlanıldı

16:00 2 iyul 2026
Məşhur sənətçinin şərəfinə xüsusi Barbi gəlinciyi hazırlandı

Məşhur sənətçinin şərəfinə xüsusi Barbi gəlinciyi hazırlandı

15:30 2 iyul 2026
Milli Tarix Muzeyində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş sərgi açıldı

Milli Tarix Muzeyində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş sərgi açıldı

15:10 2 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər