Abbas Əhməd: "İndiki müğənnilərdən Üzeyir Mehdizadə çox xoşuma gəlir" - Müsahibə

Abbas Əhməd:  "İndiki müğənnilərdən Üzeyir Mehdizadə çox xoşuma gəlir" - Müsahibə
13 mart 2024
# 17:00

Gah deyirlər, xaricdədir, gah deyirlər, daha oxumur. İllərdir, onun haqqında bu sözləri eşidirik. Ara-sıra efirlərdə görünür, sonra yenə uzun müddət xəbər-ətər çıxmır. Yəqin özü də bilir ki, bu misralar onu unudulmağa qoymayacaq:

"Ürəyim yanar,

Qəlbim odlanar.

Sənin yolunu

Gözlədim yaman,

Gözlədim yaman"

Kulis.az Aytac Sahədin müğənni Abbas Əhmədlə müsahibəsini təqdim edir.

- Abbas bəy, niyə getdiniz?

- Hamı elə bilir ki, küsüb getmişəm. Mən vətənimi çox sevirəm, vətənimdən necə küsə bilərəm axı? Deməli, 2001-ci ildə "Qaya" ansamblı dağıldı. Bundan sonra mənim maddi problemlərim yarandı. Həmin dövrdə müğənnilərin sayı xeyli artmışdı. Bu səbəblərdən dolayı Moskvadan mənə edilən dəvəti dəyərləndirdim. Rusiyada doğulsam da, 11 yaşım olanda Azərbaycana köçmüşük. Mən Azərbaycanı çox sevirəm. Hər müğənninin öz qisməti var. Mənə də qismət oldu ki, "Qaya" ansamblında çalışdım. On dörd il biz qastrollarda olmuşuq, bütün dünyada Azərbaycan mədəniyyətini təbliğ etmişik. İndi də hansı ölkədə çıxış etsəm, proqrama "Sənə salam gətirmişəm" mahnısı ilə başlayıram. Moskvada yaşadığım 17 ildə də tez-tez Bakıya gəlirdim. Üstəlik, anam, qardaşım, bacım burada yaşayırdı.

- Ailədə sizdən başqa musiqi ilə məşğul olan vardımı?

- Atam zərb alətlərində ifa edirdi. Anam şamaxılı idi, yaxşı səsi vardı. On beş, ya on altı yaşım olanda bəstəkar Oqtay Əhmədovla "palatka" toylarına gedirdim. Məclislərdə sintizatorda ifa edirdim. Toyda olanda mən gələnədək atam yatmır, narahat olurdu.

- İxtisasca iqtisadçısınız.

- Hə, ancaq bir gün də bu sahə üzrə işləməmişəm. Əslində, mən doqquzuncu sinfə kimi iki-üç alırdım. Doqquzuncu sinifdə oxuyanda anam məni hazırlığa qoydu. Beləcə dərslərim xeyli yaxşılaşdı. Ona görə də instituta girmək çətin olmadı. Xalq Təsərrüfatı İnstitutuna ona görə getmişdim ki, orada "Xürrəmilər" ansamblı var idi. Məktəbdə oxuyanda onlar bizim məktəbə gəlmişdi. Həmin vaxtdan çox istəyirdim ki, o ansamblın üzvü olum.

- Deməli, hələ o vaxtdan istiqamətiniz bəlli imiş.

- Hə. Mən musiqi məktəbini pianino üzrə bitirmişəm. Birinci mahnımı da əsgərlikdə olanda yazmışam. Sonra da başladım yavaş-yavaş digər mahnıları yazmağa. 1988-ci ildə "Bakı payızı" müsabiqəsində ikinci yeri tutdum, birinci Aygün Kazımova oldu. 1989-cu ildə "Qızıl payız" müsabiqəsində birinci oldum, Zülfiyyə Xanbabayeva ikinci, üçüncü isə Nərgiz Kərimova oldu.

- Bəs "Ürəyim yanar" necə yazıldı?

- Mahnı 1992-ci ildə yazılıb. Deməli, o vaxt dostum Vüqar Elçin Mirzəbəylinin sözlərini mənə göstərdi, o vaxt Elçini tanımırdım. Beləcə bu mahnı yazıldı. Sevgi olmasaydı, belə bir mahnı da yazılmazdı.

- Abbas bəy, doxsanlarda məşhur olmaq. İstərdim, bir qədər bu haqda danışaq.

- Mən bunu "Ürəyim yanar" mahnısından sonra hiss etdim. Həmin mahnıya Azər Ələkbərov klip çəkmişdi. 1993-cü ildə o klip məşhurlaşdı. Tez-tez klipi televiziyada göstərirdilər, radioda da mahnı çox səslənirdi. Bilirsiniz, o vaxt çox insanlar sənin səhnə baxışını, repertuarını, geyimini çətin qəbul edirdilər.

- Məncə, bu, bütün dövrlərin problemidir. Yenilik özü ilə fərqlilik gətirirsə, çox vaxt çətin qəbul olunur.

- Məsələn, indiki müğənnilərdən Üzeyir Mehdizadə çox xoşuma gəlir. Yadımdadır, hələ 2000-ci illərdə Moskvada yaşayan azərbaycanlılar Üzeyirə qulaq asırdılar.

- Üzeyiri daim bayağılıqda ittiham edirlər. Belə başa düşdüm ki, siz bununla razı deyilsiniz.

- Onun stili fərqlidir. Cavan oğlanlar-qızlar bu gün belə mahnıları sevir, dinləyir.

- Stil demişkən, həmişə fərqli ifa tərzinizi qoruyub saxlamısınız. Təkcə ifa yox, geyim, üslub və səhnə performansınızı da.

- Həmişə konsertlərdən aldığım qonorarı pencəklərimə vermişəm. Geyimimə çox fikir verən adamam. Nə vaxt səhnəyə çıxsam, enerjili oluram. Çünki "Qaya" məktəbi keçmişəm. "Qaya" ansamblı səhnəyə çıxanda bütün zal əl çalırdı. O vaxt da, elə indi də səhnəyə nə vaxt çıxsam, enerjimi dinləyicilərə ötürməyə çalışıram. Bu, məşqlə olan şey deyil, səhnədə yaranan təbii prosesdir. Bu yaxınlarda bir konsertim oldu. Konsertdən qabaq səhnədə yer göstərib dedilər ki, mərkəzdə dayanıb oxuyarsan, səsdə problem yaranmasın. Dedim, yaxşı. Ancaq səhnəyə çıxanda insanlarla bərabər, mən də oynayırdım. Oxuduğum bütün xarici mahnıların tərcüməsini də öyrənirəm ki, doğmalaşa bilim. Mahnını hiss edib ürəkdən oxumaq vacibdir.

- Uzun illər "Qaya" qrupunda çalışmısınız. Çox güman həmin dövrə dair maraqlı xatirələriniz də çoxdur.

- Hə, 1988-ci ildən düz 2001-ci ilə qədər, yəni "Qaya" ansamblı dağılana kimi orada olmuşam. Deməli, Xarkovda konsertimiz var idi, caz proqramı hazırlamışdıq. Konsert başladı, birinci "Sizə salam gətirmişəm", sonra isə "Can Azərbaycan" mahnılarını oxuduq. Biz səhnəyə çıxanda elə bilirdik ki, müxtəlif millətlərin nümayəndələri olacaq. Ancaq gördük ki, bütün zal azərbaycanlılardır. İkinci mahnıdan sonra Teymur Mirzəyev dedi ki, caz proqramını ləğv edirik, ancaq Azərbaycan mahnıları oxuyun. Biz də başladıq şən mahnılar oxumağa. Konsert çox maraqlı oldu. Mən "Qaya"da çox böyük məktəb keçmişəm.

- Hələ də fəxri adınız yoxdur. Sizcə, niyə?

- Onu Mədəniyyət Nazirliyindən soruşun.

- Bu sual sizi narahat eləmir?

- Artıq on ildən çoxdur ki, bu sual məni narahat eləmir. Əvvəl başqa cür düşünürdüm, indi deyirəm ki, yoxdur yoxdur da. Deyəsən, mənə ona görə ad verməyiblər ki, illərlə Azərbaycan mədəniyyətinin xaricdə təbliği ilə məşğul olmuşam. Bundan başqa ağlıma bir səbəb gəlmir. Mən "Qaya" ansamblının eks-solisti və yüksək dərəcəli vokalçısıyam. Xaricdə təqdim edəndə Azərbaycanın Xalq artisti Abbas Əhməd deyirlər. Elə bilirlər ki, fəxri adım çoxdan var.

- Bəlkə bunda müəyyən qədər öz günahınız da var? Məsələn, siz çox az-az mətbuatda, efirdə görünürsünüz. Hətta çoxları elə bilir ki, siz hələ də xaricdə yaşayırsınız.

- İndi də dəvətlər olur, ancaq əvvəlki kimi efirlərə çıxmıram. Bir şeyi qeyd edim ki, kanallar məni bayram konsertlərinə dəvət etmirlər. Kanallarımıza böyük hörmətim var, ancaq bu suala cavab tapa bilmirəm. Məni məclislərə dəvət etmək istəyənlərə bəzən deyirlər ki, Abbas Rusiyadadır. Hətta bir dəfə belə bir məsələ olmuşdu. Deməli, bir tanış məni öz toyuna dəvət etmədən öncə başqa müğənnilərlə də əlaqə saxlayıb. Onlar deyib ki, Abbas Əhməd oxusa, biz gəlməyəcəyik. O insanların kim olduğunu yaxşı bilirəm. Bu gün məni tez-tez toylara, məclislərə dəvət edirlər. Həmçinin, tələbələrimlə məşğul oluram. On altı martda Stokholm şəhərində konsertim olacaq. Hazırda ora hazırlaşıram. Mən on dildə mahnılar oxuyuram. Xarici dildəki mahnıların oxunuşunu ayrı-ayrılıqda öyrənirəm. Məsələn, bir dostum var, Livanda yaşayır, mənə ərəbcə oxumağı öyrədir.

- Dostlarınız çoxdur?

- Yox. Dostlarımın çoxusu rəhmətə gedib...

525-ci qəzet

# 1748 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #