Yaxın dostu Səyyad Əlizadədən yazdı: “Heyf ki...”

Yaxın dostu Səyyad Əlizadədən yazdı: “Heyf ki...”
6 oktyabr 2021
# 11:40

Kulis.az Səyyad Əlizadənin yaxın dostu Məhsimin (Məhsim Məhsimov) mərhum müğənni haqqında yazısını təqdim edir.

İlk dəfə səsini eşidəndə dördüncü sinifdə oxuyurdum. Dayım yeni kasetini almışdı. Məşhurlaşdırdığı saysız-hesabsız xanım müğənnilərdən biri ilə duet oxuyurdu. Mən isə musiqi sədaları altında balaca rezin təkəri əlimdəki ucu qarmaqlı məftillə o baş-bu başa diyirlədirdim.

İllər sonra televizorda gördüm onu. Cəmisi 1 kanala baxmaq imkanımız olan zamanlar idi. Ekranda "Oxuyur Səyyad Əlizadə" yazısını görmək böyük sevinc idi.

Və nəhayət "Bəyaz gecələr"...

Onu hər kəsin sevimlisinə çevirən mahnı...

Şəxsi tanışlığımız (daha doğrusu onun məni tanımağı) 14 il öncəyə təsadüf edir.Etiraf edək ki, adətən biz sənətinə vurulduğumuz bir çox insanı yaxından tanıdığımıza peşman oluruq.

Sənətlə şəxsiyyət hər zaman uzlaşmır.

Amma inanın ki, mən Səyyad Əlizadənin şəxsiyyətini sənətindən daha çox sevdim. Səmimiliyi, sadəliyi, mərdliyi, bir sözlə, bütün yüksək insani keyfiyyətləri ilə xüsusi rəğbətimi qazandı.

Beləcə dostluğumuzun əsası qoyuldu.

2015-ci ilin noyabrında ilk əməkdaşlığımıza başladıq. Səyyad müəllimin ordumuza bir mahnı həsr etmək arzusunda olduğunu çoxdan bilirdim. Nəhayət, “Azərbaycan əsgərləri” mahnısını mənə təqdim etdi. “Qardaş, istəyirəm buna bir klip çəkək” deyərkən sevincdən gözlərinin içi gülürdü.

Mən böyük məmnuniyyətlə yaradıcı heyəti seçməyə başladım.

Müdafiə Nazirliyinə müraciətimiz də müsbət qarşılandı. Sağ olsunlar, klipin çəkilişləri üçün bizə hər cür şərait yaratdılar.

Mən iş prosesində bu insanın daha bir keyfiyyətini də kəşf etdim. Onun bir sənət adamı kimi klipin yaradıcı heyəti ilə necə asan dil tapması, qısa zamanda dostlaşması bir daha onun insanpərvərliyindən xəbər verirdi.

O qədər sadə, səmimi və təvazökar idi ki, sürücüdən tutmuş rejissora, prodüserə qədər hər kəsin sevimlisinə çevrildi.

Ən maraqlısı isə klipin təqdimatının 2016-cı ilin Aprel döyüşlərinə, ordumuzun növbəti şücaət və rəşadət göstərdiyi ərəfəyə təsadüf etməsidir.

İkinci əməkdaşlığımız üçün isə təklif məndən gəldi. 4 il öncə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ərəfəsində bir mahnı yazmasını istədim. Çalışdığım, ölkənin ilk uşaq kanalı olan “ARB Günəş” klip çəkilişlərinə start verdi. Beləcə növbəti işimiz olan “Sülh nəğməsi” yarandı.

Deyirlər insanı yolda tanıyarlar. Biz dəfələrlə birlikdə uzaq səfərlərə çıxmışıq və mən bu insanın bircə qüsurunu görməmişəm.

Səyyad Əlizadə etibarlı dost olduğu qədər mükəmməl ailə başçısı və qayğıkeş ataydı.

Son cümləm onun haqqında keçmiş zamanda yazdığım ilk cümlə idi.

Nə yaxşı ki, səni tanıdım.

Heyif ki, növbəti yaz qaranquşlar sənsiz gələcək.

Ruhun şad olsun, əziz İnsan!

Ağır dərddi dost itirmək
Səyyad getdi, gəlməz geri.
Ömrü şərəflə bitirmək
Hər kişinin işi deyil.

Elin gözü tərəzidir
Deyirdilər, doğru oldu.
Səni alan vaxtsız əcəl
Ən amansız oğru oldu.

Xatirələr uca bir dağ
Əskik olmaz duman-çəni
Əməllərin yaşadacaq.
Qəlbimizdə daim səni

# 4328 dəfə oxunub

Oxşar xəbərlər

Şair Yusif Həsənbəy vəfat etdi

Şair Yusif Həsənbəy vəfat etdi

12:41 14 may 2026
"Kəndli qadın xəsis, kəndin irəli çıxanı isə acgözdür..."  — Hüseyn Cavidin müəllimi Sofiyadan nə yazıb?

"Kəndli qadın xəsis, kəndin irəli çıxanı isə acgözdür..." — Hüseyn Cavidin müəllimi Sofiyadan nə yazıb?

12:00 14 may 2026
Akif İslamzadə xəstəxanadan evə buraxıldı

Akif İslamzadə xəstəxanadan evə buraxıldı

11:46 14 may 2026
"Xəstəliyimizin müalicəsi həkim reseptindən asılı deyil..." - Niyə labirintdən çıxa bilmirik?

"Xəstəliyimizin müalicəsi həkim reseptindən asılı deyil..." - Niyə labirintdən çıxa bilmirik?

11:30 14 may 2026
Nihat Pirin ilk hekayələr kitabının təqdimatı olacaq

Nihat Pirin ilk hekayələr kitabının təqdimatı olacaq

11:17 14 may 2026
Gülüstan müqaviləsi haqqında film hazırlandı

Gülüstan müqaviləsi haqqında film hazırlandı

11:00 14 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər