Vaxt getdi, ardını siz yazın... - İlqar Kamil yazır

Vaxt getdi, ardını siz yazın... - İlqar Kamil yazır
2 may 2020
# 15:03

Kulis.az İlqar Kamilin "İftarı gözləyərkən" yazısını təqdim edir.

Çox əvvəllər ədəbiyyat saytlarından biri belə bir maraqlı layihə hazırlamışdı; yazıçı bir hekayə yazır, lakin sonluğu gizlədir. Yazı yarımçıq formada çap olunur. Oxuculardan istənilənsə budur: hekayənin ardını yazın.

Onlarla hekayə yazılır, hərə öz fantaziyasına uyğun, hərə öz qələminə münasib bitirir hekayəni. Və sonda, ən həssas, ən vacib məqam yetişir: yazıçı orjinal variantı üzə çıxarır. Hünər də budur: görək, kim orjinal varianta daha yaxın, daha uyğun yazıb?

Düzü, şəxsən iştirak etməmişdim o layihədə, amma xüsusi iz qoymuşdu yaddaşımda və elə o vaxtlar ağlıma qəribə şeylər gətirmişdi.

Təsəvvür edin, Tanrı da insanı tam yaradıb, lakin onun yalnız bir hissəsini - sonluqsuz variantını çıxarıb ortaya, davamını özünün yaratmasını istəyib: görək, insan özü özünü (eyni şərtlər daxilində) necə yaradacaq! Yəni orjinal variant var, mövcuddur, gizlidir, lövhi-məhfuzdadır, dünyaya gətirilənsə - onun yarımçıq, sonluqsuz versiyasıdır. Əmr də belədir: vaxt getdi, buyurun, ardınızı yazın.

Fələyin çərxi fırlanır, zaman sürətlə axmağa başlayır, insanlar yer üzünə səpələnir: hərə özünü yazır, özünü heykəlləşdirir, özünü yaradır... hamı əlində rəngli fırçası, yalnız özüylə məşğuldur - dəhşət!!!

Nəhayət, dünya dağılır, qiyamət günü yetişir. Məşhur axirət hesabı isə belədir: bu gün insanın öz yaratdığıyla onun orjinal variantı müqayisə olunacaq: Sən sənə təqdim olunan bu şərtlər daxilində necə ola bilərdin, necə oldun? Sən eyni şərtlər daxilində, Tanrı tərəfindən belə yaradılmışdın, orjinal varinatın bax, budur, belə olmalıydın, lakin... busan!

Yəni o gün hesab, kitab, müqayisə bir başqasıyla deyil, özümüzün orjinal variantımızladır.

Ağrılıdır, deyilmi və siz də maraq etdinizmi lövhi-məhfuzdakı əsl surətinizi, orjinal variantınızı?

Hə, əzizim, sən demə, bu dünyada insandan istənilən yeganə şey öz ən ali versiyasını yaratmaqmış. Kamil insan olun, deyiləndə də hər hansı bir mücərrəd varlıq yox, bizə təqdim olunan şərtlər daxilində ola biləcəyimiz ən ali formamız nəzərdə tutulurmuş.

Həsrət və xiffətin böyüklüyünə bax, ilahi!!! Budur, orjinal variantın vitrindədir və sən baxırsan ki, ya Rəbb, mən nə möhtəşəm ola bilərmişəm, nə çox insan, nə üst varlıq... mənsə... lənət olsun, fövtə vermişəm gül kimi fürsətləri, tənbəllik eləmişəm, deyinmişəm, zarımışam... və gör nə yazmışam!!!

Ana kitab da qiyamətə işarətən deyir axı, "buyurun, oxuyun öz kitabınızı".

Həə, əzizim, o günlər bu layihəni izləyəndə belə şeylər düşünmüşdüm və düzü, indi də eyni fikirdəyəm - o fikirdəyəm ki, dünyada bizdən yeganə istənilən, mövcud şərtlər daxilində ən ali versiyamızı yaratmaqdır.

Yəni yazan da özümüzük, yazılan da. Gördüyümüz bu ilahi müdaxilələr (çətinliklər, sıxıntılarsa) yenə Onun rəhmətindən, lütfündəndir; ürəyi gəlmir, orjinal variantdan çox uzaqlaşdığımızı görəndə dərhal, dərhal sındırır qələmimizi...

Axı, sonra geri qayıtmaq mümkün olmayacaq...

# 5822 dəfə oxunub

Oxşar xəbərlər

Van Qoqun əsəri haqqında elmi araşdırma - "Ulduzlu gecə" nə vaxt çəkilib?

Van Qoqun əsəri haqqında elmi araşdırma - "Ulduzlu gecə" nə vaxt çəkilib?

18:30 27 oktyabr 2026
Niderlandın "Avroviziya 2027" ilə bağlı qərarında dəyişiklik edildi

Niderlandın "Avroviziya 2027" ilə bağlı qərarında dəyişiklik edildi

18:00 27 oktyabr 2026
Emin Hüseynov:  "Mədəni irs nümunələrimizi bərpa etmişik"

Emin Hüseynov: "Mədəni irs nümunələrimizi bərpa etmişik"

17:18 27 oktyabr 2026
Güllünü qətlə yetirən qızı ilə bağlı yeni iddia:  Xəstələrə əziyyət verib

Güllünü qətlə yetirən qızı ilə bağlı yeni iddia: Xəstələrə əziyyət verib

17:00 27 oktyabr 2026
Kukla Teatrının direktoru əməkdaşı məhkəməyə verdi

Kukla Teatrının direktoru əməkdaşı məhkəməyə verdi

16:35 27 oktyabr 2026
Rusiyanın Xalq artistinin konsertləri ləğv oluna bilər - Səbəb

Rusiyanın Xalq artistinin konsertləri ləğv oluna bilər - Səbəb

16:30 27 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər