Uşaqlıqda hərbçi atamın, gənclikdə hərbçi sevgilimin yolunu gözləmiş adamam – Fəridə yazır...

Uşaqlıqda hərbçi atamın, gənclikdə hərbçi sevgilimin yolunu gözləmiş adamam – Fəridə yazır...
11 avqust 2020
# 12:06

Bir dəfə mənə müsahibə əsnasında belə bir sual vermişdilər: “Siz müharibə haqqında nə bilirsiniz ki? Niyə şeirlərinizdə müharibə elementlərinə belə çox rast gəlinir?”.

Gözlənilməz sual idi. Çünki heç vaxt özümə bu sualı verməmişdim . Doğrudan, müharibə haqqında nə bilirdim ki?

... yeddi yaxud səkkizinci sinifdə oxuyarkən sinif yoldaşlarımızdan biri (köhnə AMON-çulardan birinin oğlu) sinifə əl qumbarası gətirmişdi. Uşaqlar sevinə-sevinə, həyəcanla, əl-əl ötürüb sığallayırdılar. Onu görən kimi necə qara-qışqırıq saldımsa, direktor, müəllimlər, hamı dəhlizə tökülüşdü. Onu tanıyırdım! Sandıqları kimi “boş” deyildi o...

Uşaqlığım hərbi geyimlərin, botinkaların, əsgər buşlatları və şinellərin arasında keçib. Yağış yağanda başımıza atırdıq əsgər buşlatlarını ki, islanmayaq sahədən evə qayıdan kənd yollarında. Ya da yayın cırhacırında kartof ləklərinin ortasındakı qamış talvarın üstünə salırdıq - kölgə etsin deyə. Ucu-bucağı görünməyən qarğıdalı tarlasında alaq vurmağa gedəndə əsgər flyaqalarında su götürürdük. (Saman ipiylə bağlayıb arxın suyuna sallayırdıq ki, sərin qalsın. O qədər flyaqa axıtmışam ki, sularda).

Siz heç ayağınızda on ölçü böyük bir əsgər botinkasından kəsilib düzəldilmiş “çəkələk” sürümüsünüzmü?!

Babamgil Tərtərin Qapanlı kəndində yaşayır. Rayondan kəndə enən yol boyunca torpaq “damba”lar var. Erməni əsgərləri yolu görüb maşınları atəşə tuta bilməsinlər deyə. O kəndin bütün evlərində, bütün darvazalarında, bütün ağaclarında, bütün divarlarında güllə izləri var. Hətta o kəndin bütün insanlarının ürəyində qəlpə yarası var.

Orda uşaqlar hələ də bütün gün dava-dava oynayır, taxtadan düzəltdikləri “avtomatlar”la. Maraqlısı budur ki, uşaqlardan heç biri erməni olmağı qəbul etmir oyunda... O uşaqlar hələ də qarpız qabığı arabalarında boş giliz yığıb daşıyırlar. Hər dəfə soyuq gilizlərə toxunanda düşünürəm ki, görəsən bunun gülləsi hansı bədbəxtin taleyinə yazılıbmış.

Siz heç çənənizi dizlərinizə söykəyib, badımcan kürüsü bankalarını ehtiyatla, səliqə ilə büküb, torbaya yığan, hərbçi ərinə sovqat hazırlayan anasına baxan səkkiz yaşlı bir qızcığaz oldunuzmu?..

Atam yeddi ya səkkiz il orduda xidmət etdi. Bu illər ərzində evə çox az-az gəlirdi. Bayram axşamlarında sevinclə, ümidlə gözləyib yuxuya dalırdıq hər dəfə... Bir də görürdün gecəyarı həyətdə bir “Kamaz” dayandı. İçindən dörd-beş üzütüklü, mazut və barıt qoxulu kişi töküldü həyətə.

Atam evə gələndə nənəm deyirdi, müharibə dayanıb ki, atalar gedib evlərinə uşaqlarını görsünlər. İlahi, inanmazsınız, mən həmin vaxt erməni uşaqları üçün də sevinirdim. Müharibə dayanıbsa, onların da ataları evə qayıdıb deyə...

Nənəm həmişə deyirdi ki, ermənilər düşməndir, uşaqları öldürürlər. Mənim uşaqlığımın ən böyük qorxusu “görəsən atam erməni uşağını öldürməz ki” sualı olub....Bunu hər dəfə nənəmdən soruşanda məni şişlə qovurdu.

“Qonşu kəndlərdə top atəşi eşidildikcə səni yanımdan ayırmırdımki, nəsə olsa ikimizə birdən olsun”- siz ananızdan belə etiraf eşitmisiz? İlahi, necə dəhşətlidir! (Həmin vaxt iki yaşım vardı)

Atamın ən yaxın dostu Sərdar əmi döyüşlərin dəhşətinə tab gətirə bilməyib öz silahını öz boğazına dirəmişdi. Rayonumuzun tarix müəllimi əsgərlərin meyitlərini kəndlərə, evlərinə apardıqca valideynlər o qədər döymüşdülər ki, dəli olmuşdu.

***

Dördüncü kursda oxuyanda cərrahi xəstəliklər kafedrasında cərrahın yanına bir qız gətirmişdilər. Xocalıdan qaçanda ayağını don vurduğu üçün amputasiya etmişdilər və illər sonra yenidən hansısa fəsadları yaranmışdı. Təxmini bizimlə yaşıd olardı. O qızın baxışlarında ağ xalatda, gülüşə-gülüşə o yan-bu yana qaçan tələbə qızlara elə qəribə kin vardı ki... Bircə kəlmə danışmazdı heç kimlə. Ona kömək etməyimizə icazə vermirdi. Hətta ona toxunanda hikkə ilə bizi itələyirdi. Mən ona dözə bilmirdim. Anası hər dəfə o qızı xəstəxanaya gətirəndə mən dərsdən qaçıb həyətdəki köhnə hovuzun lilli suyunda yaşayan qırmızı balıqlara tamaşa edirdim.

***

Yaddaşımın hər küncü, bucağı müharibə elementləri ilə doludur. Belibükülü, əlləri qırışlı nənəmin təndirdən çıxarıb isti-isti çəpərin o tayındakı əsgərlərə payladığı çörəklərin qoxusu burnumdadır.

Mən müharibədən nə bilirəm? – dəqiq bilirəm ki, ömründə beşcə ay əsgər yolu gözləmiş heç bir insan müharibə istəməz... Fərqi yoxdur - atandır, oğlundur, ərindir, qardaşın ya sevgilin.

Uşaqlığımda hərbçi atamın, gəncliyimdə isə hərbçi sevgilinin yolunu gözləmiş bir qadın olaraq buna əminəm. Heç bir uşaq, heç bir ana, heç bir sevgili üçün nə yürüş, nə bayraq fotoları, nə azadlıq şüarları nə də qəhrəmanlıq xatirələri təsəlli ola bilməz.

Bir də, məncə müharibədən sonrakı dövrdə yaşamaq müharibə dövründə yaşamaqdan daha çətindir...

# 5236 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #