Televiziyalar “manıs”ları efirdən qovdu: Bizi nə gözləyir?

Televiziyalar “manıs”ları efirdən qovdu: Bizi nə gözləyir?
12 mart 2020
# 13:47

Son bir həftədir televiziya ilə bağlı ard-arda sevindirici xəbərlər alırıq. Kütlənin böyük hissəsini zəhərləməyə nail olan verilişlərin kitabını bağlamaq istiqamətində ilk tarixi addımı Xəzər TV-yə yenicə rəhbər təyin olunan Xalq artisti Murad Dadaşov atdı.

Əvvəlcə, Tolikin efir standartlarına həqarət olan “Hər şey daxil” verilişinin bağlanma xəbəri gündəmə bomba kimi düşdü. Ardınca illərdir Zaur Kamalın, Aytəkin Mərdanlının, Tolikin toyxanaya çevirdiyi kanala toy müğənnilərinin girişinə qadağa qoyuldu. Alınan qərarlardan hər kəs bir az məmnun, bir az da çaşqındır, əslində. Gün kimi aydındır ki, özəl telekanalların büdcəsi əsasən reklam gəlirlərindən formalaşır. “Kim yumurta verən toyuğunu kəsər?” tipli sualların yorduğu beyinlər də var. Amma nə olur-olsun, bu addımı kimsə atmalı idi. Bu addım atılmalı idi ki, ardı gəlsin.

Və ardı da gəlir. Deyilənə görə, ARB TV-də bir müddətdir xınayaxdı formatında verilişə aparıcılıq edən Nazilə Səfərli efirdən uzaqlaşdırılıb. Heç kimi təhqir etmək fikrim yoxdur, amma hərə öz səviyyəsinə uyğun yerdə olmalıdır. Xınayaxdı aparan qadın niyə gəlib efirdə aparıcılıq etməlidir? Ən pisi, repertuarı və tərzi dəyişmədən. Allah bərəkət versin, məclislərdən kifayət qədər qazancınız var. Bayağılığınız onsuz da el şənliklərinə sirayət edib. Niyə gətirib özünü və özün boyda bayağılığı efirə pərçim etməlisən? Xanımın canlı efirdə müğənni ilə pul davasına çıxdığını hələ unutmamışıq.

Media, xüsusilə də xəbəri həmin sözü gedən verilişlərdən çıxan müxbirlər xeyli əl-ayağa düşdü. İlk açıqlamanı Manaf Ağayev verdi. Açığı, efirdə qadın başı kəsən, “razborka çürüdən” Manaf Ağayevdən daha sərt açıqlama gözləyirdim. Amma Manaf Ağayevdən hər zaman nümayiş etdirdiyi “maço” xarakterinə bir neçə köynək uzaq bir açıqlama gəldi: “Mənim Murad bəyin özünə, həm də sənətinə böyük hörmətim var. O, belə məsləhət bilirsə, belə də olsun”. Ürəyi soyumur, bir də vurğulayır: “Ona dünya boyda hörmətim var. “Hər şey daxil” verilişində baş verənlərdə isə mənim heç bir günahım yoxdur”.

Yazdığı xəbərə görə jurnalistin üstünə az qala əlisilahlı gedən Manaf Ağayev kanal rəhbərinə etiraz edə bilmir. Deyə bilmir ki, axı Azərbaycan KİV qanunlarında senzura yoxdur. Ona görə deyə bilmir ki, toyxanalarda “Ay canı yanmış” oxumaqdan yorğun düşüb, öz hüquqlarını müdafiə etmək üçün, heç olmasa, öz sahəsinə aid bir-iki cümləlik maariflənməyə ehtiyac duymayıb. Sonuncu cümlədə isə müğənni “xarizmasını” yerlə bir edir: “Kanal rəhbəri qərar verdikdən sonra nə karəyəm ki, etiraz edim?!”

Damla ilə Şəbnəm Tovuzlu hələ də bu qərarın həqiqət olduğuna inanmırlar. Xanımlar deyir, “yalandır, böhtandır. Murad Dadaşov belə bir iş tutmaz”. Bu inamsızlıq da “Maşın-şou”dan qaynaqlanır. Axı Murad Dadaşov bu qəbil müğənnilərin vay-şivənlərini efirə az daşımayıb. Bəs nə baş verdi Murad Dadaşov əhdə-vəfasız çıxdı?

O, baş verdi ki, Murad Dadaşov uzun illər kanal rəhbərlərinin ondan tələb etdiyi formatlara imza atırdı, amma indi dövran dəyişib, özü rəhbər olub və uzunmüddətli analizlərindən yola çıxaraq qərar verdi. Bu baxımdan illərdir telekanalların bayağılıqla topladığı tamaşaçını itirmək riskini gözə alsa da, az-çox intellekti olan tamaşaçının diqqətini qazana bilib.

Çıxılmaz yola girən efir təmizlənməlidir. Peşəkar, təcrübəli, nitqində və təfəkküründə qüsur olmayan aparıcılar olmalıdır efirdə. Bu yolda kanallar uzağı beş il itki yaşayacaq. Sonra yeni və daha səviyyəli auditoriya formalaşacaq. Bu işdə sadəcə bir az vicdan, bir az da zəhmət lazımdır.

# 8803 dəfə oxunub

Oxşar xəbərlər

Səməd Vurğun ona niyə pul verirdi? - Əliağa Vahid haqqında

Səməd Vurğun ona niyə pul verirdi? - Əliağa Vahid haqqında

14:00 1 oktyabr 2026
Gülnar Səmanın   monoqrafiyası çap olundu

Gülnar Səmanın monoqrafiyası çap olundu

13:30 1 oktyabr 2026
Məşhur reper yeni mahnısını anasına həsr etdi

Məşhur reper yeni mahnısını anasına həsr etdi

13:00 1 oktyabr 2026
Üçqat "Qremmi" laureatından yeni albom

Üçqat "Qremmi" laureatından yeni albom

12:30 1 oktyabr 2026
FHN “Şəhərsalma və Memarlıq İli”  ilə bağlı tədbir keçirdi

FHN “Şəhərsalma və Memarlıq İli” ilə bağlı tədbir keçirdi

12:09 1 oktyabr 2026
Məşhur alim ölümündən əvvəl dostuna nə demişdi? – İllər sonra açılan sirr

Məşhur alim ölümündən əvvəl dostuna nə demişdi? – İllər sonra açılan sirr

12:08 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər