Susdurulan “Qarabağ bülbülü”, Allahverdi Bağırovun yuxusunu qarışdıran döyüşçüsü, göy satan Gülbazə xalanın göz yaşları – Qaçqın yataqxanasından reportaj

Susdurulan “Qarabağ bülbülü”, Allahverdi Bağırovun yuxusunu qarışdıran döyüşçüsü, göy satan Gülbazə xalanın göz yaşları – Qaçqın yataqxanasından reportaj
2 dekabr 2020
# 09:00

Kulis.az Xətai rayonu, Sadıqcan küçəsi ünvanında yerləşən qaçqın yataqxanasından reportajı təqdim edir.

Bura 27 il əvvəl Qarabağdan ağlaya-ağlaya qovulan qarabağlıların sığındığı yüzlərlə yaşayış yerlərindən biridir. Bu ensiz dəhlizlərə açılan qapıların arxasında vətən həsrəti, yurd yanğısı ilə yaşlandı gəlinlər, dünyasını dəyişdi kişilər. Bir də analarının qəmli yurd yanğılı bayatıları ilə qarabağlı uşaqlar böyüdü...

Yaşadığım binanı bu yataqxanadan bir addımlıq yol ayırır. Hər gün yanından keçib işə gedirəm. Hər keçəndə hökmən ayağımı saxlayıb hər tərəfindən əski-üskü sallanan binada pərakəndə ömür sürən həvəssiz insanlara baxıram. Gözlərim pəncərələrdən asılan son dəb pərdələrə, taxta parçalarından hazırlanan otaqlara sataşanda bu adamların hələ Qarabağdan ümidlərini üzmədiyini hiss edirdim.

Adama dəhşətli gəlir, deyilmi? 27 il “Onsuz da gedəcəyik” təsəllisinə tutunub yaşayan bu insanlar nəhayət ki, qayıdış gününün astanasındadır.

Müharibə başlayan gündən bu cansız həyətə bir canlanma gəlib. Hər tərəf Azərbaycan bayrağı ilə bəzənib. Dama çıxıb paltar sərən qadınların üzlərində aqressiv ifadə yoxdur. Kişilər əvvəlki kimi başlarını aşağı salıb gəzmir. Uşaqlar daha xoşbəxtdir.

Həyətə daxil olanda bir topa uşaq binanın qarşısındakı torpaq meydançada futbol oynayırdı. Məni görüb oyunlarını yarımçıq qoydular və başladılar məni sual atəşinə tutmağa. Köçkün düşərgələrində yaşayan uşaqlarda bu, bir ənənədir. Məhəlləyə gələn yad adamı o saat tanıyırlar.

Məsələn, mənim yaşadığım 20 ailəlik blokda heç kim bir-birini tanımır. Amma 40-dan çox ailənin yaşadığı bir neçə bloklu binada böyükdən tutmuş balacaya qədər hamı bir-birinin nəsil-kökünə qədər tanıyır.

- Salam, uşaqlar! Siz hamınız burda yaşayırsınız?

Əlbəttə, hamısının burda yaşadığını bilirəm. Söhbətə bir yerdən başlamaq lazımdır axı.

- Bəli - deyən nisbətən hündürboylu qarabəniz oğlan ardınca da – Sizə nə lazımdır? – sualını ovcuma qoydu. Cavab verməyə tələsmədim. Sualdan yayınıb yenə öz sualımı ünvanladım

- Haralısan?

- Azərbaycanlı – etiraf edim ki, məndən ən az 20 yaş kiçik olan uşağın bu cavabından xeyli tutuldum, amma özümü o yerə qoymadım.

- Ay maşallah! Amma bilirəm, qarabağlısan. Hansı tərəfindən?

- Şuşalıyam - sonra çevrilib arxasındakı yumruyanaq, sarışın oğlanı göstərdi - Bu da laçınlıdır. O dee ha! Orda duran oğlan ağdamlıdır. Bu balaca qız da kəlbəcərlidir.

Yumruyanaq oğlan zarafatla söhbətə qoşuldu

- Yığma komandayıq bir sözlə! - gülüşdük. Başımı qaldıranda binanın hər mərtəbəsindən mırıq diş kimi görünən şüşəsiz pəncərələrdən boylanan qadınların narahat baxışlarının üzümdə gəzdiyini hiss etdim. Şəkil çəkdiyimi görəndə əksəriyyəti ildırım sürəti ilə pəncərələrdən yox oldu. Həyətdə nisbətən cəsarətli bir xanım mənə yaxınlaşdı. Dedi, heç kim danışmayacaq:

- Burda hər rayondan ailə var. Amma insanlara o illəri xatırlamaq əziyyətdir. Mən özüm Ağdam şəhərindən məcburi köçkünəm. Ali təhsilli müəlliməyəm. Ağdamdan çıxanda 8 yaşım var idi. Çətin oldu bizə, özünüz bilirsiniz...

Doluxsundu. Özünü ələ alıb çöhrəsindəki ifadəni dəyişdi. Nikbin və özündən əmin görkəm aldı.

- Şükürlər olsun ki, çəkdiyimiz əziyyət bitdi. Ağdama qayıdırıq.

Bu sözü bir az da yüksək səslə dedi ki, yanımızdan keçən bir dəstə köçkün qadın bir ağızdan duaya qoşuldular.

- İnşallah!

Müvəqqəti məskunlaşmanın bu il 27 illiyini qeyd edən bu insanlar dərdlərinin 28-ci ilini qeyd etməyəcəklər deyə sevinirlər. Söz olaraq asanca deyilən 27 ili bu vəziyyətdə yaşamaq zarafat gəlməsin sizə. Bakı gözəl şəhər, mehriban diyar olsa da insan öz doğulduğu torpaqda daha ürəkli yaşayır. Azərbaycanın hər yeri vətəndir. Vahid Qazinin sözü olmasın “Aydan baxanda Yer də vətəndir”. Amma yurd başqadır.

Ağdamın Kəngərli kəndində dünyaya göz açan Sahib bəy deyir, hər şeyimizi qoyub çıxdıq:

- Bir neçə rayonun işğal olunmasına baxmayaraq, heç kim kəndi tərk etmək haqqında düşünmürdü. Amma bizə xəbərdarlıq gəldi ki, çıxmaq lazımdır. Erməni artıq şəhərə girirdi. Saat 4-5 radələrində sonuncu dəfə evimizin damına çıxıb kəndimizə baxdım. Piyada, maşınsız bircə canımızı götürüb kənddən çıxdıq. Daxmalarda yaşadıq, əziyyətlər çəkdik. O qədər yerdə yaşadıq... 2014-cü ildən burda yaşayırıq.

Sahib bəy köçkünlük illərini həyatının ən ağrılı-acılı illəri hesab edir:

- Amma bizim əsgərlərimiz Kəlbəcəri, Laçını, Ağdamı boşaltmaq üçün onlara zaman. Bizə bu imkanı verən olmadı.

Doğma şəhərinin işğaldan azad olunması Sahib bəyə yuxu kimi gəlir. Ən gözəl günlərini Ağamda qoyub gəldiyini deyən müsahibim işğaldan əvvəl Murad Rzayevin yaratdığı məşhur “Qarabağ bülbülləri” ansamblının üzvü olub. Ansamblın dörd nəfərlik üzvündən biri olan Sahib bəy 27 ili o xoşbəxt, çal-çağırlı günlərin xiffəti ilə başa vurub. Qarabağ işğal olunandan sonra “Qarabağ bülbülü” də susub. Oxumaq istəməyib uzun illər.

- Ağdamın elə xoşbəxt günləri olub ki... Özünüz bilirsiniz ki, Ağdam musiqi, incəsənət beşiyidir. O torpaqda doğulan hər bir adamın ürəyi musiqi ilə döyünür. Mənə də Allah bir balaca istedad vermişdi. Kəngərli kəndində yaşayırdıq. Hər gün kənddən durub şəhərə məşqə gedirdim. Orda bayramlar çox möhtəşəm keçirdi. Həftədə ən az bir-iki dəfə Murad müəllimin təşkilatçılığı ilə konsertlər təşkil olunurdu. Ağdamda İmarətin həyətində keçirilən konsertlərdə çox iştirak etmişəm. Gözəl vaxtlar idi. Bakıdan çəkiliş üçün gəlirdilər.

- Sahib bəy sizin dövrünüzdə kimlər var idi ansamblda?

- Xalq artisti Aygün Bayramova, Nəzakət Teymurova, Firuz Səxavət. Aygün Bayramova ilə həm də musiqi məktəbində bir oxumuşuq, sinif yoldaşı olmuşuq. Gözəl günlər idi.

- Sahib bəy axırıncı dəfə iştirak etdiyiniz konserti necə xatırlayırsınız?

- Axırıncı dəfə Bakıdan, AzTV-nin çəkiliş qrupu gəlmişdi. O vaxt məşhur bir veriliş var idi “Səhər görüşləri”, o verilişdə oxumuşuq. Həmin çəkilişdə mənimlə birlikdə Aygün Bayramova, Firuz Səxavət, Cabir Abdullayev, Nəzakət Teymurova iştirak edirdi.

Biz Ağdamlı xatirələrdən şirin-şirin danışdırdıq ki, Sahib bəyin həyat yoldaşı uzun müddət davam edən axtarışdan sonra, haradansa üç-dörd Ağdam qoxulu şəkil tapıb gətirdi. Söhbətimizin arasına keçmiş girdi. Müsahibim üzündə xoş təbəssümlə fotolardan boylanan gəncliyinə baxdı. Yaşanan bütün xatirələri sanki dünən kimi gözünün önündə canlandı. Bəlli olurdu ki, Sahib bəy ona keçmişin xoş günlərini xatırladan şəkillərə uzun illərdir baxmır.

- O günlərə qayıda bilməyəcəyik, amma o yerlərə qayıda bildik. Zülm bitdi, həsrət bitdi - gözlərinə çökən həsrəti bir təbəssümlə silib atdı.

İnsan adətən ən şirin xatirələrini yadda saxlamağa çalışır. Bakının ortasında üstündə köçkün damğası olan bu insanların saldığı “Qarabağ”da insanların yaddaşında ən çox ağrılı xatirələr kök salıb. Adam bu insanlara “O yerlərlə bağlı ən xoş xatirəniz nə olub?” sualını verməyə çəkinir. Onlar işğaldan əvvəlki xoş xatirələrini işğaldan sonrakı xatirələrinin qaranlığında itiriblər. Üzündə illərin yorğunluğu qarşısındakı piştaxtada göy-göyərti satan Gülbazə xala kimi:

- Bizimki danışmaqla qurtaran deyil. O xatirələri yadıma salanda ürəyim soğan kimi soyulur. Şuşa işğaldan azad olunan gün stressdən, həyəcandan şəkərim yüksəlmişdi. Sevincdən dəli kimi aşağı-yuxarı qaçırdım. İçimdə bir ümid var idi həmişə. Evimin açarlarını qoynumda saxlayırdım. Axırda yoldaşım bir neçə il bundan qabaq dedi paslanıb bu açarlar, at getsin.

Göz yaşları sözünün ardını gətirməyə aman vermir. Söhbətimizə Milli Qəhrəman Allahvedi Bağırovun batalyonunda döyüşüb, şəhid olan Babayev Talehin həyat yoldaşı qoşulur:

- Qızım burda gördüyün nə qədər köçkün varsa, hamısı o torpaqlara qayıtmaq üçün dəli-divanədir. Heç kim burda, bu şəraitdə qalmaq niyyətində deyil. Bu 27 ildə bizim nələr çəkdiyimizi, hansı şəraitdə yaşadığımızı bir Allah bilir. Halbuki, hamımız gözəl evlərimizi, gözəl güzəranımızı qoyub gəlmişdik. Çox sevincliyik. Qarabağ işğaldan azad olundu!

Qarabağdan yaralı olmayan adam yoxdur. Kimi bu yaranın ağrısını aşkarda daşıyır, kimisi ürəyində, ruhunda. Allahverdi Bağırovun döyüşçülərindən biri yaxınlaşır mənə. Deyir, bu gün oğullarımız bizim yarımçıq qalan işimizi tamamladı:

- Xocalıda meyitləri yığanda biz elə dəhşətli şeylər görürdük ki, bu gün də mən onları danışa bilmirəm. Bir həftə özümə gələ bilməmişdim, dəli kimi olmuşdum. Elə görüntülər vardı, rəhmətlik Çingiz Mustafayev onları çəkə bilmədi. 27 ildir gecələr yuxuma girir o mənzərələr...

Hava qaralır. Bir az da rahatlıq var təbiətdə. Payız qışa doğru addımlasa da hava çox şıltaqlıq etmir. “Qaçqın məhəlləsi”ndə uzqdan balacaların səs-küyü eşidilir:

“Qarabağ bizimdir, bizim olacaq!”

# 4329 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor biznes qurur

Məşhur aktyor biznes qurur

10:00 11 dekabr 2024
"Kuruluş Osman"da daha yeni aktyor

"Kuruluş Osman"da daha yeni aktyor

09:30 11 dekabr 2024
"Səni qəbul etməmişik belə edirsən, etsək, necə olacaq? - Bir ildə üç övladını itirən atanın oğlu

"Səni qəbul etməmişik belə edirsən, etsək, necə olacaq? - Bir ildə üç övladını itirən atanın oğlu

21:00 10 dekabr 2024
Bakıda Türkdilli Ölkələrin Milli Kitabxana Direktorları Konfransı Təşkilatının təsis iclası keçirildi

Bakıda Türkdilli Ölkələrin Milli Kitabxana Direktorları Konfransı Təşkilatının təsis iclası keçirildi

18:40 10 dekabr 2024
Teatr Muzeyinin 90 illiyi qeyd olundu

Teatr Muzeyinin 90 illiyi qeyd olundu

17:56 10 dekabr 2024
“10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü” virtual sərgisi təqdim olundu

“10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü” virtual sərgisi təqdim olundu

17:51 10 dekabr 2024
# # #