Şəbnəm Tovuzlunun erotik dərdi

Şəbnəm Tovuzlunun erotik dərdi
23 sentyabr 2020
# 14:49

Kulis.az “Klip analizi” layihəsindən Şəbnəm Tovuzlunun klipləri haqqında yazını təqdim edir.

Azərbaycanda populyar musiqiyə klip çəkmək təqribən 90-cı illərdən etibarən dəbə düşdü. Elə o gündən bəri Qərbin möhtəşəm ideyası, bizim məmləkətdə məşəqqətli sınaqlardan keçir.

İl olub 2020, bu zülm hələ də davam edir.

Klip reklam xarakterli, ya da sənətsəl çəkilən, görüntü ilə səsin vəhdəti nəticəsində meydana gələn qısa filmdir. Amma ölkəmizdə hər il dayanmadan sıraları genişlənən müğənni ordusunun içində klip haqqında bilgi və təsəvvürə malik müğənni axtarışına çıxsaq, əlimiz ətəyimizdən uzun qalacaq.

Klipin məqsəd və məramını, musiqi sektorunda müğənniyə nə üçün lazım olduğunu tam mənası ilə dərk etməyən müğənnilərdən biri də Şəbnəm Tovuzludur.

Onun bu sektora necə sızdığı, həyatımıza hansı aralıqda daxil olduğu haqqında səhih məlumata sahib deyiləm. Bircə onu bilirəm ki, rayonlararası taksi sürücülərinin kəşf etdiyi “istedad”a yerli kanallarımızın biganə qalmaması nəticəsində nur topu kimi bir Şəbnəmimiz formalaşıb.

Bu ali missiyanın bütün ağırlığını öz çiyinlərinə alan “Space” və “Lider” kanallarının fədakarlığını xüsusi qeyd etmək ehtiyacı duyuram.

Adamın üstündə Allah var, çox məhsuldar müğənnidir. Zəlzələ baş verdi, müharibə oldu, epidemiya yayıldı, amma Şəbnəm Tovuzlu kliplərinin sayında azalma müşahidə etmədik. Hətta koronavirus belə onun “yaradıcılıq” yolundakı sürətinin qarşısında aciz qaldı. Ayda bir mahnı yazdıran müğənninin “Yutub” səhifəsinə nəzər salsanız təkcə keçən ildən bəri çəkdirdiyi 20-yə yaxın klip görəcəksiniz.

İl ərzində 800-1000 film istehsal edən Hindistan kinematoqrafçılarını geridə qoymağa iddialı olan Şəbnəm Tovuzlu, kliplərinin hər birinin öz dünyasına uyğun konsepti ilə xüsusi diqqət çəkir. Klip çəkilişləri zamanı iki vacib nüansdan imtina edən müğənni 4 dəqiqəlik kliplərdə özünü əsasən iki istiqamətə kökləyir:

  1. Mahnı ritmikdirsə eyni yerdə dayanıb əvvəldən sona qədər məzmunsuz şəkildə rəqs etmək;
  1. Mahnı lirikdirsə, linzalı gözlərini eyni nöqtəyə zilləyib, uzun kirpiklərini qu qanadı kimi çırpmaq.

Uzaq başı dörd-beş kadrdan ibarət olan kliplərdə Şəbnəm xanımın zövqsüz geyimləri də diqqətdən yayınmır. Ağır çəkisi ilə illərdir başı dərdə girən xanımın qarderobunda açıq rənglərin və dar libasların üstünlük təşkil etməsi xanımın stilistinin də (əgər varsa, amma olduğunu zənn etmirəm) öz işinə Şəbnəm Tovuzlu kimi yanaşdığını göstərir.

Qayıdaq müğənninin tək kamera ilə çəkilən, heç bir hekayəsi olmayan, pal-paltar reklamını xatırladan kliplərinə.

Tıncıxdıqca kamera qarşısına keçib yeni geyimlərini, avtomobilini, zinət əşyalarını, evini nümayiş etdirən Şəbnəm Tovuzlunun bu günə qədər ən bahalı klipi ötən il Bakıdan basa-basa gedib Türkiyədə çəkdirdiyi klip hesab olunur. Yolpulunu, otel xərcini, avtomobilin icarə haqqını nəzərə alsaq, türklər demiş, müğənniyə xeyli “bahalıya patlayan” bu klip ilk baxışdan turizm şirkətlərinin reklam çarxını xatırladır.

4 dəqiqəlik klipin 3 dəqiqəsini adını bilmədiyi prospektdə maşın sürən Şəbnəm Tovuzlu nəhayət ki, rejissorun köməyi ilə gecənin alaqaranlığında ünvana çatır.

“Mən hələ ölməmişəm” mesajını yolladığı sevgilisi ilə görüşəcəyi yerə gələn xanım bir neçə saniyə istehzalı və qanlı baxışlarla oğlanı süzəndən sonra maşından düşür, amma oğlana sarı getmir.

Mən hələ ölməmişəm ki,
Sən başqasına yar olasan -

deyəndə bir anlıq adama elə gəlir ki, avtomobilin oturacağının altından bıçaq çıxarıb ona xəyanət edən oğlana “həyatı başa salacaq”.

Tez-tez qolundakı saata baxıb ətrafa boylanan aşiqin maymaqlığı da bir ayrı dərddir. Hər tərəfi nəzərdən keçirib, qulağının dibini görə bilməyən bu adamın xəyanət etmə potensialına malik olması da xeyli mübahisəli görünür.

Adam görüşə ciddi hazırlaşıb. Üzündə “Əzizim, hər şey göründüyü kimi deyil” ifadəsi var. Şəbnəm xanım oğlana gəldiyini xəbər verməməkdə qərarlıdır. Gəlməkdə tək məqsəd qisas almaqdır. Amma necə?

İki addımlıqda saxladığı maşının kapotu üstündə yarım dəqiqə ilan kimi qıvrılandan sonra maşını sürüb hadisə yerindən uzaqlaşmaqla Şəbnəmsayağı intiqam alınmışdır.

Amma əsas söhbət Şəbnəm Tovuzlunun "Dərdimə dərman" adlı mahnısına çəkdirdiyi qət-təzə klipindədir.

İki aşiqin ayrılıq səhnəsi ilə başlayan klipdən bu dəfə fərqli gözləntilərim olsa da, xəyal qırıqlığına uğrayacağım nağdıdır.

Sevgilisini işgüzar səfərə yola salan qadın son dərəcə kədərlidir. Kadrda təyyarənin havaya qalxdığını görsək də dərhal sonrakı kadrda səfərə yola düşən qardaşımızı əli qoynunda Şəbnəm Tovuzlunun arxasında görürük.

Şəbnəm Tovuzlu oxuyur:

Bəlkə dardasan söylə mən gəlim
Yetirim özümü dərdini bitirim

Halbuki, yar darda deyil daldadır.

Bir çevrilib geriyə baxsa həsrət bitəcək.

Sən gedəli selə dönüb göz yaşım
Nə gecəm bilinir nədə gündüzüm

Sevgilisinin həsrətindən nə etdiyini bilməyən qadın bu dəfə hovuz kənarında ehtiraslı pozalarla dərdini anlatmağa çalışır. Amma kadrlar dramdan çox erotik filmin treyleri kimi görünür. Rejissor bütün cəhdlərini səfərbər etsə də heç cür Şəbnəm Tovuzlunu dərdə sala bilmir. Gözündən bir damcı yaş da çıxmır.

Şəbnəmi öz dünyasından dartıb çıxartmağın mümkünsüz olduğunu anlayan rejissor musiqinin ahənginə uymayan müğənnini oxuduğu qarma-qarışıq mahnı ilə baş-başa buraxıb hovuzun içərisindəki kədərli qadın heykəlini kadra salmaqla vəziyyətdən çıxmağa çalışır.

Bu kadrların isə hind filmlərindən çırpışdırıldığı aydınca hiss olunur. Görünür, rejissor qarşısındakının Şəbnəm Tovuzlu olduğunu bir anlıq da olsa unutmaq istəyir.

Gallery

Təpədən-dırnağa suda islanan Şəbnəm Tovuzlunun hovuzun içərisindəki dekorativ çanağı niyə qucaqladığı axıracan qaranlıq qalır. Çox güman ki, bu kadrlar rejissorun klipin başını ayağını bir təhər yığıb- yığışdırmaq uğrundakı son çırpınışlarıdır.

Bəlkə dardasan söylə mən gəlim
Yetirim özümü dərdini bitirim

Gallery

Cütlüyümüzün çox əhəmiyyətli bir problemi var, amma anlaya bilənə eşq olsun!

İki kadrdan sonra üzü “Vallah bilmirəm niyə burdayam” ifadəsini alan qardaş ümumiyyətlə yoxa çıxır və Şəbnəm xanım klipin qalan hissəsində qəribə-qəribə hərəkətləri ilə izləyicini doğulduğuna peşman etməyə davam edir.

Dəm-dəsgahlı villasının həyətində cilvələnib gəzən, oxuyub, oynayan Şəbnəm Tovuzlu gah hovuzun pilləkənlərinə dırmaşır, gah çəmənliyə sərilir.

Bu kadrlarda yenə Bollivud filmləri rejissorun xeyli əlindən tutub.

Gallery

Əllərini sinəsində, boynunda boğazında gəzidirib, dodaqlarını irəli uzadaraq, dərdini ifadə etmək üçün çabalasa da üzündəki aşırı makyaj həsrət çəkən yar təsiri bağışlamasına mane olur.

Dərdin hələ belə erotik ifadəsi olmamışdı!

Yəni oğlan qəfil fikrini dəyişib geri qayıtsa və darvazanın açar deşiyindən Şəbnəmi izləsə belə deyər:

“Bu, öz kefindədir, mənə ehtiyacı yoxdur.”

Klipdəki üç kadr dörd dəqiqə ərzində dövr edir. Şəbnəm qara paltarda, Şəbnəm islanmış paltarda və Şəbnəm narıncı köynəkdə...

1.37-ci dəqiqədəki kadr lap qiyamətdi. Manekenlərə meydan oxumaq istəyən, lakin fiziki göstəricilərinə görə buna nail ola bilməyən müğənninin rəqs etmək cəhdi göründüyü kimi uğursuzluqla nəticələnib.

Gallery

Heç bir məna yükü olmayan jestlərlə sona çatan klipdə xanım müğənni bütün istedadsızlığını ortaya qoymaq üçün əlindən gələni əsirgəməyib.

Haqqüçünə, alınıb da!

# 12926 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #