Qusarlı Əzizə xalanın böyük sirri

Qusarlı Əzizə xalanın böyük sirri
14 may 2021
# 11:40

Əzizə xanımın çiçəkləri

Mina Rəşid

Hər tərəf yaşıllıq, gül-çiçək, quşların nəğməsi, çayın şırıltısı, hərdən qara buludların toqquşması, yağışın yağması necə gözəldi, deyilmi? Şəhərdə, dörd divar arasında ekrandan izlədiyin bu mənzərə adamı başqa aləmə aparır. Uşaq ağacdan asılmış yelləncəkdə yelləndikcə sən də uşaqlığını xatırlayırsan. İndi o yelləncəyə rast gəlsən yaşına baxmazsan. Necə o yaşda qadının ağaca çıxdığı kimi...

Hə, deyəsən söhbətin kimdən getdiyini duydunuz. Bəli, qəhrəmanım bütün bu gözəl duyğuları bizə yaşadan, təbii ocaqda hazırladığı qeyri-adi, ləziz xörəkləri baxanları heyran qoyan o Qusarlı xala - Əzizə xanımdır.

Düzü, haqqında xoş sözlər eşitsəm də, əvvəlcə o verilişə (“Kənd həyatı”) həvəssiz yanaşmışdım, kənardan bu qədər canlı təsir bağışlayacağına inanmamışdım. Bir gün kanalı açdım və o çöl çiçəklərinə, sarı güllərə, qırmızı lalələrə elə bağlandım ki, indi hər gün onlara tamaşa etməkdən doymuram.

Gallery

Əzizə xala da, sanki onu izləyənlərin qəlbini duyur, amma hər şey o qədər təbii, o qədər səmimi alınır ki!

Hiss edirsən ki, qadın çiçəkləri çox sevir. Həyət-baca gül-çiçək, qablarda da gül becərir, balaca, böyük evlərinin eyvanının hər tərəfindən gül dibçəkləri asılıb. Hələ bu azmış kimi gedib çöldə bitən yabanı çiçəkləri də qucağına yığıb gətirir və güldan kimi vedrədən, şüşə balondan, hətta stəkandan istifdə edir.

Nədən onun hazırladığı xörəkləri qoyub gül-çiçəklərindən söhbət açdım? Ondan ki, Əzizə xanım özü də, sanki bu çiçək sevgisi ilə bir həqiqəti söyləyir - həyat tək yemək-içməkdən ibarət deyil. İnsanın ruhu, qəlbi çiçək kimi təmiz, gözəl olunca o közdə bişmiş kartofun, çuğundurun, kökün də dadı-tamı başqa cür olur.

Çayı da itburnu, böyürtkən, çürbəcür giləmeyvə və çiçəklərdən dəmləyincə sən də bir vaxt həyətinizdəki o yekə sarı samovarı xatırlayırsan...

Həyətdə balaca bir göl var. Əzizə xala körpə ördək balalarını ilk dəfə gölə buraxır. Bir də görürsən, suyu çəkilmiş dərədən balıqları toplayıb caya atır, gülləri sulayır, inəkləri tumarlayır, çürbəcür xörəklər, şirniyyatlar hazırlayır.

Maraqlısı odur ki, bütün bu təamları ancaq təbii ocaqda bişirir. Hətta öz əlləri ilə soba düzəldir və orada cürbəcür çörək və şirniyyatlar bişirir. Bütün günü çalışır-çarpışır, nəhayət yorulur, arxda qaloşlarının tozunu yuyur, oturub bir samovar çayı içir.

Bütün bunları elə səmimiyyətlə edir ki, sanki onu nə çəkən var, nə də görən...

Beləcə, Qusarın Hil kəndindən olan Əzizə xala kənd həyatının gözəlliklərindən, öz dadlı xörəklərindən “bəhs etdikcə”, oğlu da onu öz kamerası ilə çəkib aləmə göstərir. Dünyanın hər yerindən yüz minlərlə izləyicinin seyr etdiyi bu kadrların toplandığı verilişdə bir dəfə təsadüfən insanların münasibətinə diqqət etdim. O qədər xoş sözlər yazmışdılar ki, adamın ürəyi açılır.

Bütün bu çəkilişlər, bu kanal həm də dünyaya Azərbaycan insanını, onun gözəl təbiətini, mətbəxini, səmimiyyətini, folklorunu çatdırır...

Əllərinə, həm də, o gözəl, çiçək kimi təmiz ürəyinə sağlıq, Əzizə xala! \

# 5227 dəfə oxunub

Oxşar xəbərlər

"Coldplay" Vembley stadionunun tamaşaçı rektordunu qırıb

"Coldplay" Vembley stadionunun tamaşaçı rektordunu qırıb

13:05 13 sentyabr 2025
Xalq artisti Hacı Murad Yagizarov vəfat edib

Xalq artisti Hacı Murad Yagizarov vəfat edib

12:48 13 sentyabr 2025
Hollandiya Avroviziya 2026 Mahnı Müsabiqəsini boykot edib

Hollandiya Avroviziya 2026 Mahnı Müsabiqəsini boykot edib

12:05 13 sentyabr 2025
Mircəfər Bağırovun xəstə sevgisi - Xədicə Qayıbova ona niyə sillə vurmuşdu?

Mircəfər Bağırovun xəstə sevgisi - Xədicə Qayıbova ona niyə sillə vurmuşdu?

12:00 13 sentyabr 2025
Parlamentin Mədəniyyət komitəsinin payız sessiyası üçün iş planı təsdiqlənib

Parlamentin Mədəniyyət komitəsinin payız sessiyası üçün iş planı təsdiqlənib

11:00 13 sentyabr 2025
Yarın yatar hər axşam qoynunda yaylığınla...  – Mir Kamilin şeirləri

Yarın yatar hər axşam qoynunda yaylığınla... – Mir Kamilin şeirləri

10:00 13 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər