Qadınlar paltarlı yatır ki, ölsələr ayıb olmasın - Gəncəli jurnalist yazır...

Qadınlar paltarlı yatır ki, ölsələr ayıb olmasın - Gəncəli jurnalist yazır...
30 oktyabr 2020
# 12:10

Müharibə qadınlar üçün daha dəhşətlidir. Xüsusən də əxlaqı həyatından da qiymətli olan Azərbaycan qadını üçün.

Heç unutmaram, Kəlbəcərdən Gəncəyə sığınmış bir ailə haqqında reportaj hazırlamışdım. Qadın danışdı ki, qardaşım tüfəngində məni qorumaq üçün güllə saxlamışdı: “Yol gedirdik, məlum deyildi başımıza nə gələcək. Ermənilərin əlinə də keçə bilərdik. Mehmana dedim ki, mənim üçün bir güllə saxla. Görsək, əsir düşürük, öldürərsən”.

Fərqanə bunu söyləyəndə nə kövrəldi, nə ağladı. Əksinə, qəribə bir qürurla danışırdı. Gözüm peçin yanında yerdə oturmuş anasına sataşdı. Evdə bircə o söhbətimizi dinləyib ağlayır, arada əllərini dizinə çırpır, ermənilərə qarğış edirdi.

Qızdan ölüm qoxulu yolun davamını da soruşdum.

- Biz “Kamaz”la gedirdik. Bir də gördük, arxadan hərbi maşın gəlir. O qədər özümüzü itirdik, bir an erməni olduğunu düşündük. Qardaşımla tez maşından endik. Vaxt yox idi, hər an bizə çata bilərdilər. Əvvəl Mehmanla qucaqlaşıb ağlaşdıq. Sonra dizimi yerə qoyub gözlərimi yumdum. Qardaşıma da dedim, bacın qurban, lüləni ürəyimə tuşla, amma mənə baxma, ürəyin gəlməz öldürməyə. “Kamaz”da qardaşımın böyük oğlu da vardı. Birdən qışqırdı ki, gələn bizimkilərdir. Mehman silahı yerə atıb, məni bərk qucaqladı. Hönkürtü ilə ağlamağı qulağımdan getmir.”

Sonra Mehmanın özünü də danışdırdım:

“Yolda düşünürdüm ki, ələ keçsək, biz cəhənnəm, Fərqanə nə olacaq? Əvvəl fikirləşdim, özümü öldürüm, ona nəsə etsələr görməyim. Amma bu Fərqanəni xilas etməyəcəkdi. Bir az yol getmişdik ki, bacım özü dillənib, “Mənə bir güllə saxla”, - dedi. Özümü nə qədər güclü saxlamağa çalışsam da gözümdən yaş axdı. Fərqanə də ağladı. Amma başqa çarəmiz yox idi.”

Xoşbəxtlikdən ailə sağ-salamat təhlükəsiz yerə gəlib çatır. Gəncəyə yerləşəndən sonra Fərqanə tüfəngi torpağa basdırır.

Qarabağ müharibəsində başına faciələr gələn Azərbaycan qadınlarının buna bənzər namus əhvalatları yüzlərlədir.

Qızı əsirlikdə intihar etmiş bir anadan müsahibə almışdım. Balası erməni ilə dəyişdiriləcək gün “Mən bu utancla qayıdıb, qardaşlarımın üzünə baxa bilmərəm”, - deyib, saç sancağı ilə damarını kəsmişdi.

Gəncəyə ilk raket atılandan bu günədək oradakı qadınlar paltarla yatır. Birdən gecə ölərik, üst-başımız açıq qalmasın...

Ölməkdən daha çox abırlarından qorxurlar.

Bibim qızı deyir:

“O gündən hər axşam yatmağa xüsusi hazırlaşırıq. Yaxası, qolları qapalı paltarımızı geyinirik. İki kofta üst-üstə ki, birdən üstəki cırılar, altdakı qalsın, cəsədimizi götürənlərin yanında xəcalət olmayaq. Cavan gəlinlər şalvarda yatır, şalvar daha qapalıdır. Donun altından şalvar geyinənlər də var”.

Maraq üçün Gəncədəki başqa qohumlar, tanışlarla da danışdım. Hamısı eyni sözü dedi.

“Yenə biz cavanıq, qoca qadınlar da ölümə belə hazırlaşır. Gülsüm nənənin 78 yaşı var, hər axşam deyir, ay bala, məni də yaxşı geyindirin”.

Ölümə də abırla hazırlaşan, ölməkdən çox həyasının itməyindən qorxan Azərbaycan qadını, Qarabağda zəfərdən-zəfərə yüyürən igid əsgəri yalnız sən doğub böyüdə bilərsən!

# 6688 dəfə oxunub

Oxşar xəbərlər

Cümhuriyyətin ilk illərində  “Kişilər dünyasında bir qadın yazar"  - Cahit Uçuk kim idi?

Cümhuriyyətin ilk illərində “Kişilər dünyasında bir qadın yazar" - Cahit Uçuk kim idi?

13:39 7 noyabr 2026
Rusiyanın Xalq artisti vəfat etdi

Rusiyanın Xalq artisti vəfat etdi

13:18 7 noyabr 2026
Türk sultanına aid  nadir tarixi çamadan sərgilənəcək

Türk sultanına aid nadir tarixi çamadan sərgilənəcək

13:01 7 noyabr 2026
“Humay və sehrli Huma quşu”  kitabının Daşkənddə təqdimatı keçirildi

“Humay və sehrli Huma quşu” kitabının Daşkənddə təqdimatı keçirildi

11:59 7 noyabr 2026
Spotify səsli kitab kataloqunu istifadəyə verdi - 350 mindən çox ingilisdilli əsər

Spotify səsli kitab kataloqunu istifadəyə verdi - 350 mindən çox ingilisdilli əsər

10:12 7 noyabr 2026
Tbilisidə Zəfər Günü  qeyd olundu

Tbilisidə Zəfər Günü qeyd olundu

09:39 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər