Oğlunu qurban kəsən ata və məni güldürən Anar müəllim 

Oğlunu qurban kəsən ata və məni güldürən Anar müəllim 
3 mart 2021
# 10:56

O günləri xəbərlərdə oxudum ki, 2025-ci ildə aşağı Yer orbitində ilk kosmik otelin tikintisinə başlanılacaq. Otel böyük halqa şəklində olacaq və restoranlar, barlar, idman zalları, kinoteatrlarla təchiz ediləcək. Eyni vaxtda 400 nəfərin qala biləcəyi otel 2027-ci ildə istismara verilə bilər.

Xəbəri oxuyanda yadıma düşdü ki, həyatımda bircə dəfə oteldə qalmışam. Tiflisdə, vağzala yaxın yerdə. Ürəyim sıxılmışdı. Otellər məni çəkmir, ümumiyyətlə. Oteldə özümü çox narahat hiss edirəm. Elə bilirəm, nəyisə vurub qıracam, duşu aça bilməyəcəm, qapı kilidli qalacaq, mən də Mister Bin kimi hamam xalatında otelin foyesində özümü gizləməyə yer axtaracam. Yəqin, mənim kimiləri var. Biz ayrı cür adamlarıq. Otel qorxusu olanlar. Bilmirəm bu termin varmı? Otelfobiya. Varsa, yüz faiz bu mənə aiddir. Hələ normal otellərdə özümü narahat hiss edirəmsə, görün, kosmik oteldə nə iztirab yaşayaram. O otel mən bildiyim otellər kimi olmayacaq, yəqin. Daha lüks, daha dəbdəbəli və adamların bir-biriylə kitab dilində danışdığı məkan...

Təxminən Ramiz Rövşənin şeirindəki "Gedək biz olmayan yerə" misrası kosmik otelin ümumi mənzərəsini qismən təsvir etməyə yetər. Ümid edirəm, bizim varlılar o otelin də zayını çıxarmayacaq. Hər halda, oteldə qalmaq da bir mədəniyyətdir. Dediyim kimi, hər adam otelin gur işıqları altında yeriyə bilməz.

Türkiyənin Zonquldak şəhərində ata oğlunu “Allah yolunda qurban kəsib”. Təcili yardım xidmətində işləyən 42 yaşlı tibb işçisi Yusif 16 yaşlı oğlunu meşəyə aparıb və bıçaqla boynunu kəsib. Daha sonra polisə gedərək təslim olan şəxs bu əməlini yuxuda gördüyünü və bir əmr olaraq yerinə yetirdiyini bildirib. Üstəlik, qeyd edib ki, əməlindən peşman deyil. Yeri gəlmişkən, uşaq ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Uşağı xilas olacaqmı? Bilmirəm. Bu insanlar hələ də qurbanvermənin nə olduğunu, hansı anlam kəsb etdiyini bilmirlər. İbrahim peyğəmbərin əfsanəsini realda yerinə yetirmək istəyən bu ata əcəba peyğəmbərlik iddiasındadırmı? Dostumuz Mirmehdi Ağaoğlunun da bu mövzuda, Quran motivli "Qurban" adlı hekayəsi var. Oxumağınız məsləhətdir.

Bu arada maraqlı bir xəbər də oxudum. Deyir, Türkiyənin Çorum şəhərində insanların təxminən 100 ildir ziyarət edərək, qurban kəsdikləri "Səfər dədə" türbəsi yol çəkilişi səbəbindən sökülüb. Qazıntılar nəticəsində məzarın boş olduğu üzə çıxıb.

Yadıma bir türk filmi düşdü. Ailəsini atıb gedən ata günün birində ortaya çıxır və son arzusunu yerinə yetirməsi üçün oğlundan ricası olur. Oğlu təbii ki, atasına qəzəblidir, onu atıb gedən, anasının çəkdiyi əzablarda əməlli-başlı payı olan bu insanı bağışlamaq niyyətində deyil. Ata isə öləcəyini bilir və kəndlərində əkdiyi ağacın altında basdırılmasını arzulayır.

Oğulla ata yola çıxırlar, gəlib kəndə çatırlar və görürlər ki, həmin ağacı ziyarətgah eləyiblər. Guya bu ağacı Nuh əkibmiş! Ata inadla o ağacı özünün əkdiyini deyir və ziyarətgahın yiyələri ilə dava başlayır.

Təəssüf ki, texnologiyanın, informasiyanın tüğyan etdiyi, açıq-aşkar həyatımıza daxil olduğu bu günlərdə də pirə, ziyarətgaha, hansısa "dədə"lərə inananlar var. Kapitalist təfəkkürlü ayıq adamlar bu cür saflara tələ qurur, nəticədə yaxşı pul qazanırlar.

Təsəvvür edin, illərdir insanlar heç kimin uyumadığı bir qəbirə ziyarətə gedib niyyət tuturlarmış. Bir tərəfdən onlara acıyır, digər tərəfdən savadsızlığın, təhsilsizliyin necə amansız bəla olduğunu düşünürlər. Təhsil sadəcə məktəbə gedib-gəlmək, oxuyub-yazmaq deyil, insanın cəmiyyətdə öz yerini tapmasıdır. Bəzən, bu cür saf inanclara oxumuş adamlar da mübtəla olur. Təsəlli üçün bütün qapıları döyürlər və cəmiyyətdəki yerlərini təyin edə bilmirlər.

Üçüncü xəbərə isə möhkəmdən güldüm. Səsimə evdəkilər dik atıldı. Deməli, hörmətli yazıçı, AYB-nin daimi sədri Anar Rzayev açıqlama verib ki, bəs pandemiyadan sonra AYB-nin qurultayı keçiriləcək. Səbəb də o imiş ki, bu cür mühüm bir hadisəni üç-beş adamın ixtiyarına vermək olmazmış. Gərək AYB-nin 2000 (iki min) yazıçısı yığışıb qurultayda iştirak etsin. Buna da, təbii, mövcud pandemiya vəziyyətində şərait yoxdur. Bu dəfə də Anar müəllim niyyətinə çatdı. Allah bilir pandemiya nə vaxt qurtarar. Hətta həkimlər də belə deyirlər. İndi pandemiya qurtara, qurultay ola...

Nəsə, yadımdan çıxmamış o “moyka” əvəzinə açılmış bir telekanal var e, siz bilərsiniz, indi adı yadımdan çıxıb, orda orta yaşlı bir qadın hər verilişdə aparıcılıq edir. Yazıqdır, onu çox yormayın.

Diqqətinizə görə təşəkkür edirəm!

# 5295 dəfə oxunub

Oxşar xəbərlər

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

18:00 30 oktyabr 2026
XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

17:30 30 oktyabr 2026
Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

16:30 30 oktyabr 2026
Devid Bouinin  yayımlanmayan konsert filmi nümayiş olunacaq

Devid Bouinin yayımlanmayan konsert filmi nümayiş olunacaq

15:30 30 oktyabr 2026
“Deutsche Börse Photography Foundation Prize 2027”  mükafatının qısa siyahısı açıqlandı

“Deutsche Börse Photography Foundation Prize 2027” mükafatının qısa siyahısı açıqlandı

15:00 30 oktyabr 2026
Rusiyalı gənc rəssam vəfat etdi

Rusiyalı gənc rəssam vəfat etdi

14:45 30 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər