#

O, sevmək üçün fürsət axtarır

O, sevmək üçün fürsət axtarır
18 mart 2021
# 18:59

Kulis.az Elşad Baratın Kamandar Eyvazlının yaradıcılığından bəhs etdiyi"Sevgi və həsrət şairi" və ya "Bir şairin həsrət yolu - Bakıdan Kəpənəkçiyə" adlı yazısını təqdim edir.

Hər şey gələcəyə hesablansa da şairlər daha çox keçmişlə yaşayır. Gələcək arzulardır, keçmiş isə xatirələr. Deməli, şairlər, yazıçılar xatirələr adamıdır. Onların işi xatirələrdən yapışıb arzulara, yəni sabaha yol salmaqdır.

İnsanı insan edən onun hissi, duyğusu, düşüncəsi və yanaşmasıdır. Bəzən bir xırda hadisə, xırda söz bizim iliyimizə qədər işləyər. Bir kəlmə, bir misra içimizdə bir roman izi qoyar.

Şair Kamandar Eyvazlı da o şairlərdəndir ki, həm kiminsə bir misrasından ürəyi dağa dönər, həm də öz dediyi hansısa misra və ya söz ilə insanların qəlbində romana çevrilər, yəni roman izi qoyar.

Kamandar Eyvazlı sevgi və həsrət şairidir.

Biz bilmirik ki, sevgi həsrətdən yaranır, yoxsa həsrət sevgidən. Amma həsrət sevginin son həddidir. Bəzən yanında olan adam üçün darıxırsan. Sevə-sevə həsrət çəkmək ağır dərddir. Həsrət çəkə-çəkə sevmək ondan da ağırdir. Biz adətən sevgi hissini həsrət hissinə qarışdırıb birlikdə çəkirik. Nə sevgidən həsrəti, nə də həsrətdən sevgini ayırırıq.

Kamandar Eyvazlı isə həsrəti sevgidən ayırıb çəkir.

Deyirlər, həsrəti gözlər çəkir. Xeyir. Həsrəti gözlər çəkirsə onda görmə qüsurlu adamlar həsrət çəkə bilmir?

Kamandar Eyvazlının şeirlərindən də görürük ki, həsrət təkcə gözlərə məxsus deyil. Məsələn, Kamandarın gözləri Borçalının dağlarının həsrətini çəkirsə, ayaqları Kəpənəkçinin yollarının həsrətini çəkir, saçları Kəpənəkçinin küləyinin, əlləri Kəpənəkçinin çiçəklərinin, özü isə külli Kəpənəkçinin, Borçalının həsrətini çəkir. Bütün bu çəkilən həsrətlərin içində isə amansız bir sevgi var. O sevginin qarşısında dağlar dayansa əriyər, çaylar dayansa, quruyar.

Naxçıvanda magistratura oxuduğum vaxtlar idi. Tez-tez tələbələrlə yığışar, ədəbi söhbətlər edərdik. Bir dəfə də ortaya bir sual qoyuldu ki, Zəlimxan Yaqub bu qədər nəhəng şair ola-ola, dərin şeir nəfəsi, dərin yaddaşı, dərin düşüncələri ola-ola niyə dünyaya çıxa bilmədi? Bu sualın ətrafında saysız fikirlər deyildi, amma həqiqətə varan olmadı.

O vaxtdan üç il sonra, AMEA-da elmi işçi olduğum vaxt bir professor dostumla bu sualı müzakirə etdik. Axırda bu qənaətə və həqiqətə gəldik ki, hər şairin, yazıçının, yaradıcı insanın iç dünyasından xarici aləmə bir yol olur. Məsələn, Orxan Pamukun içindən çıxan yol İsveç Akademiyasından keçirsə, Ramiz Rövşənin şair yolu buludlardan, Nəriman Həsənzadənin yolu isə sevgidən keçir.

Zəlimxan Yaqub isə daxili aləminin qapılarını tanrıya açdı, dünyaya yox, tanrıya getdi. Əgər Zəlimxan istəsəydi, Amerikada da çap olunardı, Kanadada da. Amma bunu istəmədi. Çünki onun şeir yolu ilahi eşqdən keçir.

Kamandar Eyvazlının isə şeir yolu, şair yolu sevgi və həsrətdən keçir. Buna görə də ona sevgi və həsrət şairi dedim.

Kamandar ona görə sevgi şairidir ki, şeir-şeir, misra-misra sevgi saçır. Şeirlərində qəzəb, nifrət görməzsən. Düşmənini də şeirlərində sevir, misra-misra qucaqlayır. Fürsət gəzir ki, sevsin.

Bir də görürsən ki, hansısa şeirdə nəyisə bəhanə edib sevir. Sevmək üçün ona səbəb lazım deyil. Qarşılıqsız sevir. Gözləntisiz sarılır. Buna görə də sevgi şairidir.

Həm də ona görə həsrət şairidir ki, hər gün həsrət çəkir, hər şeir, hər misra həsrət çəkir, Borçalı həsrəti, Kəpənəkçi həsrəti, el-oba həsrəti çəkir. Elə həsrət çəkir ki, həsrət də gözəlləşir. Elə həsrət çəkir, həsrət özü də istəyir ki, onu Kamandar Eyvazlı çəksin. Həsrət ona, o həsrətə yaraşır. Qucaqlaşıb bir-birini çəkirlər.

Kamandarın şair həsrəti, şeir həsrəti həm də şirin həsrətdir. Acı həsrət yoxdur onun şeirlərində. Acı həsrətin yerinə bəzən heyfsilənmə, şair gileyi var.

İndi isə Kamandar Eyvazlının birnəfəsə oxuduğum "Borçalı gözəlləmələri" adlı yeni kitabından bir neçə nümunələr çəkəcəm. Siz də görəcəksiz ki, yuxarıda yazdıqlarım əsaslıdır və o, həqiqətən də sevgi və həsrət şairidir.

Onun şeirlərində həsrət ona görə gözəldir ki, o, özü həsrəti seçməyib, həsrət onu seçib. O, özü sevməyi seçməyib, sevgi onu seçib. Sevgi özü istəyib ki, onu Kamandar Eyvazlı yaşasın, həsrət özü istəyib ki, onu Kamandar Eyvazlı çəksin.

Görün hələ Kamandar Eyvazlı necə gözəl həsrət çəkir:

Düzləri yamyaşıl, meşəsi sərin,
Gəzdikcə bir daha gəzim, deyirsən.
Qızılgül tayıdır bu gözəllərin,
Görəsən, hansını üzüm, deyirsən.

Ətirli yamaclar, sıldırım qaya,
Sayı yox qədrini bilib gedənin,
Daha nə söyləyim, bu sakit dünya,
Uzadır ömrünü gəlib-gedənin.


***

Üç gün Borçalıda gəzib-dolandıq,
Qəlbimiz qızındı, üzümüz güldü,
Ananı, dayını, əmini andıq,
Yolumuz uzandı, izimiz güldü.

Oxşar təbiətdə, oxşar ölçüdə,
Tovuz, Ağstafa, Qazax - üçü də.
Xəngəllə başladıq Kəpənəkçidə,
Əllini vuranda yüzümüz güldü.

***

Seyrə çıxıb axşamüstü gözəllər,
Göy çəməndə dəstə-dəstə gəzərlər,
Bir gəlmisən bu yerlərə əzəllər,
Hüseyn Arif, Borçalıya bir də gəl.

Dağlar sənə qıyardımı bu dağı?
Qar ələndi, külək qırdı budağı,
Orda dinməz şair qəlbi, dodağı,
Hüseyn Arif, Borçalıya bir də gəl.

Yaxşını gəz, namərdə bax, mərdi gör.
Bu torpağın hər qarışı zərdi, gör.
Ürəyimdə dövr eləyən dərdi gör,
Hüseyn Arif, Borçalıya bir də gəl.

***

Bir nazlı bulaqdı o payız günü,
Məni öz yolumdan saxlayan bulaq.
Torpağın dərdini, daşın sözünü,
Danışa-danışa ağlayan bulaq.

***

Dağlardan soruşun, qoy dağlar desin,
Dumanda nələr var, çəndə nələr var.
Yaxın hardan bilər, yaxın olmasa,
Yaxında nələr var, gendə nələr var.

Bu şeirlərin poetikliyi zəif ola bilər, hansısa frazeoloji birləşmələrdən istifadə edilməyə bilər, hətta Kamandar Eyvazlı bu şeirlərdə heca da poza bilər, buna haqqı çatır. Çünki bu şeirlərin sevgi hissi, həsrət hissi hər şeyi həll edir.

Şeir o zaman güclü alınır ki, şair o şeirdə istədiyini etsin, hislərini səmimi şəkildə bildirsin. Kamandar da bu şeirlərdə içini yazıb, həsrətini, sevgisini dilə gətirib.

Kitabda bütün seirlər sevgi və həsrətə kodlaşıb. Dəyişkən düşüncələr yoxdur. Hədəf birdir - sevmək və həsrətini sevə-sevə çəkmək. Su dama-dama daşı dələn kimi Kamandar Eyvazlının şeirləri də söz-söz, misra-misra eyni yerə vurur, zamanın bağrını dəlir. Sevgi-sevgi, həsrət-həsrət böyüyür.

Şeirləri oxuyanda həm də adama elə gəlir ki, Kamandar Eyvazlı iki nəfərdir. Əkiz. Biri Bakıda, biri Borçalıda. Məsələn, Kəpənəkçiyə qar yağanda Kamandar Eyvazlı Bakıda üşüyür.

Sonda Kəpənəkçiyə bol Günəş, şairə isə əbədi sevgi arzulayıram.

# 1603 dəfə oxunub

Oxşar xəbərlər

Ədalət Şükürovun Ayda torpağı var? - Özü cavab verdi

Ədalət Şükürovun Ayda torpağı var? - Özü cavab verdi

13:27 5 oktyabr 2024
Emin Sabitoğlunun mahnılarından ibarət konsert keçiriləcək

Emin Sabitoğlunun mahnılarından ibarət konsert keçiriləcək

12:43 5 oktyabr 2024
Mən türk qadınıyam, amma öz dilimdə oxuya bilməmişəm - Fəriba Vəfi ilə müsahibə

Mən türk qadınıyam, amma öz dilimdə oxuya bilməmişəm - Fəriba Vəfi ilə müsahibə

12:00 5 oktyabr 2024
Nəşriyyatlar Mədəniyyət Nazirliyinə etiraz etdi - Sərgini boykot

Nəşriyyatlar Mədəniyyət Nazirliyinə etiraz etdi - Sərgini boykot

11:07 5 oktyabr 2024
"İrəvan gündəliyi"  kitabının təqdimat mərasimi keçirildi

"İrəvan gündəliyi" kitabının təqdimat mərasimi keçirildi

19:00 4 oktyabr 2024
Türkiyədə Nizami Gəncəviyə həsr edilmiş əsər nəşr olunub

Türkiyədə Nizami Gəncəviyə həsr edilmiş əsər nəşr olunub

18:18 4 oktyabr 2024
# # #