Nə yaxşı görüşdük, nə yaxşı yenə - Ən gözəl Kəlbəcər şeirləri

Nə yaxşı görüşdük, nə yaxşı yenə - Ən gözəl Kəlbəcər şeirləri
26 noyabr 2020
# 17:01

Kulis.az Kəlbəcər həsrəti ilə yazılmış ən gözəl şeirləri təqdim edir.

Ənvər Rza

525-ci Qəzet - Doğma Kəlbəcərin əvəzolunmaz tərənnümçüsü

Nə yaxşı görüşdük nə yaxşı yenə

Kəndin hər nemətdən yenə var payı –
Qayanın kəkotu, dağın qar payı...
Uzanıb yatdığım çəmən çarpayı,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!

Xəyalım buludtək burdan ötəndir,
Soruş: “Saçındaki bu dən nədəndir?”
Yanmayıb qəlbimi yandıran təndir,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!

Hər yan cənnət olar, qəşəng baxsalar,
Bağban can yandırsa, qəşəng bağ salar.
Ay qəşəng həyətlər, qəşəng baxçalar,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!

Bu da yəhərləyib mindiyim boz daş...
Kövrəlmə, ürəyim, tab gətir, tablaş.
Ömrümün ləzzəti a köhnə dam-daş,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!

Vurğundur bu yala, yamaca Ənvər;
Meyl edər yarpıza, umaca Ənvər!
Ay quzu otaran balaca Ənvər,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!

Mehdixan Kəlbəcərli

Mehdixan Kəlbəcərli — Vikipediya

Gözlərim, doyunca bax bu dağlara!

Qeyd: Şair bu şeiri 40 gün Kəlbəcərdə mühasirədə qalıb çıxandan sonra sonuncu zirvədən doğma yerlərə baxaraq qələmə alıb.

Deyəsən ayrılıq zamanı çatdı,
Gözlərim, doyunca bax bu dağlara!
Bahar buludu tək dolmusan niyə,
Süzül bu dağlara, ax bu dağlara,
Gözlərim, doyunca bax bu dağlara!

Əzəməti gözəl, vüqarı gözəl,
Bəzəyi, sığalı, tumarı gözəl.
Zimistanı gözəl, baharı gözəl.
Çatmaz gözəllikdə dağ bu dağlara,
Gözlərim, doyunca bax bu dağlara!

Sonuncu görüşdü, bir dayan görək,
Onsuz da bu dərdə tablaşmaz ürək.
Hara tələsirsən fərarilər tək,
Qanını xına tək yax bu dağlara,
Gözlərim, doyunca bax bu dağlara!

Xilas eyləməyə tapılmadı çəm,
Yamanca qalandı qəm üstünə qəm.
İstəyirəm gedəm, gedə bilmirəm.
Ayrılıb könlümdən tağ bu dağlara,
Gözlərim, doyunca bax bu dağlara!

Bəhmən Vətənoğlu qalır Vətənsiz,
Sücaət bulud tək dolur Vətənsiz.
Mehdixan saralıb-solur Vətənsiz,
Nə yaman çəkdilər dağ bu dağlara,
Gözlərim, doyunca bax bu dağlara!

Bəhmən Vətənoğlu

Bəhmən Vətənoğlu məktubumu oxuyub, belə bir cavab yazmışdı...''

Darıxdım

Axşam da qəribdi, mən də qəribəm,
Nələr ürəyimdən keçdi darıxdım.
Zalım ayrılığın kamil ovçusu,
Ox atdı sinəmi deşdi, darıxdım.

Nə kövrək saatdı, nə kövrək andı,
Nəfəsim təngidi, ürəyim yandı.
Kəpəzdən bir əlçim bulud boylandı,
Xəyal uzaqlara uçdu, darıxdım.

Qoy yazım varağı, qalmasın ağı,
Kim çəkər həsrəti Bəhmənsayağı!
Çox da müqəddəsdir Gəncə torpağı,
Kəlbəcər yadıma düşdü, darıxdım.

Sücaət

Kəlbəcər

Mənim ürəyimdi, mənim canımdı,
Düşmən süngüsünə keçən Kəlbəcər.
İndi ondan-bundan qiymət gözləyir,
Aqili nadandan seçən Kəlbəcər.

Tər-tər qəmli-qəmli axar sızıldar,
Dağlar gözlərini sıxar sızıldar.
Dağılmış evlərə baxar sızıldar,
Əsir düşüb, zəhər içən Kəlbəcər

Sücaət, neyləyək baxt belə baxtdı,
Darıxma, hər şeyi həll edən vaxtdı.
Bir gün gülə-gülə qayıdacaqdı,
Ağlaya-ağlaya köçən Kəlbəcər!

Zahid Muxtar

Zahid MUXTAR

Gəlir

Kəpəzin başına dolanım ellər
Kəpəzdən Kəlbəcər qoxusu gəlir
Bir çadır dəyədə, bir gur yağışda
Adamın nə qəşəng yuxusu gəlir

Zümzümə var – o çağlayan bulaqdı
Belə nəğmə eşitmirəm nə vaxtdı
Ürəyimə bir yanıqlı səs axdı
Elsiz Sarı yerin ağısı gəlir

Zahid Muxtar vüsal saydı bu ömrü
Tamarzıya gözəl paydı bu ömrü
Allah məndən almayaydı bu ömrü
Canıma ayrılıq qorxusu gəlir

Adil Cəmil

Adil Cəmil: "Köçdən qalan durnayam" » Ovqat.com

Dağlara qayıtmışam

Bulud məni yağışına çağırır,
Zirvə məni yoxuşuna çağrır,
Dərə məni ağuşuna çağırır,
Göyəribdir yamac indi, yal indi.

Uşaqlığım nadinc olub, kür olub,
Şıltaqlığım şəlaləylə bir olub.
O gədiklər bu gün mənə pir olub -
Səcdəsində ayaqlarım yalındı.

Duman bildim meşələrə çökəni,
Şimşək bildim göydə qılınc çəkəni.
Hanı külək, yırğalaya cökəni? -
Budağından damcılaya bal indi…

Sabahımda bu günümü gəzənəm,
Dağ hicrinə dağ əzmiylə dözənəm.
Ey Əslini xatırlayan təzənəm,
Dağlar üçün bir «Kərəmi» çal indi…

Elşən Əzim

Qıfıl

Bizimlə bir dəstə açar gəlibdi,
Məhlənin açarı evin açarı.
Kefim qıfıllanıb üzümdə mənim,
Qalıb evimizdə kefin açarı.

İnadım əyilib,vüqarım sınıb,
Oda qalaq-qalaq il altındadı.
Bilirəm qapımız o vaxtdan yanıb,
Qıfıl bir kalafa kül altındadı.

O qıfıl dil açar günün birində,
Sükutun əlində çürüyür,itir.
Onun torpaq olmuş açar yerində-
Hər bahar bir həsrət çiçəyi bitir.

Qapılar görmüşəm o vaxtdan bəri,
Bu dərdin işığı içəri düşmür.
İndi mən neyniyim?Ayrı qapıya-
Bizim qapımızın açarı düşmür.

Hayana üz tutdum qıfıl göyərdi,
Ümid qıfıllıdır, arzu qıfıllı.
Bərəkət qıfıllı, ruzu qıfıllı,
Yaxşı ki, özgələr açar göndərdi,
On ildi "Boz qurd"un ağzı qıfıllı.

Tətiyi qıfıllı silahımızın,
Tətiyi çəkəsi əlim qıfıllı.
Susuram başımı saxlamaq üçün,
Ağzım qıfıllıdı, dilim qıfıllı.

Çaşdımı tərk etdi oba yurdunu,
Dərdi köç üstünə aşırıb gəldik.
Bizdə ürəyə bax, baba yurdunu,
Bir paslı qıfıla tapşırıb gəldik.

Çaylar qayalardan asılı qaldı,
Bulaqlar ağladı, kiridi orda.
Bu boyda həsrətin, bu boyda dərdin,
Açarı burdadı, kilidi orda.

Ələmdar Cabbarlı

Ələmdar Cabbarlı — Vikipediya

Könlüm Kəlbəcərə köçüb yuxuda...

Vətən həsrətiylə, yurd həsrətiylə
Gözümdən tökülən yaşım göynəyir.
O eli, obanı xatırladıqca
Yaddaşım od tutur, huşum göynəyir.

Qalmışam dünyanın dar qəfəsində
Gedib yetişəydim son nəfəsimdə
Bahar həvəsində, yaz həvəsində
İçimdə köç salan qışım göynəyir.

Könlüm Kəlbəcərə köçüb yuxuda
Özünə yurd-yuva seçib yuxuda.
Dağların suyundan içib yuxuda
Səhər dururam ki, dişim göynəyir...

# 6105 dəfə oxunub

Oxşar xəbərlər

Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
İlon Mask tarixə düşdü

İlon Mask tarixə düşdü

12:00 12 dekabr 2024
Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

11:15 12 dekabr 2024
Xalq artisti:  "İnsan mənəvi, əxlaqi dünyasını sənətə qurban verə bilməz"

Xalq artisti: "İnsan mənəvi, əxlaqi dünyasını sənətə qurban verə bilməz"

10:21 12 dekabr 2024
#
#
# # #