Müəlliməni intihara aparan səbəb

Müəlliməni intihara aparan səbəb
18 sentyabr 2020
# 11:36

Yeni günə gənc müəllimənin intihar xəbəri ilə başladıq. Hadisə sentyabrın 16-da paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

1993-cü il təvəllüdlü Naidə İsayeva çoxmərtəbəli binadan özünü ataraq intihar edib.

İntiharın dəqiq səbəbi bilinmir, amma gənc qızın sevgilisinin onun intim fotolarını paylaşmaqla şantaj etdiyi ehtimalı irəli sürülüb. Sadə bir ehtimal olsa belə, dəhşətli səbəbdir.

Bu səbəbdən intihar yolunu seçən qızlar az olmadı bu məmləkətdə!

Ortada belə bir ehtimal varsa, çox güman, bu cinayətin altından yenə bir kişi barmağı çıxacaq. Bu, o qızın sevgilisi də ola bilər, atası da, qardaşı da.

Bu gün cəmiyyət olaraq çəkdiyimiz bütün əziyyətlərin memarı əslində özümüzük. Əsas problemlərdən biri xoşbəxt uşaqlar yetişdirə bilməməkdir. Hamı övladını yaxşı yetişdirməyin yolunu bildiyini zənn edir. Amma valideyn olmaq riyazi düstur deyil.

Problemlərə uyğun həll yolları tapmaq üçün hamımız dünyaya gətirdiyimiz uşaqları tanımaq məcburiyyətindəyik. Amma Azərbaycan cəmiyyətində neçə ailədə valideynlər övladlarını tanıyır, yaxud da tanımağa çalışır.

Bir dəfə mərhum ailə psixoloqlarının biri ilə söhbət zamanı çox əhəmiyyətli mövzuya toxundu. Dedi, Azərbaycanda bütün ailələr övladlarına gələcəkdə yaxşı maşın, yaxşı təhsil, yaxşı ev ala bilmək üçün çalışır, hamı istəyir oğlu yaxşı ailədən evlənsin, qızı yaxşı yerə gəlin köçsün, lakin heç kim övladının nə istədiyini öyrənməyə, onu tanımağa cəhd etmir, ona görə, bu gün toplumda yüzlərlə, minlərlə travmalı gənc var.

Valideynlər ömür boyu övladları ilə arasında lazım olmayan pərdələr çəkirlər. Bu pərdələrin arxasında böyüyən uşaqlar gələcəyin potensial bombasına çevrilir. Bu bir reallıqdır ki, Azərbaycan ailələrində övlad valideyn münasibətləri ideal vəziyyətdə deyil.

Uşaqların hər qərarına müdaxilə edən, hər hərəkətini izləyən ailələr uşaqların narahat, özgüvənsiz və qorxaq olmasına şərait yaradır. Uşaqlarımızın ürəkaçan gələcəyini gözləyiriksə, əvvəlcə bu xüsusiyyətimizdən əl çəkməliyik.

Övladımıza onu hər yanlışı, günahı ilə qəbul etdiyimizi, arxasında dayandığımızı hiss etdirməliyik.

Bu gün bu gənc qızın intiharının təməlində yatan həm də qorxudur. Çox güman ki, onu etdiyi səhvə görə bağışlayan bir ailəsinin olmadığını gördüyü üçün son çarəni ölümün qollarında tapıb.

Qızların yetkinlik yaşında onlarla açıq söhbət etmək zəhmətinə qatlaşmaq istəmir analar. Adətən, qızlarını bütün təhlükəli şeylərdən “qorumaq” üçün məsələni “atan bilsə başını kəsər” cümləsi ilə həll edirlər. Onun nəticəsidir ki, bu gün qızlar etdikləri səhvi anaları ilə bölüşməyə ürək etmir və nəticədə bu cür faciələr baş verir.

Uzağa getməyək, biz o toplumuq ki, qızı ər evinə “Getdiyin yerdən ancaq meyitin çıxsın” deyib yola salırıq.

Çox zaman elə belə də olur!

Halbuki, uşaqlar bu vəhşi dünyaya addım atmazdan əvvəl ata-analarını sığınacaq bir liman kimi görməlidir. Biz bu limanı övladlarımıza vəd edə bilirikmi?

Oğlan övladlarının yetişdirərkən etdiyimiz səhvlər də az deyil. Oğlan uşaqlarındakı hərəkət pozuqluqlarının qarşısının alınmasında anaları ilə olan münasibət çox əhəmiyyətlidir. Bu, onların gələcəkdə yaşayacağı sevgi münasibətlərində çox təsirlidir. Biz analar oğlan uşaqlarını gələcək üçün əsl insan kimi böyütməkdə sinifdə qalırıq.

Onlara qadınlara qarşı hörməti, sevgini aşılamırıq. Bir qadına qadın olduğu üçün deyil, insan olduğu üçün doğru davranmağı öyrədə bilərik.

Analar, atalar öz qızlarının başqa kişilər tərəfindən əzilməsini istəmirlərsə, o zaman özləri də başqalarının qızlarını əzməyən, öldürməyən oğlan uşaqları yetişdirməlidir.

Ailədən başlayan həyata hazırlıq prosesi orta məktəblərdə davam etdirilməlidir. Təəssüf ki, məktəblərdə bu tale yüklü nüans arzu olunan səviyyədə deyil.

Görəsən, Naidənin dərs dediyi uşaqlardan hansınınsa gələcəkdə Naidənin taleyini yaşamaması üçün daha nələr etməliyik?

# 4645 dəfə oxunub

Oxşar xəbərlər

Eyfel qülləsinin orijinal spiral pilləkəninin bir hissəsi hərraca çıxarılacaq

Eyfel qülləsinin orijinal spiral pilləkəninin bir hissəsi hərraca çıxarılacaq

12:30 11 aprel 2026
“Zamanın qanadlarında. Vüqar Əli”  - Milli İncəsənət Muzeyində

“Zamanın qanadlarında. Vüqar Əli” - Milli İncəsənət Muzeyində

12:15 11 aprel 2026
Macar ədəbiyyatının kədərli dahisi - Attila Jozef haqqında maraqlı faktlar

Macar ədəbiyyatının kədərli dahisi - Attila Jozef haqqında maraqlı faktlar

10:30 11 aprel 2026
Pelevinin yeni kitabı yaxın günlərdə satışda:  Mövzu Cefri Epşteynin adasıdır...

Pelevinin yeni kitabı yaxın günlərdə satışda: Mövzu Cefri Epşteynin adasıdır...

18:08 10 aprel 2026
Südabə Sərvinin yeni kitabı çap olundu

Südabə Sərvinin yeni kitabı çap olundu

17:33 10 aprel 2026
İlham Əzizin romanı təqdim olunacaq

İlham Əzizin romanı təqdim olunacaq

17:30 10 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər