Müəllimi qucaqlayıb üzündən öpdüm - Bircənin romanı

Müəllimi qucaqlayıb üzündən öpdüm - Bircənin romanı
28 avqust 2020
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Əlim daş altda qalmışdı, tikanlı xəndəyə düşmüşdüm – Cavid hər gün evə gələndə məndən elçiliyə getməyi tələb eləyirdi.

Canımda şiddətli ağrılar, otaqlarımız it günündə, üstəlik, oğlum sonuncu kursda oxusa da qarşıda hələ əsgərliyi vardı. Bunca qayğının içindəykən elçi-elçi oynayası halda deyildim.

Evimiz soyuq savaş meydanına döndüyü günlərdə Cavidin lisey öyrətməni Faiq müəllim bizi bacısının toyuna çağırdı. Dəvəti sevincək qəbul eləyib özümüzə toy libası aldıq. Toya bircə gün qalmış Nefertiti yenə sevincimizə sarımsaq caladı – Cavid qarşımda dingəlib üzümə şinədi:

- Ana, mən toya getməyəcəm.

- Niyə, aradan nə keçdi? Özünə təzə kostyum da almışdın axı.

Taylan qıvırcıq başını hamamdan uzadıb dedi:

- Gəlin xanım icazə vermir, bu sapıq da qorxusundan səsini çıxara bilmir.

- Hə, görəcək günlərimiz varımış. Bəs əziz müəlliminin üzünə necə çıxacaqsan?

- Deyərsən ki, Cavid rayondadı.

- Neylək, özüm tək gedərəm toya, səbəbini soruşana da açıb düzünü deyərəm.

Doğrusu, eşitdiyimə inanmırdım, düşünürdüm toy günü Cavid kirimişcə yanıma düşüb məclisdən qalmayacaq. Ancaq oğlum dediyinin üstündə durdu, toya tək gedəsi oldum. Bacım qızları saçıma, üz-gözümə bir balaca bəzək vurdular, ayağıma bir cüt hündürdaban ayaqqabı keçirib qolumdan kiçik bir çanta asdılar:

- Xala, sən Allah paçanı gen qoyma, bir az yaxşı yeri, qoy paltarının gözəlliyi hiss olunsun.

- Ay it qızları, düz-əməlli yeriyə bildim, yerimədim?

Taylan taksini düz pilləkənin ayağına sürdürdü. Evdən çıxanda qızlar yenə bərk-bərk tapşırdılar:

- Xala, evə qayıtmağa tələsmə, rahat otur, oyna, şənlən, toy sovulanda gələrsən.

***

Faiq müəllimlə xanımı məni çox mehriban qarşıladılar, Cavidin gəlmədiyinə pərişan oldular. Yanımı yerə qoymuş-qoymamış Həmidin zəng, mesaj selinin qabağı açıldı. Cavid xaricdə olanda Faiq müəllim məni tez-tez arayıb ondan xəbər tuturdu. Doneş onunla danışığıma dönə-dönə şahid olmuşdu, hətta onu da mənə oynaş tutmuşdu. İndi onların toyunda olduğumu bilsəydi gül ağzını yenə açıb qanımı qaraldacaqdı. Qızlarla əlaqə saxlayıb telefonu söndürəcəyimi dedim ki, məni axtarsalar narahat olmasınlar.
Telefonumu söndürəndən sonra düşdüm toyun havasına. Faiq müəllim, nənəm demiş, yeddilər üstə tapılmışdı, yeddi bacının bir qardaşıydı. Bacılar başıma toplaşıb oğlumdan ağız dolusu danışdıqca, uğurlarına əzizləri kimi sevindikcə xəcalətdən başımı gizləməyə yer gəzirdim; demə Faiq müəllim məni, ailəmizi, oğlumu öz doğmalarına qiyabi də olsa yaxşıca tanıdıbmış. Nənə-baba, xalalar, dayılar oğlumu xəbər aldıqca ürəyimdə Cavidi qınayır, Nefertitini lənətləyirdim, az qalırdım soruşanlara deyəm ki, mənim oğlum sizin bunca sevginizə layiq deyil.

Qohumların mehribanlığı məni toya bir az da isinişdirdi, bacılara qoşulub oynamağa başladım. Bilmirəm aradan nə keçdi, birdən salonun qapısı ağzında Doneşin başı göründü. Elə bildim məni qara basır, üstümə havar gəlir. Gözümü qapıdan qoparıb qaynaşan, hay-küyündən qulaq tutulan toy adamının tünlüyündə azdırdım. Su içdim, özümü inandırdım ki, gördüyüm qarabasmadı.

Bir xeyli keçmiş Faiq müəllimlə, Cavidin liseydən tanıdığım dostlarıyla oynayanda Doneşin lap yaxından gözlərini mənə zillədiyini gördüm. Qollarım çırpı kimi yanıma düşdü, ilanmotalıyla göz-gözə gəldim. Üşündüm, elə bildim danışsam yenə kəkələyəcəm. Keçib yerimdə oturub yenə su içdim. Həmid aralıdan işarəylə məni qandırmaq istəyirdi ki, telefonumu açım. Özümü kürsüyə çaxıb əsməcəmin keçməyini gözləyirdim. Mən telefonumu açmadıqca Doneşin pərtdək gözləri bir az da dombalırdı.

O, Faiq müəllimi yanlayanda telefonu yandırdım, cihaz işlək hala gələn kimi onun zənginə cavab verdim.

- Həəə, indi gördün ki, mən Leninəm! Bayaqdan sevgilinlə qol-boyun oynayırsan, təmiz adamsansa telefonunu niyə söndürürdün?

Qıraqdan baxanların diqqətini çəkməmək üçün üzümə xoş ifadə verməyə çalışıb əlimi ələk kimi ağzıma tutdum, dişimin dibindən çıxanı onun illərdən bəri bəlkə də bir xoş kəlmə eşitməmiş, çoxdan zibil qabına dönmüş qulağına doldurdum:

- Ay sülək, ay sülöysün, nə sülənirsən buralarda, kim çağırıb səni bura, ay əski parçası?! Mən toya gəlmişəm, axıra qədər də oturacam, - dedim, telefonu yenidən söndürüb çantama atdım, yerimi üzü divara qoyulan oturacaqların birinə dəyişdim, yenidən qarışdım toy adamına.

Toyun sonuna yaxın Faiq müəllim mənə yanaşıb qulağıma pıçıldadı:

- Bircə xanım, sürücünüz qapıda dayanıb, deyir evdə xəstəm var, gedirsə gəlsin aparım, bundan artıq gözləyə bilmirəm.

- Faiq müəllim, ona çatdırın ki, toy xoşuma gəlir, - dedim, - məni gözləməsin, getsin.

Az sonra onun getdiyini güman eləyib ayağa qalxdım, toy yiyələriylə sağollaşdım, nəmərimi qutuya salıb pilləkəni düşdüm. Faiq müəllim etirazıma baxmayıb məni tək buraxmadı, yola salmaq üçün aşağı düşdü. Şadlıq evinin qapısındakı taksilərə yaxınlaşanda Doneş cəhənnəmdən ezam olunmuş cin kimi yerin deşiyindən pırtlayıb qarşımızda peyda oldu:

- Bircə xanım, burdayam, - deyib çağırdı, - bayaqdan sizi gözləyirəm, gəlin.

Hündürdaban ayaqqabıların üstündən yıxılmamaq üçün əl atıb Faiq müəllimin qolundan bərk-bərk yapışdım. İstədim ona qoşulub yenidən məclisə qayıdam, ancaq bu qəfil dönüşə iki daşın arasında ağlabatan izah tapmadım. Müəllimi qucaqlayıb üzündən öpdüm, bacısına bir daha xeyir-dua verib Həmidin maşınına oturdum. Adam valideynlərimi, qardaşlarımı, qohum-əqrəbamı tanıyırdı, oğluma böyük sevgisi vardı – mən belə əziz gündə onun qanını qaraldıb içinə düşdüyüm poxsağı ona necə göstərəydim?

***

Yola düzələn kimi Doneşin qurbağa belinə bənzər ağzı açıldı:

- Mənim acığıma asıldın oynaşının boynundan?

- Kül sənin namussuz başına, adam əlimdə böyütdüyüm kiçik qardaşımdan da altı yaş cavandı, az qala oğlum yerindədi.

- Nolsun, sən ki ölürsən cavanlardan ötrü.

Axşam-axşam yenə ayağımdan sallaşıb məni çəkib saldı şər səltənətinə, qatdı cəhənnəmdəki balaca hücrəsinə – lənətlənib cənnətdən qovulmuş bu məxluqun cəhənnəmdəki yeri, mərtəbəsi də çox balacaydı.

Nə dedisə üstünə beşini də qoyub qaytardım özünə:

- Saxla maşını, ay cındır, sənə kim dedi mənim yerimi? Elə bu dəqiqə polisə gedəcəm, bildiklərimin hamısını danışıb səni küçük kimi dama basdıracam.

Bunu deyəndə ağlıma Şəkəri gətirib xəyalımda ona güvənirdim. Düşünürdüm polisdə özünü ərklə aparan o qadına şikayət eləsəm bu alçağı asanlıqla tora salıb qazamata qoydurar, ya da ən azı gözünü qırıb bunu məndən genidər.

- Sən gedərsən, gedərsən, - dedi, - yaxşı iş deyil ki, əlindən gəlməyə. Mən də sənin yaxınlarından, məni təhqir eləyən qardaşından yazaram polisə. Hamınız bu dövlətin çörəyini yeyirsiz, üstəlik də onu bəyənmirsiz, hökumətin əleyhinə yazan qəzeti oxuyursuz, qardaşın Səməndər müxalifətlə oturub-durur.

- Kül sənin savadsız başına! Ay qoyun, bəyəm doğru danışan hər kəs müxalifət olur? Get kimə istəyirsən şikayət elə. Sən bu dünyaya gözüyumulu gəlmisən, gözüyumulu da gedəcəksən. Heç ömründə bir kitab, ya bir qəzet oxumusan, ay şəhərdə bəslənmiş bordaq çoşkası?

- Mərifətli danış, çuşka özünsən.

- Sən heç çoşkayla çuşkanın fərqini də bilmirsən, ay kürəyinin arxasından bixəbər.

- Sən işindəki oynaşınla əlbir olub mənim satdığım torpağa lağ eləyirsən.

- Satdığın yox, bir ev qiymətinə sırıdığın. Görüm o pulu sağ canla yeməyəsən, kəfəninə qismət olsun!

- Ay kəndçi, sizi şəhərdə torpaq sahibi eləmişəm, ömürlük mülk yiyəsi olmusan.

- Ay peysər, mənim atam bu şəhərdə əlli il bundan qabaq ev alıb, onda sənin acından kəndini-kəsəyini atıb götüyamaqlı şalvarda şəhərə qaçan dədən bəlkə də kirələrdə nəm çəkirdi. Apar o mülkü sox dədənin qəbrinə. Sənə son dəfə deyirəm, əl çək bizdən! Get namusunu həftədə üç dəfə islağa qoyub suya çəkən arvadını güd!

- Mənim arvadım özünə baxır deyə, evinə heç kimi buraxmır deyə onun paxıllığını çəkirsən, hə?
Blokun ağzında maşından düşüb qapını var gücümlə necə çırpdımsa səsdən özüm də səksəndim. Doneşin donqultusuna məhəl qoymayıb yuxarı ilmandım, qapımızın ağzında Gülü xalayla burun-buruna gəldim. Sevimli, göyçək qadını basmarlayıb öpdüm, ona ağzını açmağa macal vermədən evə təpildim.

***

Bundan sonra elə hadisələr baş verdi ki, Həmidin məndən həqiqətən donos yazdığına inanmaq istədim. Demişdim axı, bir səyyar satıcı hər səhər işimə qəzet gətirirdi. Ofisin təhlükəsizlik xidmətinin rəisi minlərlə vətəndaşın oxuduğu, leqal şəkildə dərc olunub yayılan müxalif qəzeti əlimdə görəndən mənlə ləc düşmüşdü – mən olmayanda satıcını incidirdi, onu ofisə buraxmırdı, iş yoldaşlarımın dediyinə görə, hətta fağır, zəhmətkeş kişini hamının yanında təhqir eləyirdi.

Bir səhər yenə işə başlamağa hazırlaşdığım vaxt süpürgəçi qaça-qaça gəldi ki:

- Ay Bircə xanım, Vaqif müəllim qəzetsatanla əlbəyaxa olub.

Otaqdan güllə kimi çıxıb pilləkənin başında süpürləşən iki kişinin arasına girdim, Vaqif müəllimi necə itələdimsə kişi yanbızları üstə yerə çaxıldı. Qəzeti satıcıdan alıb dedim:

- Qaç get, bir də buralara gəlmə.

Uşaq kimi qızışqan təhlükəsizlik rəisi qalxıb yanını çırpa-çırpa cumdu rəisin otağına. Saat doqquz tamam olar-olmaz direktor məni yanına çağırdı. Vaqif müəllim biləyini sarıyıb onunla yanaşı oturmuşdu.

- Ay Bircə xanım, nolub, nə məsələdi, - direktor soruşdu, - Vaqif müəllimi niyə vurmusuz, niyə iş ahəngimizi pozursuz?
Divarda bir cin peyda olub quyruğunu bulaya-bulaya, dilini oynada-oynada hoqqa çıxarmağa başladı. Özümü nə qədər bərk tutdumsa olmadı, gülməyimi saxlayammadım:

- Vaqif müəllim mənim qonağımı döymək istəyirdi, - dedim, - mən də onu yavaşca itələdim. Dövlətin icazəsiylə çap olunan qəzeti oxuduğuma görə bu kişi məndən vətən xaini düzəldib. Məndən alıb özü də oxuyur, sonra müştərilər baxa-baxa qəzeti atır zibil qabına.

Təhlükəsizlik rəisi qolunu qundaqlı çağa kimi sinəsinə qaldırıb dedi:

- Sənin qardaşların bilirmi o qəzeti oxuduğunu? Zülümlə qurduğumuz bu dövləti qoymayacam bir dəstə alçaq dağıtsın.

- Qardaşlarım özləri də oxuyurlar o qəzeti.

- Qardaşının xətrinə susuram, yoxsa köhnə keqebeşnikə kim əl qaldıra bilər?

Direktor kişini sakitləşdirib otaqdan çıxardı. Vaqif müəllim qapıya sarı gedə-gedə dedi:

- Nə qədər mən burdayam o qəzet ofisə girməyəcək.

- Mən bu ofisdə olduqca girəcək, - dedim.

Direktor başladı məni dilə tutmağa:

- Ay Bircə xanım, siz Allah buna ilişməyin. Onun çeynədiyi saqqız çürüyür. Bir də gördünüz hardansa yol tapıb Aqil müəllimə zəng vurdu. Hər gün özümə qəzet alanda birini də sizə alaram, öz otağınızda oxuyun, ona göstərməyin.

Direktora söz verdim. Ondan sonra Vaqif müəllim uzun müddət qələbəsinin təntənəsini unudulmağa qoymadı, ağzı sulana-sulana hamının yanında sinə döyüb öyündü:

- Gördünüz qəzetsatanın ayağını necə kəsdim burdan!

***

Çox keçmədi üstündə dava saldığım qəzetin adlı-sanlı əməkdaşı köhnə keqebeşnikə rəhmət oxutdu. Bunu Sabirə deməmişdim – bir yerdə işlədiyi tanınmış qəzetçiyə xırda köməyim dəymişdi. Onu sadiq oxucusu, işlədiyi qəzetin təəssübkeşi kimi xoş üzlə qarşılayıb xoş üzlə yola salmışdım, ona qələminə layiq isti sözlər demişdim, telefon nömrəmi vermişdim.

Günün birində məşhur köşə yazarı məni görüşə dəvət elədi. Ona da, işlədiyi orqana da o qədər inanıb güvənirdim ki, nəyə deyirsən and içim, əvvəl-əvvəl bu dəvəti elədiklərimin, söylədiklərimin qarşılığında bir hörmət jesti sandım. İşin məğzindən duyuq düşəndə isə Sabirə zəng vurub jurnalist yoldaşının bulunduğu təklifdən onu xəbərdar elədim. Sakit, sosur, ağır oturan dostum cin atına mindi:

- Bayaqdan sənin zəngini gözləyirdim.

- Niyə?

- Adam sənlə mənim yanımdan danışırdı.

- Nədən bildin mənlə danışdığını?

- Yəqin altıncı hissim güclüdü. Pıçıltıyla danışmağından bilirdim ki, səni dilə tutur.

- Düz deyirsən, dostun məni görüşə çağırır.

- Hardan tanıyır səni?

- İki dəfə iş yerimizə gəlib, onda görmüşəm.

- Bunu bildim, bəs sonra?

- Sonrası yoxdu, siftəsi də, sonrası da elə bu dediklərimdi.

- Xeyli danışdı axı, indi nə istəyirdi?

- Deyirdi tanıdığım bir rus qarısı var, görüşək gedək onun evində çay içək.

- Sən nə dedin?

- Dedim qoy Sabirdən icazə alım, sonra.

- Belə də dedin?

- Vallah elə belə də dedim. Səni tanıdığımı biləndə şoka düşdü, yalvardı ki, bu söhbəti sənə açmayım.

- Biz bir otaqda otururuq, sənlə danışdığını təxmin eləmişdim.

- Onun bəzi yazılarını əzbər bilirdim, üstəlik atama da oxuyurdum.

- İndən belə bir az da yaxşı əzbərləyərsən.

- Soruşdum ki, o çayı aşkar yerdə içsək olmaz? Nə desə yaxşıdı – dedi məni tanıyan çoxdu, xarizmam zədələnər.

- Bir ləçəri öyrədib bunun yaxasını verəsən ələ, baxıb görəsən xarizmasını dürtməyə yer tapırmı.

- Dedim qorxmursan mənə belə alçaq təklif eləyirsən, rüsvay olmaqdan, tora düşməkdən, biryolluq silinməkdən qorxmursan?

Amma əvvəl özümü üzüyola göstərdim, imkan verdim ki, bütün xislətini ortaya qoysun. Sonda bir söz də dedim ki, onu sənə söyləməyə üzüm gəlməz.

- Nolar daldalama, de gəlsin.

- Yox, üz vurma, deyə bilməyəcəm. Ondan sonra şillə dəymiş kimi ayıldı, baxdım ki, çox peşman oldu.

- Vəssalam, bir də səni dəng eləməyəcək. Sənin səmimiyyətin başına hələ çox bəlalar açacaq.

Dostum, bax beləcə, bilmirəm neçənci dəfə adamlar mənim ülvi duyğularımın gözünə kül atdılar, xəyallarımın qanadlarını yoldular, məni Vaqif kimilərin qabağında arxasız, cəsarətsiz, haqsız günə qoydular.

ardı var

# 9851 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
#
#
# # #