Mənə reketlik təklif edən Hacı – Gənc şair yazır

Mənə reketlik təklif edən Hacı – Gənc şair yazır
7 may 2020
# 14:23

Moykada işləyirdim. Elə olurdu, günü 3 manat, elə olurdu, 5 manata, elə olurdu, heç qazancım olmurdu. İş yoldaşım yazı-pozu işlərimi bilirdi. Şeirlərimi oxutmuşdu mənə. Feysbuka girib statuslarımı oxuyurdu. Kimi gördüsə, başlayırdı məni tanış etməyə, tərifləməyə. Sən demə, bizə maşınını yudurdan bir Hacı da məndən xəbərdar imiş. Bir gün məni çağırdılar ki, bəs, bir adam var, Hacıdı, yazı-pozu adamıdı, gəl, səninlə söhbətləşmək istəyir. Salam-əleyk, kef-hal, xoş-on beş, gəldik mətləbə. Kişi məni çəkdi qırağa, səsini aşağı saldı, dedi, danışığından bilinir ki, sən buranın adamı deyilsən, bu uşaqların heç bir savadı yoxdu deyə moykada işləyirlər. Sabah gələcəm, aparacam səni bizim ofisə. Danışaq, başla yanımda işləməyə.

Sevincimdən gecəni yatmadım. Mənim arzum idi mətbuat sferasında var olmaq. Səhər əynimi-başımı düzəldib çıxdım evdən. Axşam zəng vurub demişdi ki, ünvanı deyəcəm, gələrsən, işim çıxdı deyə səni özüm apara bilməyəcəm. Çatdım, binaya girdim, otağı tapdım, içəri girdim. Məni bir başıbağlı qız qarşıladı. Sonra Hacının otağına apardı.

Vəsiqəm də üstümdədi. Demişdi ki, gətirərsən, lazım olacaq. İki qız çağırdı otağa. Məni tanış elədi, qızlara dedi ki, bu oğlanın işçisi olacaqsız. O nə desə, edəcəksiz. Hacı danışdıqca, mən qürrələnirdim, yerə-göyə sığmırdım. Qızlardan biri quru, o birisininsə ağzı heç cür bağlanmırdı. Qaşı-gözü oynayırdı. Hacı dedi ki, bax bu qızla biraz işin çətin olacaq, oddu, alovdu. Birazdan qızlar getdilər. Hacıyla ordan-burdan danışa-danışa sözün Mustafasına gəlib çatdıq. Mən Mustafanı ağıllı-başlı, halal adam bilirdim. Sonra gördüm ki, heç ofisdə kompüter belə yoxmuş. Bir Hacının kompüteri varmış, bir də katibəsi olan hicablı qızın. Mənə də təəccüblü gəlmişdi ki, əgər yazı-pozu işiylə məşğul olacamsa, niyə kompüter yoxdu?!

Sən demə, mənim işimin adı yazı-pozu deyilmiş. Öz telefonumla zəng vuracaqmışam verilən siyahıdakı adamlara. Deyəcəkmişəm ki, filan jurnaldanam. Sizin haqqınızda yazı gedəcək bizdə. Əslində isə nə yaxşısına, nə pisinə yazı-filan getməyəcəkmiş. Vəssalam! Özü başa düşüb çağıracaqmış yanına. Gedəcəkmişəm, paketi alıb qayıdacaqmışam. Sonra o paketdəki pulu yarı-yarıya Hacıyla böləcəkmişəm. Cavan adamammış, gün-güzəran ağlamaq lazım imiş, paket aldığımız adamlar da qazandıqlarını onsuz da müftə yolla əldə edirmiş. Bizə versələr, nə olacaqmış ki?!

Məsələ aydın olana kimi 5 saatı haqlamışdıq. Hacı başından keçən hadisələrdən danışmışdı mənə. Bu onun ikinci işi imiş. Bu işi olmasa, əslində halal və kifayət qədər də qazanclı bir işdə işləyirdi. Hacıya bir söz demədim. Dedim, sabah əlaqə saxlayıb gələrəm yanına. Evə gəldim. Anamın gözlərində həyəcan var idi. Şad xəbər gözləyirdi. Alışdıra-alışdıra dedim ki, Hacı kələk çıxdı. Adam mənə reketlik təklif elədi, reketlik. Mən e, Akifin oğlu reketlik edəcəkmişəm. Kişi də gorunda bir sağa dönəcəkmiş, bir sola.

Sabah oldu, Hacı nə qədər zəng vursa da, telefonu açmadım. Heç moykaya da getməmişdim. İki gündən iş yoldaşıma dedi ki, Hacı səni axtarır. Zənglərini açmırsan. Dedim, ona deyərsən ki, getsin, özünə başqa alət tapsın. Adam gör nə qədər əclafdı ki, reketlik təklif etməyi bir yana, hər şeyi düşünüb, düz-qoş edib. Zəng edən mən, hədələyən mən, pulu alan mən, pulun yarısına sahib çıxan bu. Sabahsı da işə düşəndə, aradan çıxan Hacı olmayacaq? Nəticədə işi görən mənəm axı.

Ondan sonra Hacını harda, nə vaxt gördümsə, ya salamını almadım, ya da uzaq qaçdım. Şükür, ondan sonra bir müddət başqa saytda işlədim, indi də qəzetdə işləyirəm. O insanın qarşısına çıxan həyatını dəyişə biləcək tək-tük şanslar deyirsiniz ha, o qədər olub ki...

Eminquey Akif

# 13833 dəfə oxunub

Oxşar xəbərlər

Zəfər Günü münasibətilə  Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

16:49 31 oktyabr 2026
Raye “Mercury Prize”  qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

Raye “Mercury Prize” qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

15:30 31 oktyabr 2026
MaklmorUN Fələstinə dəstək  konsertində 13 min nəfər iştirak etdi

MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi

15:00 31 oktyabr 2026
Cey-Z  "Super Bowl"un fasilə şousunda çıxış edəcək

Cey-Z "Super Bowl"un fasilə şousunda çıxış edəcək

14:30 31 oktyabr 2026
Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

14:00 31 oktyabr 2026
Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı –  Ailə daxilində mübahisə yarandı

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı

13:00 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər