Lalə Məmmədova: “Boşanmış qadına həmişə intim obyekt kimi baxırlar” - Müsahibə

Lalə Məmmədova: “Boşanmış qadına həmişə intim obyekt kimi baxırlar” - Müsahibə
11 dekabr 2019
# 09:01

Kulis.az-ın “Ulduzlu çərşənbə”sinin qonağı Əməkdar artist Lalə Məmmədovadır. Layihədə məşhur sənətçilərlə ədəbiyyatdan və öz sənətlərindən danışacağıq.

- Bilirəm, ədəbiyyata, mütaliəyə zaman ayıran sənətçisiniz. Söhbətimizə kitablarla ilk tanışlıq illərinizi xatırlamaqla başlayaq.

- Kitablarla tanışlığım lap kiçik yaşlarımda başlayıb. Yadıma gəlir, birinci sinfə gedəndə bütün hərfləri tanıyırdım. Hətta yuxarı siniflərdə oxuyan bacılarımın kitablarını oxuyurdum. İlk dəfə müstəqil oxuduğum Turgenevin “Mumu” əsəri olmuşdu. Çox təsirlənmişdim. Zamanla mənim kitablara, oxumağa olan həvəsim bir az da artdı. Çünki bacılarım daima kitab oxuyurdular, atamın böyük kitabxanası vardı. İstər-istəməz kitablarla ünsiyyətdə olurdum. Maraqlısı odur ki, mən uşaq olanda öz yaşıma uyğun kitablar oxumurdum. Bəlkə də sizə təəccüblü gələcək, uşaq ədəbiyyatını, nağılları yeddinci sinifdən sonra oxumağa başlamışdım. Balaca olanda oxuduğum kitablara isə yuxarı siniflərdə dəfələrlə qayıdırdım. Xatırlayıram ki, “Uzun corab Peppi”ni 7-8 dəfə oxumuşdum. Oxumaq sonralar məndə vərdişə çevrildi. Ən çox romanlar oxuyurdum. Xarici Dillər Universitetini yeni bitirdiyim illərdə isə əsərləri orijinal dildə oxumağı sevirdim.

- Düşüncələrinizin formalaşmasında hansı yazıçının təsiri olub?

- Fransuaza Saqanın əsərləri mənim həyatımda, düşüncələrimdə dönüş nöqtəsi olub. Məni on-on beş il irəliyə atıb. Bu yazıçı ilə hardasa 20 yaşlarımda tanış oldum. O dövrdə Fransuazanın əsərləri Azərbaycanda çox da yayılmamışdı. 20-21 yaşlarımda oxuduğum bu yazıçının həm də mənə çox böyük köməyi dəyib.

- Fransuaza Saqanda sizi cəlb edən əsas cəhət nə idi?

- Bəlkə də, sırf qadın psixologiyasından yazmağı... Ümumiyyətlə onun əsərlərində məişətdən tutmuş müharibəyə, hətta cinsi azlıqlara qədər çox məsələlərlə bağlı real və dolğun məlumatlar var. İnsan oxuduqca görür ki, şübhə altına aldığın, qadın-kişi münasibətlərini əhatə edən, düşünməyə, danışmağa çəkindiyin mövzulara necə incəliklə toxunur.

20-21 yaşlı qızlar artıq özünü tanımağa başlayır. Bildiyiniz kimi qadınlarda 25 yaşına qədər inkişaf gedir. 25 yaşdan sonra artıq dolğunlaşma prosesi başlayır. İlk dəfə onun üç əsərini oxumuşam. Bu əsərlərdən biri Pol Eluarın şeirinə ithaf etdiyi “Salam, kədər” əsəri olub. Sonra “Bramsı sevirsiniz?” romanını tapıb oxudum. Mənə ən çox təsir edən əsəri isə “Soyuq suda bir az günəş zərrəsi” olub. Bu üç əsər həyata baxışlarımı dəyişib.

- Sevdiyiniz yazıçıları soruşsam, ilk üçlükdə kimlər yer alar?

- Ən çox sevdiyim yazıçılar Cek London, Aqata Kristi və Drayzerdir.

- Bu gün Azərbaycan səhnəsində kitab oxuyan, ədəbiyyatdan az da olsa xəbəri olan müğənnilər çox azdır. Siz fərqlisiniz amma...

- Bu, bəlkə də sizə qəribə görünə bilər, amma mənim üçün qəribə deyil. Çünki mən kitab sevən, daima oxumağın təbliğ olunduğu bir ailədə böyümüşəm. İndiyə qədər sevdiyim və qarşısından keçəndə biganə qala bilmədiyim bir mağaza varsa, o da kitab mağazasıdır. Demək olar, Bakı şəhərində yerləşən bütün kitab dükanlarını tanıyıram və bilirəm ki, harada nə tapmaq olar.

- Belə bir ailədə müğənni olmaq qərarınızın necə qarşılandığını təxmin edə bilirəm.

- Bizim evdə oxumaq birinci tələb və qayda olduğu üçün mənim müğənnilik sənətinə gəlməyim asan olmadı. Hətta deyim ki, bizim ailəmizdə mənim musiqi sahəsindəki yaradıcılığımı, bu sənətdə olmağımı qeyri-ciddi qəbul edirlər. Anam hələ də məni müğənni kimi qəbul etmir. Onun üçün mənim nə oxuduğum maraqlı deyil (gülür).

- Ananız sizi müğənni kimi dinləmir?

- Nə yalan deyim, dinləmir. Onun musiqi zövqü, müğənni seçimi başqadır. Əgər səhnəyə çıxıramsa, anam üçün ilk növbədə maraqlı olan mənim nə geyindiyim və necə davranmağımdır. Bu əvvəldən belə olub. Ona görə, həmişə atamla daha yaxın olmuşam. Çünki atam mənim arzularımı küçümsəmirdi. O, mənə hər zaman dəstək olub. Nə isə bir planımı bölüşəndə məni həmişə ruhlandırıb. Niyə də yox, alınacaq, deyib.

Gallery

- Amma adətən belə münasibət ana-qız arasında olur.

- Mənim anam çox zəhmli bir xanımdır. Əslində, bunun üçün ona çox minnətdaram. O, tərbiyəni bizə verməsəydi, yəqin, bu gün mən və digər bacılarım həyatda daha çox səhvlərə yol verərdik. İndi də səhv edirik, amma onun sayəsində bir çox şeylərdən çəkinmişik.

- Sizcə, kitab insana ən birinci olaraq nə öyrədir?

- Hər insanın bir həyat yolu var. Kitablar sadəcə olaraq bizim həyatımıza işıq saçır, bizi məlumatlandırır. İndiki zamanda məlumat toplamaq bir qədər asanlaşıb. Bizim bu rahatlığımızı internet təmin edir. İstənilən anda bir toxunuşla hər şeydən xəbərdar ola bilirik. Amma mənim oxuduğum dövrlərdə biz məlumatları yalnız televiziya və kitablardan əldə edə bilirdik. Bəlkə də bu gün hər şeydən xəbərdar olmaq daha asanlaşıb deyə gənclərimizin kitaba marağı bir qədər azalıb. Kitabların gözəl aurası var. Məsələn, mən kitabların iyini çox sevirəm. Kitab oxuyanda elə hiss edirəm ki, müəllifin ruhu hopub o kitaba. Qabriel Qarsia Markesin “Yüz ilin tənhalığı” romanını oxuyanda bir daha şahidi oldum ki, dünyanın o biri başında tanımadığımız, görmədiyimiz bir yazıçının ruhunu hiss edib, onun təsiri altına düşmək mümkündür.

- Siz danışdıqca diqqətimi bir şey çəkdi. Ancaq xarici yazıçılardan danışırsınız.

- Əgər ötən əsrdən bu yana nəzər salsaq, oxuduqlarım arasında Mirzə Fətəli Axundzadənin, Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin adlarını çəkə bilərəm. Mən onların ruhu qarşısında baş əyirəm. Çünki bu insanların əsərləri olmasaydı, biz o dövrdə baş verən hadisələri, xalqı uçuruma sürükləyən cahilliyi, insanları işığa doğru aparan aydınların, liderlərin keçdiyi çətin yolları bilməzdik. Ruhunu hələ də hiss elədiyim Mikayıl Müşfiq var. Mikayıl Müşfiqin sözlərinə mahnı oxuduğum zaman mən onun ruhunu hiss edirəm. Bu, çox qəribə bir hissdir. Heç bir şairi mən o cür hiss edə bilmirəm. Onun cəsədi torpağa tapşırılmayıb, ruhu gəzəri və narahatdır. Poeziyada Mikayıl Müşfiq, Ramiz Rövşən mənim üçün başqa bir dünyadır.

Rüstəm Behrudinin şeirlərini sevirəm. Onun poeziyası yaradıcılığımda başqa bir qol yaratdı. “Çiçəyim” mahnısı mənim özümü ifadə etdiyim bir mahnıdır. Çiçəklərə aid o qədər gözəl mahnılar var, amma tənha bir çiçəyin dağın başında bu cür möhtəşəm təsviri, müəllifin “Soyuq olar sənə, geyin kölgəmi əyninə” misrası heyrətamizdir. O sözlərdə mən, əslində, özümü görmüşdüm. Bilirsiniz ki, Lalə dağ çiçəyidir. Onu heç vaxt dərib güldana qoymaq olmur, ləçəkləri tökülür. Məni də sevdiyim işdən ayırmaq olmaz.

- Bəs müasir Azərbaycan ədəbiyyatından nə dərəcədə məlumatlısınız?

- Sənətimlə əlaqəli olaraq daha çox poeziya ilə maraqlanıram. Şəhriyar Del Geraninin, Sevinc Çılğının, Aqşin Yeniseyin şeirlərini çox bəyənirəm. Şəhriyar çox istedadlı gəncdir. Bir dəfə maraqlı bir hadisə baş vermişdi. Mən Şəhriyarın şeirləri ilə Kulis.az vasitəsi ilə tanış olmuşdum. Amma heç bilmirdim ki, bu şair mənim Facebookda dostlarım arasındadır. Paylaşımını gördüm və dərhal özüm ona mesaj yazdım, bildirdim ki, şeirlərini çox bəyənirəm. O da: “Ay Lalə xanım, 15 ildir biz sizin fanatınızıq, nə olar bir-iki gün də siz bizim fanatımız olun” deyə bir zarafat etdi. Son oxuduğum nəsr əsərini isə mənə kitab mağazasında satıcı şiddətlə tövsiyə etdi. Bu, Varis Yolçuyevin sonuncu nəşr olunan romanı idi. İlk dəfə idi tanış olurdum bu yazıçı ilə. Dəhşətli bir əsər deyildi, amma hər halda oxuyub bitirdim.

Gallery

- Hər kəsin masaüstü bir kitabı olur. Lalə Məmmədova hansı kitabı özündən ayırmır?

- Yataq otağımdakı kosmetik vasitələrin yığıldığı üç rəfin ən böyüyündə kitablarımı yerləşdirmişəm. Baş ucumda bir deyil, bir neçə kitab var. Bunlar Nitşe, Freyd, Oşonun əsərləridir. Və təbii ki, Qurani- Kərim.

- Ədəbiyyatda hansı qadın obrazı sizə maraqlı gəlib?

- Mən elmi işimdə Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsərindəki Təhminəni müdafiə etmişdim. Hətta onu Məcnunun sevgisi qədər sevib özünü oda atacaq, əridəcək qədər cəsarətli bir qadın olaraq gördüyümü yazanda bir qədər mənfi reaksiyalarla qarşılaşdım. Bu, onu göstərdi ki, bizim cəmiyyətimizdə hələ də Təhminələrə qarşı qəzəb var. Heç kim düşünmək istəmir ki, Təhminənin uşaqlıqdan bəri travmalı bir həyatı olub. Bütün baş verənlər, elə-belə anidən baş verməmişdi. Qadın istəməyərək bu taleni yaşamışdı. Boşanmış olduğu üçün hansısa professorun oğluna aşiq olub onu təmiz sevgi ilə sevməsini cəmiyyət qəbul edə bilmirdi.

- Siz də ailə həyatı uğursuzluqla nəticələnən bir xanımsınız. Ailələrin uzun müddət davam etməsinə indiki dövrdə nələr mane olur?

- Siz qorxmursunuz bu sualı mənə verməkdən? Biz bu mövzuya toxunsaq gərək, söhbət səhərə qədər uzansın. Bu barədə bir dəfə danışmışdım, bir az kəskin alınmışdı. Çox adam əslində nə demək istədiyimi anlamamışdı. Baxın, evlənmək kimi boşanmaq da təbii bir prosesdir. İldən-ilə insanın duyğuları, həyata baxışı, düşüncələri dəyişir. Bu gün düşündüyüm kimi 10 il sonra düşünə bilmərəm. Başqasına vurula da bilərəm. İnsanın həyatında zaman içərisində hər şey dəyişə bilər. Ona görə də mən Oşonu tez-tez oxuyuram. Bunun kökündə Allahın xəbəri olmayan bizim uydurduğumuz adət-ənənələr dayanır. İnsanlar bir-birini tanımalıdır. Ata-ana övladı üçün “yaxşı qız”, “yaxşı oğlan” axtarmamalıdır. Bu, anlayış zehinlərdən silinməlidir.

Gallery

- Sizcə, bəs niyə belə olur?

- Mənə elə gəlir, bizim xanımlarımızdadır problem. Kişini də, qadını da yetişdirən qadındır. Qadınlarımız gələcəyə kişi yox, uşaq böyüdürlər. Həyat üçün kişi, sabah üçün ata, qadın üçün ər yetişdirmirlər. Atalar isə oğullarının heç vaxt onlardan bir pillə üstün olmasını istəmir. Oğlanlarını cəngavər kimi yetişdirmirlər. Daima özlərindən asılı olmalarını istəyirlər. Ona görə də bu gün bizim cəmiyyətimizdə kişi modeli yoxdur. Biz həyat üçün kişi hazırlamırıq.

- Ümumiyyətlə, cəmiyyətin boşanmış qadına münasibətini təhlil etsək, ortaya hansı mənzərə çıxar?

- Boşanmış qadına münasibət deməzdim ki, 30 il bundan əvvəlki qədər pisdir. Amma bu da danılmazdır ki, boşanmış qadına həmişə bir intim obyekt kimi baxırlar. Bu, insana çox pis təsir edən bir haldır. Əgər bu qadın özgüvəni yüksək olan, özünü oda-közə vurub uğur qazanan bir qadındırsa vəziyyət ikiqat ağırdır. Uğurlu qadının uğurlarını görmədikləri, tanımadıqları, özlərindən uydurduqları hansısa bir kişinin ayağına yazırlar. Bu, sadəcə olaraq dözülməzdir.

- Sizin kimi həssas və azad ruhlu bir qadın üçün bu yaşdan sonra valideynlərlə yaşamaq çətin olmur?

- Zaman-zaman çətinlik yaşayıram. Mənim övladlarıma anam tərbiyə verir. Bir tərəfdən buna çox sevinirəm ki, valideynlərim övladlarımın başının üstündədir. Amma digər tərəfdən anamla razılaşmadığım məqamlar var. Məsələn, bir şey olanda deyir, qızına bunu öyrətməmisən, sabah problem yaşayacaq. Bu sözün ucundan tutub deyirəm, anam, sən də bizə elə demisən, amma mən qızıma bunu deməyəcəyəm. Çünki mən onu ər üçün yox, cəmiyyət, həyat üçün yetişdirirəm. Övladımı da ərə verəndə sənin kimi “get ordan meyitin çıxsın” deməyəcəyəm.

- 90-cı illərin populyar mahnılarından ibarət layihəniz maraqla qarşılanıb. Deyəsən, insanlar ötən əsrin nəğmələrini axtarır.

- Bu gün hamı bir anda populyarlaşan keyfiyyətsiz musiqilərdən şikayətçidir. Amma mən şikayətçi deyiləm. Düşünürəm ki, bu da olmalıdır. Bunu da görməliydik ki, 90-cı illərə qayıdıb o illərdə yaranan mahnılara qiymət verək. Yəqin, bizim xalq pis görməyincə yaxşının qədrini bilmir. İstənilən halda mən heç vaxt nə o cür mahnılar oxuyan sənətçiləri, nə də o mahnıları dinləyən kütləni aşağılaya bilərəm. Tələbat var ki, o cür mahnıların sayı da artır. Zaman ələkdir. Zamanın ələyindən keçən mahnılar çox az olur. Kütləyə aldanmaq olmaz.

# 18985 dəfə oxunub

Oxşar xəbərlər

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
# # #