İsaqlı salınanda babamın 6 yaşı var idi - Cəbrayıllılı yazıçı azad olunan kənddən yazır...

İsaqlı salınanda babamın 6 yaşı var idi - Cəbrayıllılı yazıçı azad olunan kənddən yazır...
5 oktyabr 2020
# 11:28

Kulis.az Günel İmranın "Sülh və Ədalət" adlı yazısını təqdim edir.

Vətənimizin işğalda olan torpaqları azad olunduqca yaşadığımız sevinc bənzərsiz bir hissdir. İnsan ağaca bənzəyir, kökləri ilə torpağına möhkəmcə sarılaraq ucalır.

Cəbrayıl rayonun İsaqlı kəndi salınanda nənəmlə babamın 6-7 yaşları olarmış. Onlar bu yerlərə Azərbaycanın tarixi torpaqları olan Qərbi Azərbaycanın Sisyan rayonun Dəstəgird kəndindən 1930-cu illərin əvvəllərində köçmüşdülər. Nənə-babalarımın uşaqlıq illəri ermənilərin davamlı hücumları, təxribatları ilə keçmişdi. Ermənilər Dəstəgird əhalisinə müxtəlif illərdə qəfildən hücumlar edərək, insanlarını qəddarcasına qətl edib, evlərini talan edirmiş. Ermənilər çox vaxt dinc əhalini gizlicə izləyib səfərdən qayıdanda yolda təkləyib amasızlıqla qətl edirmiş.

Nənəmin atasının bədənində belə bir hadisə nəticəsində ömrünün sonunacan ona ağrı verən nizə yaraları olubmuş. Erməni qəsbkarlığına məruz qalan kənd əhalisi müxtəlif illərdə yurdumuzun Naxçıvan, Qubadlı, Füzuli və başqa bölgələrinə köçmüşdülər. Babalarım İsaqlıya gəldiklərində ərazi bir tərəfdən dağla əhatə olunmuş meşənin ətəyində boş sahə olub. İlk vaxtlar camaat torpaqda qazdıqları kahalarda yaşayaraq, əməkləri ilə özlərinə ev-eşik düzəltmişdilər.

Cəbrayıl rayonun İsaqlı kəndində dünyaya göz açan valideynlərim 15-16 yaşlarında ali təhsil almaq üçün Bakıya köçüblər. Yayda Cəbrayıla, İsaqlı kəndinə nənəmgili yoluxmaq üçün gedərdik. O vaxtlar yaşım çox kiçik olduğundan o günləri elə də xatırlamıram. Daha çox sonuncu dəfə 1991-ci ilin avqust ayındakı səfərimiz yadımda qalıb.
İsaqlı meşənin ətəyində yerləşir. Havasından qızılgül qoxusu gəlirdi. Kəndəki evlərin hamısının həyətində gül-çiçək, qızılgül kolları əkilmişdi. Kəndin hündür hissəsində üzərində xına olan qayalıqlar vardı. 1991-ci ildə getdiyimizdə bir gecə ermənilər İsaqlıya yaxın olan kəndlərdən birini atəşə tutmuşdular. Ora atdıqları silah səsləri İsaqlıda çox gur eşidilirdi. İsaqlı kənd camaatı ermənilərin hücum edə biləcəyi istiqamətləri nəzərə alaraq müdafiə üçün gedirdilər. Babamın ov tüfəngi vardı. Dayımla babam eyni vaxtda bu tüfəngə əlini uzatmışdı. Tüfəngi babam alıb çıxandan sonra dayım həyətdəki çomağı götürüb getmişdi. O gecə ermənilərin aramsız atdığı güllələr heç susmadı. Gecə göy üzündə yalnız atəş işıqları görünürdü. O zülmət qaralıq gecədə aramsız atəşə tutulan qonuşu kəndən çox sayda qadın, körpə, uşaq bələd olmadıqları yollarla, meşəliklərlər dağı-daşı keçərək, yıxılıb-qalxaraq yara-para içində İsaqlıya gəlmişdilər. Mən o gün erməni hücumuna məruz qalmış, tikanlardan, yaralardan ayaqları xəmir kimi şişmiş, ayaqyalın uşaqlar görmüşdüm. Bütün bunlara şahid olduğum həmin gün mən özüm də kiçicik uşaq idim.

“Sülh” və “Ədalət” bir-birinə tən sözlərdi. “Ədalət” olmayan yerdə “Sülh” olmur. Sülh olması üçün öncə ədalət yerini tapmalıdı. Bu illər ərzində dünyasını dəyişən şəhidlərimizin, Xocalı soyqırımında qətl edilən insanlarımızın ruhu ədalət istəyir. İşğal altında olan torpaqlarımız azad olduqda ədalət yerini tapacaq. Bu gün əsgərimiz sülhün bərqərar olması üçün öz torpaqlarımızda işğalçı ilə döyüşür. Əsgərimiz Zəhra kimi körpələrin öz evində düşmən tərəfindən qətl edilməməsi, hələ dünyaya gəlməmiş insanların “Sülh” içində yaşaması üçün mübarizə aparır.

# 3406 dəfə oxunub

Oxşar xəbərlər

Elmi-kütləvi serial “Netflix”də yayımlanacaq

Elmi-kütləvi serial “Netflix”də yayımlanacaq

12:30 12 sentyabr 2026
Hikmət Hacıyev: "İşğal illərində tarixi abidələr “bərpa” adı altında xarici müdaxilələrə məruz qalıb"

Hikmət Hacıyev: "İşğal illərində tarixi abidələr “bərpa” adı altında xarici müdaxilələrə məruz qalıb"

11:53 12 sentyabr 2026
Cem Yılmaz əsa ilə yeriyəcək - Əməliyyatdan sonra

Cem Yılmaz əsa ilə yeriyəcək - Əməliyyatdan sonra

11:30 12 sentyabr 2026
“Məsihin dirilməsi” layihəsində aktyor dəyişikliyi

“Məsihin dirilməsi” layihəsində aktyor dəyişikliyi

11:00 12 sentyabr 2026
Tanınmış aktyor çəkilişlərə başlaya bilmədi – Səbəb

Tanınmış aktyor çəkilişlərə başlaya bilmədi – Səbəb

10:30 12 sentyabr 2026
"Hеyif ki, Mirzə Fətəlinin fikirlərini anlamadılar..." - Nə üçün mürgü döyən qardaşlarımızı gözləməliyik?

"Hеyif ki, Mirzə Fətəlinin fikirlərini anlamadılar..." - Nə üçün mürgü döyən qardaşlarımızı gözləməliyik?

10:00 12 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər